525.Az

"Ağcabədidə pambıqçılığı geniş inkişaf etdirmək üçün böyük imkanlar var"


 

"Ağcabədidə pambıqçılığı geniş inkişaf etdirmək üçün böyük imkanlar var"<b style="color:red"></b>

Əkinçilik Azərbaycan iqtisadiyyatının çox mühüm sahələrindən hesab olunur. Xalqımız tarixən bu sahədə zəngin ənənələrə malikdir.
 
Respublikamızda pambıqçılıq təsərrüfatı da önəmli inkişaf yolu keçib. Ötən yüzilliyin əvvəllərindən ölkədə pambıqçılığa diqqət xeyli artırılıb. Həmin dövrdə geniş və münbit torpaqları, əlverişli iqlim şəraiti olan Ağcabədidə də pambıqçılıq istiqamətində ciddi addımlar atılıb. Bu sahədə Həmidə xanım Cavanşirin xüsusi xidmətləri olub.

Lakin sovetlər dönəmində pambıq istehsalına daha yüksək önəm verilib. Xüsusilə, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə pambıqçılıq daha yüksək inkişaf mərhələsinə qədəm qoyub. Təsadüfi deyil ki, o vaxt respublikada 1 milyon tondan çox məhsul istehsal edilib.Həmin illər Ağcabədi pambıqçıları üçün daha əlamətdar olub. Ağcabədililər 1981-ci ildə dövlətə 110 min ton "ağ qızıl" təhvil verərək, rekord nəticəyə imza atıblar.

İnamla deyə bilərik ki, respublikamızda ulu öndərin uzaqgörənliklə həyata keçirdiyi iqtisadi siyasət müstəqillik illərində ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Dövlət başçısının qətiyyəti,diqqət və qayğısı sayəsində bu gün respublikamızda qeyri-neft sektorunun inkişafı, bölgələrdə kənd təsərrüfatının, xüsusən pambıqçılığın prioritet sahəyə çevrilməsi istiqamətində mühüm işlər aparılır. Bunu Ağcabədi rayonunun timsalında aydın görmək olar. Ölkə rəhbərinin çağrışına cavab olaraq artıq rayonun təsərrüfatlarında bol pambıq məhsulu yetişdirilməsinə nail olunub.Əldə edilən bu yükcək nəticələr gələcək uğurlardan xəbər verir.

Adıçəkilən rayon meliorasiya idarəsinin rəisi Azər Bayramovun sözləri ilə desək, hazırda bölgədə pambıqçılığı geniş inkişaf etdirmək üçün böyük imkanlar var. Rayonda mövcud olan yararlı, münbit əkin sahələri, yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisləri, real işçi qüvvəsi, ən başlıcası isə zəngin təcrübə bunu söyləməyə əsas verir.

A.Bayramovun dediklərinə görə,rayon ərazisində 2 min 719 km uzunluğunda kollektor-drenaj şəbəkəsinin fəaliyyət göstərdiyi 36,09 min hektar əkinə yararlı torpaq sahələri mövcuddur. Vaxtilə bölgənin 26 kolxoz təsərrüfatına məxsus həmin sahələrin əksər hissəsi uzun illər pambıq altında olub və yüksək məhsul yetişdirilməsinə imkan verib.

İdarə rəisi qeyd edib ki, prezident İlham Əliyevin pambıqçılığın inkişaf etdirilməsi istiqamətində qarşıya qoyduğu tələblər meliorasiya işlərinin daha yüksək səviyyədə təşkil olunması zərurətini doğurub. Odur ki, kollektiv fəaliyyətini daha da canlandırıb.Ayrı-ayrı ərazilərdə şoranlaşmanın qarşısının alınması, bir çox torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi üçün geniş meliorasiya tədbirləri həyata keçirilir.

Cari ilin ötən dövrü ərzində bu məqsədlə müxtəlif kəndlərin ərazisində yerləşən 240 km uzunluğunda drenaj şəbəkəsi lildən təmizlənib.Bu işlər ardıcıl davam etdirilir. Görülmüş tədbirlər ərazidə bol pambıqla bərabər, digər kənd təsərrüfatı məhsulları yetişdirilməsi üçün də real zəmin yaradıb.Bütün bunlar respublika meliorasiya və su təsərrüfatı açıq səhmdar cəmiyyəti tərəfindən daim diqqət mərkəzində saxlanılır, idarəyə hər cür dəstək və köməkçiliklər göstərilir.

Pambıqçılığın çox gəlirli sahə olduğunu, onun əhalinin dolanışığına ciddi təsir göstərəcəyini vurğulayan Azər Bayramov sonda bunu da əlavə edib ki, gələn il rayonda pambıq bitkisi əkiləcək sahələr genişləndiriləcək. Bu səbəbdən həmin ərazilərə baxış keçirilməsi, kollektor-drenej şəbəkələrinin təmizlənməsi üçün geniş tədbirlər həyata keçirilməsi nəzərdə tutulub.

Yəhya PAŞAZADƏ

 





04.11.2016    çap et  çap et