525.Az

Rəqəmli TV-nin analoq yayımdan hansı üstünlükləri var?


 

İNTERAKTİV TV YAYIM SİSTEMİNİN YARADILMASI İLƏ TAMAŞAÇI VERİLƏCƏK TV PROQRAMLARA MÜDAXİLƏ ETMƏK İMKANI QAZANIR

Rəqəmli TV-nin analoq yayımdan hansı üstünlükləri var?<b style="color:red"></b>

Məlum olduğu kimi, noyabrın 1-də Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb. Artıq paytaxt da daxil olmaqla yarımada ərazisində yalnız rəqəmli TV yayımı həyata keçirilir.

Xatırladaq ki, bu ilin sentyabrın 27-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib, rəqəmli yayıma keçidlə bağlı mövcud vəziyyət müzakirə olunub. İclasda Azərbaycan Respublikası Prezidentinin 2016-cı ilin sentyabrın 20-də təsdiq etdiyi Sərəncamla "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı"nın icrası üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə uyğun olaraq noyabrın 1-də Bakı və Abşeron yarımadasında, dekabrın1-də isə respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının dayandırılması barədə qərar qəbul edilib.

Şuradan verilən məlumata görə, Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin (Set-Top-Box) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər  müvafiq qurumlara, eyni zamanda Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.

Rəqəmli TV yayımının bir sıra üstünlükləri var: Veriliş traktında və TV siqnallarının yazılışı zamanı maneə dayanıqlığının yüksək olması; TV vericisinin gücünün azaldılması imkanı; eyni bir tezlik zolağında veriləcək TV proqramlarının sayının kəskin artması; təsvirin və səsin canlandırılma keyfiyyətinin artması; yeni açılış standartı (yüksək aydınlıqlı televiziya)  üzrə TV sisteminin yaradılması; studiya aparatlarının funksional imkanlarının genişləndirilməsi; TV yayım siqnalının tərkibində müxtəlif əlavə məlumatların verilməsi imkanı; interaktiv TV yayım sisteminin yaradılması (bu zaman tamaşaçı veriləcək TV proqramlarına müdaxilə etmək imkanı qazanır); verilişlərin arxivləşdirilməsi və yazılması imkanı; verilişin dilinin və subtitrlərin seçilməsi imkanı rəqəmsal yayımı analoq yayımdan fərqləndirir.

Azərbaycanda rəqəmli TV yayımının tətbiqinə 2004-cü ildən başlanıb. Bu müddət ərzində Bakı şəhəri və Abşeron yarımadası ərazisində "Elettronika" tipli İtalya istehsalı olan TV vericisi ilə sınaq verilişləri həyata keçirilib. Şuranın Texniki şöbəsinin iştirakı ilə sınaq-ölçmə və subyektiv qiymətləndirmə işləri yerinə yetirilib. Bu yayımın parametrləri aşağıdakı cədvəldə verilib (bax: şəkil 1).

2010-cu ildə isə dördrəqəmli TV vericisi istismara verilib. Hazırda işlədilən TV yayım vericilərinin gücü artırılıb və parametrləri müasirləşdirilib (bax: şəkil 2).

Artıq ölkə əhalisinin 99 faizi rəqəmli TV yayımı ilə əhatə olunub. Bu məqsədlə hazırda 103 TV yayımvericisi quraşdırılıb. Daha 45 azgüclü TV vericisi sifariş edilib.

Avropa Birliyi isə rəqəmli TV yayımının tətbiqi prosesinə 2005-ci ildən başlayıb. Bu birliyə daxil olan ölkələr DVB-T sistemindən istifadə etmək üçün razılığa gəlib. Hollandiyada 2006-ci il, İsveç və Almaniyada 2008-ci il, Danimarka və Norveçdə 2009-cu il, Fransada 2011-ci il, Portuqaliya, Böyük Britaniya və digər Avropa Birliyi ölkələrində 2012-ci ildə analoq yayım dayandırılıb.

Şimali Amerika ölkələri - ABŞ, Kanada və Meksikada isə müvafiq olaraq 2009-cu il, 2011-ci il, 2016-cı ildə analoq yayım sistemi ləğv olunub.

Həmçinin, Gürcüstan və Ermənistanda da 2015-ci ildə analoq yayım dayandırılıb.  Digər  MDB və Asiya ölkələrində də köhnə yayım sistemindən istifadəyə son qoyulacaq. Ukraynada ilin sonu, Rusiyada 2017-ci il, Taylanda 2019-cu il, İran və Vyetnamda isə 2020-ci ildə analoq yayımın dayandırılması nəzərdə tutulub.

 





03.11.2016    çap et  çap et