525.Az

"Sahibkarlara və sahibkarlığın inkişafına böyük diqqət ayrılır"


 

"Sahibkarlara və sahibkarlığın inkişafına böyük diqqət ayrılır"<b style="color:red"></b>

"Hazırda ölkəmizdə sahibkarlara və bu sahənin inkişafına böyük diqqət ayrılır. İqtisadiyyat Nazirliyinin Kollegiyası "Xarici ölkələrdə təşkil edilən sərgi və  yarmarkalarda ixracatçıların fərdi qaydada iştirakına dair qərarın qəbul edilməsi Meyarları"nı təsdiq edilməsi də bu addımlardan sayıla bilər".

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib. O deyib ki, ölkədə sahibkarlığın inkişafı ilə bağlı atılan addımlar  Azəraycan prezidentinin fərman və sərəncamlarına uyğun olaraq həyata keçirilir: "İqtisadiyyat Nazirliyinin son qərarı Azərbaycanda qeyri-neft sektorunun inkişaf üçün mühüm sayılan addımlardan biridir. Bundan əlavə, nazirlik tərəfindən sahibkarlar üçün istər ölkəmizdə, istərsə də ölkədən kənarda sərgilər təşkil olunur ki, bu da iş adamları üçün böyük imkanlar açır".

Qeyd edək ki, xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda ixracatçıların fərdi qaydada iştirakına dair İqtisadiyyat Nazirliyi tərəfindən qərarın qəbul edilməsi meyarlarına müraciətdə göstərilən sərgi və ya yarmarkanın İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən siyahıda mövcud olması və sahibkarın istehsal etdiyi məhsulun müvafiq sərgi və ya yarmarkada nümayiş olunacaq məhsulların kateqoriyasına uyğunluğu daxildir. İxracatçı xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirak üçün ərizəni İqtisadiyyat Nazirliyinə təqdim edir. Ərizədə ərizəçi hüquqi şəxs olduqda adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, fəaliyyət növü, ərizəçi fiziki şəxs olduqda adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sahibkarın istehsal etdiyi məhsulun (məhsulların) adı, növü, xarici ölkələrdə təşkil ediləcək sərgi və (və ya) yarmarkanın adı, keçirilmə tarixi, nümayiş olunacaq məhsulların adı, növü, kateqoriyası göstərilməlidir. Ərizəyə İqtisadiyyat Nazirliyi tərəfindən 10 iş günü müddətində baxılır. Sahibkarın müraciəti meyarlara uyğun olduqda ərizədə göstərilən sərgi və ya yarmarkada dövlət dəstəyi çərçivəsində iştiraka dair qərar qəbul edilir. Sahibkarın müraciəti meyarlara uyğun olmadıqda ərizədə göstərilən sərgi və ya yarmarkada dövlət dəstəyi çərçivəsində iştirakdan imtina haqqında qərar qəbul edilir.

 Ölkəmizdə istehsal olunan məhsulların siyahısının təsdiq edildiyini deyən millət vəkili söyləyib ki, məhz həmin siyahıya uyğun olaraq sahibkarlara ixracyönümlü məhsulların istehsal edilməsi tövsiyə olunur: "Bundan əlavə, ölkəmizdə sahibkarlar həm bank, həm də İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Sahibkarlığa kömək Milli Fondu tərəfindən güzəştli kreditlər alırlar. Bütün görülən işlər ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsinə xidmət edir. Bu sahənin inkişafı ona ayrılan vəsaitdən asılıdır. Vəsait olan yerdə bu sahəni inkişaf etdirmək çox rahat olacaq. Ümumilikdə götürsək, ölkəmizdə sahibkarlarla ciddi işlər aparılır, onlarla sıx iş birliyi mövcuddur. Bu istiqamətdə həm hökumət, həm də  dövlət başçısı tərəfindən müsbət addımlar atılmaqdadır. Bu gün Bakıda Rusiya-Azərbaycan regionlararası forumu keçirilirdi. Orada həm ölkəmizdən, həm də Rusiyadan olan iş adamları iştirak edirdi. Bütün bunlar sahibkarlar və sahibkarlığın inkişafında mühüm əhəmiyyət kəsb edir".

Millət vəkili "Rəqabət Məcəlləsi" ilə bağlı da danışıb. Onun sözlərinə görə, qeyd edilən layihə bu ilin payız sessiyasının gündəliyə salınmayıb.  O bildirib ki, qanun layihəsinin payız sessiyasında qəbul olunması gözlənilsə də, hazırda bunu demək mümkün deyil. Millət vəkilinin  fikrincə, məcəllə Azərbaycanda sahibkarlığın inkişafı, inhisarlığın qarşısının alınması üçün mühüm əhəmiyyət kəsb edir: "Bu baxımdan da indiki şəraitdə "Rəqabət Məcəlləsi"nin qəbulu böyük əhəmiyyətə malik olardı. Bu qanuna çox böyük ehtiyac var, Azərbaycanda bərabər rəqabət mühiti yaradılmalıdır. Lakin layihə gündəliyə salınmadığı üçün yəqin ki, qanun bu sessiyada da qəbul olunmayacaq". Qeyd edək ki,  "Rəqabət Məcəlləsi" 2007-ci ildə  ikinci oxunuşda müzakirə edilərək qəbul olunub. Məcəllə 18 fəsil, 82 maddədən ibarətdir.

PƏRVANƏ

 





03.11.2016    çap et  çap et