525.Az

"Maşa və ayı" Azdramanın səhnəsində


 

"Maşa və ayı" Azdramanın səhnəsində<b style="color:red"></b>

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Maşa və ayı” tamaşası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, “Multi-Pulti dünyası” teatrı “Maşa və ayı” tamaşasını lisenziya əsasında hazırlayıb və Qafqazda rəsmi tərəfdaşlıq hüququna malikdir. Bu layihə silsilə xarakteri daşıyır və gələcəkdə də davam etdiriləcək. Hazırda nümayiş olunan seriya “Arzular çin olur” adlanır.

Teatr layihəsinin birinci mərhələsi Gürcüstanın Tbilisi, Kutaisi və Batumi şəhərlərində böyük müvəffəqiyyətlə reallaşıb. Gürcüstanda 56 dəfə oynanılmış tamaşa 28 min 556 nəfər tərəfindən izlənilib.

Bakıda nümayiş olunacaq tamaşa məxsusi olacaq. Azərbaycan tamaşaçıları üçün hazırlanmış səhnə əsəri xalqımızın ən qədim bayramlarından olan Novruz bayramına həsr olunub.

Tamaşanın qəhrəmanı – uşaqların sevimlisi dəcəl Maşa Bakıdan qonaq gəlməsini arzulayır və onun arzusu çin olur. Azərbaycan folklorunun ən məşhur personajı Cırtdan Maşagilə qonaq gəlir. Cırtdan Maşaya Novruz bayramı haqqında məlumat verir, bayram şirniyyatlarının hazırlanma qaydasını öyrədir. Onlar birlikdə paxlava bişirir, yumurta boyayır və əylənirlər.

Məşhur cizgi filminin motivləri əsasında hazırlanan uşaq tamaşasında azərbaycanlı və gürcü aktyorlar çıxış ediblər. Bu səhnə əsərinin quruluşçu rejissoru Qoça Kviçadır.

28-29 mart tarixlərində nümayiş olunacaq tamaşanın biletləri Yuğ Teatrının kassalarında satılır.

 





27.03.2013    çap et  çap et