Mədəni İnkişaf Mərkəzi İctimai Birliyinin layihəsi əsasında “Şəhidliyə aparan yol” adlı sənədli film çəkilir.
Qısametrajlı ekran işi barədə məlumat verən təşkilatın sədri Gəray Əlibəyov bildirib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən sənədli film işi dördgünlük müharibədə qəhrəmanlıq göstərən “N” saylı Hərbi Hissənin Qərargah rəisi, kapitan Nəcməddin Savalanovun həyat və döyüş fəaliyyəti haqqındadır: “Nəcməddin Savalanov aprelin 2-də Tərtər istiqamətində gedən döyüşlər zamanı ağır yaralandıqdan sonra Bakıdakı hərbi hospitala çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O mayın 8-də hərbi hospitalda həyatını itirib”.
İctimai Birliyin sədri qeyd edib ki, çəkilişlər qəhrəman şəhidin doğulub boya-başa çatdığı İmişli rayonunun Göbəktala kəndi, təhsil aldığı Ali Hərbi Məktəb və çalışdığı Hərbi Hissədə həyata keçirilib: “Ssenariyə uyğun olaraq biz qəhrəman döyüşçünün ailə üzvləri, dostları, qonşuları və silahdaşlarından onun həyat və fəaliyyəti haqqında maraqlı məqamları öyrənməyə çalışdıq. Hər kəs onun cəsurluğu, igidliyi, vətənə, el-obasına necə bağlı olmasından danışırdı”.
G.Əlibəyov deyib ki, filmin tamamlanma işləri gedir: “Dekabrın 1-nə “Şəhidliyə aparan yol” sənədli filminin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim olunması nəzərdə tutulub”.
Qeyd edək ki, aprelin 19-da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən şəhid Nəcməddin Savalanov sağlığında 3-cü dərəcəli “İgidliyə görə” medalı ilə təltif edilib.
Ceyhun ABASOV
çap et