525.Az

“Qobustan”ın yeni sayı


 

“Qobustan”ın yeni sayı <b style="color:red"></b>

“Qobustan” sənət toplusunun payız buraxılışı nəşr olunub. 

Jurnalın bu sayı Əməkdar elm xadimi, görkəmli musiqişünas Zemfira Səfərovanın “Türk dünyasının musiqi ulduzu. Üzeyir Hacıbəyli” kitabından bir hissə ilə açılır. Yazıda məşhur türk yazıçısı Rəşad Nuri Güntəkinin Ü.Hacıbəylinin operettalarından bəhs olunan “Azərbaycan teatrı” məqaləsinə yer verilib.

Xalq yazıçısı Anar görkəmli Azərbaycan memarı “Rasim Əliyevin həyata keçən və keçməyən arzuları”ndan yazıb. Esseni Hicran Hüseynovanın “Memarlıq qurub-yaratmaq elmidir” yazısı izləyir.

Jurnalın bu sayında Vaqif Əlixanlının tərcüməsində Alber Kamünün “Sizif haqqında əsatir” essesi və “Ağıl kəsməyən...” pyesi dərc olunub.

“El-oba” rubrikasında Məmmədhüseyn Hüseynovun “Yadadaşı, yaxud qırıq xətlərin hikməti”, Nəsibə Şükürovanın “Bu dünya bir dulus çarxı”, Əhsən Rəhmanlının “Oyna, görüm haralısan?”, Nigar Yunusun “Qacarlara yaraşan bər-bəzək...” yazıları verilib.

“Dünyanı bəzəyənlər” bölməsində Aslan Xəlilovun “Köhnə Bakı”nı təzə saxlayan ustad”, Ziyadxan Əliyevin “Kitabın “ürəyini oxuyan”, Ağalar İdrisoğlunun “Jurnalist yalnız qələm adamına deyilmir” yazıları işıq üzü görüb.

“Yüzə doğru” rubrikasında şair-dramaturq Camal Yusifzadənin 75, Əməkdar elm xadimi İmruz Əfəndiyevanın 80 illiyi ilə bağlı müsahibələr yer alıb. Rubrikada Xatirə Fərəclinin şair Ofelya Babayevaya həsr olunmuş “Öz payızına vurğun” yazısı da əksini tapıb.

Ələkbər Qasımovun “Gecikən tanışlıq: Vəli Babayev”, Esmira Nəzərlinin “Təkcə sən yoxsan, əzizim...” yazıları “Xatirə çiçəyi” bölməsində yerləşdirilib.

Jurnalda Elçin Əlibəylinin “Medialaşan adam və kütləvi mədəniyyət” məqaləsi də çap olunub.

MÜŞFİQ

 





05.11.2016    çap et  çap et