525.Az

Azərbaycanın QHT rəhbərləri Türkiyədə səfərdə olublar - Foto


 

EMİN HƏSƏNLİ İLƏ VÜQAR QƏDİRLI QARDAŞ ÖLKƏDƏ MARAQLI GÖRÜŞLƏR KEÇİRİBLƏR

Azərbaycanın QHT rəhbərləri Türkiyədə səfərdə olublar - <b style="color:red">Foto</b>

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli ilə Azərbaycan Aydınlar Ocağının sədri Vüqar Qədirli Türkiyədə səfərdə olublar. QHT sədrləri Sivasda keçirilən Aydınlar Ocaqlarının 44-cü Konfransında iştirak ediblər.

Bu barədə “525”ə məlumat verən “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri qeyd edib ki, konfransın Sivasda keçirilməsinin xüsusi əhəmiyyəti var. Türkiyə səfərinin qardaş ölkənin Cümhuriyyət bayramı ərəfəsinə təsafüd etdiyini deyən E.Həsənli bildirib ki, Atatürkün iştirak etdiyi tarixi Sivas Konfransı ilə cümhuriyyət ideyaları və istiqlal savaşının əsası qoyulub.

Səfər çərçivəsində bir sıra görüşlər də keçirdiklərini deyən QHT sədri deyib ki, ilk görüş Türkiyə Əməkli Subaylar Dərnəyinin başqanı, ehtiyatda olan general Ərdoğan Karakuşla olub: “Bu görüş Türkiyə Silahlı Qüvvələrində xidmət etmiş ehtiyatda olan zabitlər ordusunu öz ətrafında toplayan Dərnəyin Ankara şəhərində yerləşən mənzil-qərargahında baş tutub. Dərnəyin idarə heyətinin üzvlərinin də iştirak etdiyi görüşdə Ərdoğan Karakuşa “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” İctimai Birliyinin təsis etdiyi “Səməd bəy Mehmandarov medalı” təqdim olunub”.

E.Həsənli qeyd edib ki, bundan başqa Türkiyə Müharib Qazilər Dərnəyinin başqanı Şükrü Tandoğan və həmin Dərnəyin İdarə Heyətinin üzvləri ilə də görüş keçirilib: “Başqana “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin təsis etdiyi “Fədai medalı”nı təqdim etdik. Görüşdə Azərbaycanda da qazilərin - İkinci Dünya Müharibəsi, Əfqanıstan, Çernobl hadisəsi, Qarabağ müharibəsi iştirakçılarının kifayət qədər olduğu və onlara xüsusi diqqət və qayğı ilə yanaşıldığı qeyd olunub.

Eyni zamanda bildirilib ki, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin tapşırıqları əsasında müharibə veteranları, şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşıdırılması istiqamətində işlər ardıcıl olaraq davam etdirilir, ölkə rəhbərliyi tərəfindən 20 yanvar, Qarabağ müharibəsi iştirakçıları avtomobil və mənzillə təmin olunur”.

E.Həsənli bildirib ki, daha sonra Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Nurəddin Araş və Anadolu Aydınlar Ocağının sədri İbrahim Öztəklə də görüşlər keçirilib: “Nurəddin Araşa “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” İctimai Birliyinin təsis etdiyi “Əlağa Şıxlinski medalı” təqdim etdik. Azərbaycanın haqq işi, Xocalı hadisələri ilə bağlı kitab yazaraq həm Türkiyə, həm də Azərbaycanda çap etdirən İbrahim Öztəkə isə “Fədai” medalını təqdim etdik” .

QHT sədri qeyd edib ki, keçirilən görüşlərdə iki ölkə arasında tarixi bağlılıq, qardaşlıq əlaqələrindən irəli gələn münasibətlərin hərtərəfli inkişafından danışılıb: “Həmçinin, görüşlərdə azərbaycanlıların Çanaqqala döyüşündə Türkiyəyə verdiyi dəstək, türklərin Bakının işğaldan azad edilməsində rolu, Azərbaycan ikinci dəfə müstəqillik qazanan zaman ilk dəfə Türkiyə tərəfindən tanınması və dəstəklənməsi, Azərbaycanın enerji resurslarının Türkiyə üzərindən Avropaya ixracı, iki ölkənin birgə həyata keçirdikləri nəqliyyat dəhlizi layihələri, Azərbaycanda ordu quruculuğunda qardaş Türkiyə zabitlərinin rolu, birgə hərbi təlimlərin keçirilməsi, NATO-nun Sülh Naminə və Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində birgə əməkdaşlıq, Kosova və Əfqanıstanda həyata keçirilən birgə fəaliyyət barədə söhbət aparılıb”.

Görüşdə bildirilib ki, Azərbaycanla Türkiyənin siyasi, iqtisadi, hərbi və digər sahələrdə əməkdaşlıq əlaqələri mövcuddur: “Bu əlaqələr daha da dərinləşməkdədir. Xüsusilə enerji sahəsində iki ölkənin birgə əməkdaşlığı sürətlə inkişaf edir, Avropanın enerji ilə təmin olunması istiqamətində mühüm addımlar atılır, qərarlar qəbul olunur. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TAP, TANAP layihələri, eləcə də bu ilin sonunda açılışı olacaq Bakı-Tbilisi-Qars dəmiryolu böyük əhəmiyyətə malikdir. Sonuncu layihə Pekindən Londona qədər Böyük İpək Yolunun bərpası deməkdir. Bütün bu layihələr həm Türkiyə, həm də Azərbaycanın iqtisadiyyatının inkişafına böyük töhfələr verəcək. Hər iki ölkənin qarşılıqlı investisiya yatırımları daha da artmaqdadır. Eyni zamanda, Türkiyə məhsullarının Azərbaycan üzərindən Şərq ölkələrinə daşınması məsələləri də aktuallığını saxlayır”.

QHT sədri deyib ki, qardaş Türkiyə ilə əlaqələrin daha da dərinləşməsi önəmlidir: “Türkiyə qazilərinin də Azərbaycanın haqq işinə dəstək verməsi, bizimlə birgə mübarizə aparması sevindiricidir. Azərbaycan və Türkiyə QHT-lərinin əlaqələrinin dərinləşməsi hər iki dövlət və millətin mənafelərinə uyğundur”.

E.Həsənli bildirib ki, region ölkələrinin qazilərini də bu cür tədbirlərə cəlb etmək fikrindədirlər:

“Biz istəyirik ki, region ölkələrinin QHT-lərini dünyada işğala, terrora və soyqırıma qarşı bir platformada birləşdirək”.

Bu yaxınlarda Rusiyanın Ehtiyatda Olan Zabitlər Birliyinin sədri, ordu generalı Viktor Yermakovun Bakıya səfərini xatırladan E.Həsənli əlavə edib ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları İctimai Birliyinin sədri, general Dadaş Rzayevin, Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyevin, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyevin rusiyalı general və həmin təşkilatın üzvləri ilə sıx əlaqələri var. Biz MDB ölkələrinin müharibə veteranları və ehtiyatda olan zabitləri ilə qardaş Türkiyə, Kipr, İranın müharibə veteranları və ehtiyatda olan zabitlər birliklərinin və qazilər dərnəklərinin başqanlarının Azərbaycanda böyük bir toplantısını keçirmək istəyirik. Bu istiqamətdə çox böyük işlərimiz gedir. Əsas məqsədimiz Azərbaycanın haqq işininin müdafiəsi istiqamətində apardığımız fəaliyyəti daha geniş auditoriyalara çatdırmaq, xarici ölkələrdə fəaliyyət göstərən həmkarlarımızın dəstəyini qazanmaqdır”.

Ceyhun ABASOV

 





04.11.2016    çap et  çap et