525.Az

"Loqos" Lənkəranda konfrans keçirdi


 

"Loqos" Lənkəranda konfrans keçirdi<b style="color:red"></b>

Psixoloji sahədə maarifçilik ənənələrini davam etdirən "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi cənub bölgəsindən gələn çoxsaylı istəkləri nəzərə alaraq Lənkəran şəhərində konfrans keçirib.
 
Heydər Əliyev Mərkəzində "Psixoloji sağlamlığımızı qoruyaq" adı altında təşkil olunan tədbiri "Loqos"un rəhbəri Təranə Məmmədova açıb. O, yüksək təşkilatçılıq və qonaqpərvərlik üçün rayon rəhbərliyinə minnətdarlığını bildirib: "Ölkəmizdə  gedən inkişaf hər kəsə yaxşı bəllidir. Bunu sakini olduğunuz Lənkəran şəhərinin timsalında bir daha aydın görmək olar. Bənzərsiz təbiəti, saf və səmimi insanları, eləcə də hərtərəfli inkişafı ilə cənub bölgəsi artıq turistlərin də istirahət məkanına çevrilir. Milli-mənəvi dəyərlərini, tarixini, memarlığını qoruyub saxlayan Lənkəran bu gün müasirliyin zirvəsindədir. Bu Azərbaycanı sevən hər kəsi sevindirir.
 
Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın Azərbaycanda mədəniyyət və təhsilin inkişafına göstərdiyi diqqət və qayğı əsl nümunədir. Biz də psixoloji və nitq inkişaf mərkəzi olaraq üç ildir ki, vətəndaş cəmiyyətinin inkişafına dəstək üçün çalışır, imkanlarımız daxilində insanların psixoloji sağlamlığının qeydinə qalırıq. XXI yüzilliyin psixologiya əsri kimi dəyərləndirilməsi təsadüfi deyil. Bu da bir həqiqətdir ki, inkişaf səviyyəsi yüksəldikcə, yeni texnologiyalar həyatımıza nüfuz etdikcə, psixoloji gərginliklər artır. Siz də təsdiqləyərsiniz ki, hətta ən ucqar kəndlərimizdə belə evləri mobil telofon və kompütersiz təsəvvür etmək mümkün deyil. Sürətli inkişaf, eləcə də 25 ildən çox davam edən ədalətsiz müharibənin fəsadları, dünyada baş verən qlobal dəyişikliklər insan həyatına təsirsiz ötmür. Təbii ki, biz dünyada baş verən prosesləri dayandırmaq gücündə deyilik. Amma bu gün psixoloji və maarifləndirici xidmətimizlə sizlərin yanındayıq. 

Respublika əhalisinin psixoloji sahədə maarifləndirməyə çox böyük ehtiyacı olduğunu bölgələrə səfərlər zamanı bir daha əyani şəkildə gördük. Şəmkir, Tovuz, Qazax, Zərdab, Şəki, Qəbələ rayonlarında yerli əhali ilə görüşlər, treninq və seminarlar, fərdi konsultasiyalar zamanı çox hadisələrin şahidi olduq. Maarifləndirmə "Loqos"un əsas prioritetlərindəndir. Azərbaycan dövlətinin bu sahəyə yönəlik proqram və göstərişlərinə əsaslanaraq bu istiqamətdə müəyyən işlər görürük.  Bu gün də Lənkəranda sizinlə bərabərik. Aldığımız məlumata görə ətraf rayonlardan da psixoloji müayinə üçün gələnlər var. Konfransdan sonra mütəxəssislərimiz gün boyunca əhalinin xidmətində olacaq, təmənnasız psixoloji yardım göstərəcəklər".


Mərkəzin baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyevanın, psixoloqlar İlqar Kərimli, Fidan Azərqızı, Gültac Bayramova, Sevda Mustafayeva, psixiatr  Vasif Əliyevin aktual psixoloji mövzuda çıxışları maraqla qarşılanıb.

Konfransdan sonra Lənkəran və ətraf rayonlardan müraciət edən 200 nəfərdən çox uşaq və yetkin insan  psixoloji müayinədən keçib.

"Loqos"un bölgələrdə psixoloji maarifləndirmə və psixoloji xidmət sahəsində xeyriyyə aksiyası davam edir.

Gülgün QULİYEVA

 





03.11.2016    çap et  çap et