525.Az

Əmrahsız qalan dağlar


 

Əmrahsız qalan dağlar<b style="color:red"></b>

Ağsaqqal yazıçımız Əli İldırımoğlunun yeni tamamladığı romanını oxucularımıza təqdim edirik. 

(Əvvəli ötən şənbə sayımızda)

Bu söz Qara Qasımı tutdu və əlini xəncərində gəzdirə-gəzdirə:

- Əmrah, görürəm başın bədəninə ağırlıq eləyir. Uşaqlarına yazığın gəlsin. Buradakı adamları görüb xoruzlanma. Səni gecəynən yorğan-döşəyinə büküb, ilim-ilim itirərəm. Meyitini tapan da olmaz. Gözünü aç, mənə yaxşı-yaxşı bax. Gör kiminlə danışırsan!

Əmrah:

- Vuran oğul atasına gənəşməz. Əlindən gələni iki qaba çək.

Qara Qasım  xəncəri sivirib cumdu Əmrahın üstünə. Əmrah cəld onun qolunu burub, xəncərini əlindən aldı və ayağının altında əyib, bir kənara atdı.

“Dükan yeri”nə toplaşanlar araya girib, Əmrahla Qara Qasımın əlbəyaxa olmasına imkan vermədilər. Qara Qasım necə qəzəblənmişdisə, özünü ələ ala bilmirdi. O, Əmrahdan intiqam almaq üçün uçuq bir kalafanın arxasına keçib, Əmrahı atəşə tutdu. Əmrah özünü evə yetirib beşaçılana əl atdı... Kənddə xeyli atışma getdi. Kəndin sözükeçənləri and-aman eləyib birtəhər onları sakitləşdirdilər. Əmrahla Qara Qasım bir-birini hədələyə-hədələyə uzaqlaşdılar. Qara Qasım yurd saldığı Kilsə-kahaya tərəf yönəldi. Əmrah töyşüyə-töyşüyə evə qayıtdı.

Əmrahla Qara Qasımın bir-birinə hərbə-zorba gəlib atəş açması xəbəri ətraf kəndlərə də yayılmışdı. Ancaq yenə də örüşlərdən arabir mal-qara yox olurdu. Bəziləri evlərinin qarət olunduğundan şikayətlənirdi. Axırda iş o yerə çatmışdı ki, qonşu kəndlərdə qadınlar ərinin, oğlunun yerinə naxıra gedirdilər. Qadınlar belə bir ümidlə mal otarmağa gedirdi ki, kişilər qeyrətinə sığışdırıb zənən xeylağının otardığı mal-heyvana dəyib-dolaşmaz. Lakin Kilsə-kaha tərəfdən gündə-günaşırı xəbər gəlirdi ki, Xınzirək ermənilərinin Qara Qasımla sövdələşib, alıb-apardığı inəklərin, öküzlərin, atın, qatırın sayı-hesabı yoxdur.

Çiskinli bir gündə Əmrah Qəmər atı tövlədən çıxarıb belinə yəhər qoydu. Və atın yalmanından yapışanda, qonşu kənddən bir dəstə qadın qabaqlarında körpə buzov, saçlarını yola-yola həyətə daxil oldu. Ağbirçək bir qadın dizlərinə döyə-döyə:    

- Neçə gündür inəkləri özümüz otarırıq ki, kişi olan kəs bizə toxunmaz. Ancaq Qara Qasım heç nəyə baxmadı. Özümüzü bihörmət elədi, inəklərimizi də əlimizdən alıb apardı. İndi buzovlar mələşə-mələşə qalıb. Bu zülmü Allah da götürməz. Biz də Əmrahın qapısını ümid yeri bilib  gəlmişik. Bilmirik başımıza nə çarə qılaq.

Əmrah göz yaşı tökən əli çatılı qadınların ah-vayını dinlədikcə, onun ayaqları sanki dəmir üzəngiyə yapışıb qalmışdı. O, əli buzovlu qadınlara cavab verməyə sanki söz tapmırdı. Əmrah birdən ayağını üzəngidən çəkib evə keçdi. Paltarını dəyişib həyətə çıxdı. Silahlanıb Qəmər atın belinə aşırıldı. Əmrahın qardaş-bacıları yaxşı bilirdi ki, o, ölüm ayağına gedir. Qara Qasım Əzrayıldan qorxub çəkinməyən, gözü qanlı bir adamdır. Əmrah Qara Qasımla qabaqlaşa bilməz. Ona görə, Əmrahın atının cilovundan bərk-bərk yapışıb yalvardılar:

- Əmrah, əcəl səni hərləməsin, “lənət şeytana...” de, o quldura baş qoşma.

Əmrah qardaş-bacılarının sözünü ağzında qoyub cilovu onların əlindən aldı. Və ata təpinib həyətdən çıxdı.

Əmrah üzbəüz dayanan Kilsə-kaha ilə ağ qayaların arasından axan çaylağın sahili ilə Qara Qasımın məskən saldığı yastı təpənin üstünə qalxdı. Yelini yerlə sürünən sağılmamış inəklərin mələrtisi, Qara Qasımla ermənilərin sövdələşməsi qarşı-qarşıya durmuş qayalarda əks-səda doğururdu. Əmrah  atı yaxınlıqdakı dağdağan ağacına bağlayıb beşaçılanın ağzına bir patron verdi. Qaratikan kollarının arasınca enib Qara Qasımın qənşərində dayandı və əlini tətiyə keçirdi. Göyə bir xəbərdarlıq gülləsi atdı və gur səslə:

- Qasım! Namərdlik eləyib səni qəfildən vurmuram. İnəkləri burax, ermənilərdən də aralaş, - dedi. - Artıq bıçaq sümüyə dirənib. Gəlmişəm, ya sən məni vurmalısan, ya da ki, mən buralarda quldurluq eləyən sən Qara Qasımı aradan götürməliyəm.

Qara Qasım tez tüfəngini çiynindən aşırıb, iri qayalardan birinin arxasına keçdi və qəzəblə:

- Əmrah, əvvəla səhv eləyib gəlmisən. Əgər inadından dönüb silahını yerə qoymasan, indicə bacı-qardaşların tökülüb gəlib, qanlı köynəyini qucaqlayacaq.

Ancaq nə Əmrah tüfəngi yerə qoydu, nə də ki Qara Qasım. Atışma başlandı. Ermənilər qaçıb dağılışdılar. Yelinindən süd daman inəklər mələşə-mələşə ora-bura qaçıb balalarını axtarırdı. Əmrahla Qara Qasım daşdan-daşa keçib tez-tez yerlərini dəyişir və bir-birini nişan almağa çalışırdılar.

Atışma ağ qayalarla Kilsə-kahanı lərzəyə gətirmişdi. Axır ki Əmrahın  atdığı güllə Qara Qasımı yerə sərdi. Vuruşma səngiyəndən sonra Əmrahın qohum-əqrəbası və bir neçə kənd adamı özlərini döyüş meydanına yetirdilər. Əmrah Qara Qasımın heç nəyinə dəyib-toxunmadı. Yalnız tüfəngini kasıb bir oğlana verib kinayə ilə:

- Götür, özünü qara qasımlardan qoruyarsan, - dedi.

Eşidib-bilən bütün kənd adamları Kilsə-kahanın qabağına toplaşmışdı.

Qara Qasımın dəfni barədə düşünürdülər. Əmrah  üzünü gələnlərə tutub:

- Hamınız şahidsiniz ki, Qara Qasım yolunu azmışdı. Allaha bəndəlik eləmirdi. Ona görə də tutduğu əməllərin belə bir aqibəti olmalıydı. Burada nə mənim, nə də başqasının günahı var. Elimizin belə bir kəlamı var: “Quduran qırx gün gedər”. Ancaq sözümün canı başqadır. Eşidin, agah olun ki, Qara Qasımın cənazəsi kəndin arasından yox, kənarından keçməlidir. Bütün Zəngəzur el-obası bilsin ki, Əliquluuşağında quldurun, oğrunun cənazəsini kənddən keçməyə qoymayıblar. Ona görə belə bir qərara gəlmişəm ki, gələcək nəsillərə ibrət olsun.

Nə qədər minnətçi düşdü, Əmrahı Qara Qasımın dəfni barədəki fikrindən döndərə bilmədi.

Bu vəhşi kimsəsizlikdə baş-başa verib, bir-birinə həyan olan ağlı-qaralı qayalar  Qara Qasımın cəsədinə və onun harasa zillənən lal və nursuz baxışlarına diqqət yetirdikcə, sanki canlı məxluq kimi dilə gəlib car çəkmək istəyirdi: “Ey insan, hərisliklə çalıb-çapıb yığdığın külli sərvət bu gün karına gəlmir, dadına yetmir. Bir neçə dəqiqədən sonra çiyinlərə qaldırılacaq tabutunu belə dəfn etmək üçün kənddən keçməyə qoymurlar. İnsan oğlu insan, eşit və agah ol ki, ehtirasın ağlından güclüdürsə, dünyanın ən bədbəxt məxluqusan. Parlaq gündüzlər də zülmət gecələr kimi sənin üçün zimistandan betərdir.

Əmrah yüzbaşı hələ də qəzəbli idi. Evə qayıtmasına baxmayaraq hirsi soyumamışdı. Narahat hisslər keçirən həyat yoldaşı Fatma dinib-danışmadan əl dəsmalı, sabun gətirdi. Əmrah yuyunub, üzünə bir-iki ovuc su vurub üstünə xalça çəkilmiş taxtın baş tərəfinə keçdi. Fatma çay-çörək hazırladı. Fatma yaxşı bilirdi ki, belə məqamda Əmrahdan söz soruşmaq və ya onu sorğu-suala tutmaq olmaz.

Fatma adlı-sanlı bir ailədən çıxmışdı. Kəndin yaxınlığından keçən Bərgüşad çayının üzərinə körpü salınanda, beş adamın qaldıra bilmədiyi ağır daşları Fatmanın atası Hümbət qaldırıb yerinə qoyurdu. Fatma da ki, mömin qadın idi. Heç vaxt oruc-namazından qalmazdı. Əmrahın kiçik, həm də yeganə qardaşı İldırımla danışanda yaşmağını aşağı salmazdı. Həya eləyirdi ondan. Orta boyu, həzin, abır-ismətli danışığı vardı Fatmanın. Uşaqdan-böyüyə hamıya can deyib, can eşidərdi.  Qapıya gələn əlacsızlar əliboş qayıtmazdı. Fatma deyirdi ki, əl tutmaq Əlidən qalıb.

Cəmi bir otaqdan ibarət olan evdə Əmrahdan başqa, İldırımın da külfəti yaşayırdı. Ancaq onların arasında giley-güzar, xoşagəlməz söz-söhbət olmazdı. Qardaşla qardaş və onların həyat yoldaşları arasındakı mehribançılıq qibtə doğururdu.

Əmrah dincini alandan sonra eyni bir balaca açıldı, sifəti duruldu. Və öz-özünə gileylənərək:

- Qalmışam iki daşın arasında, - dedi. - Bir tərəfdən erməni daşnakları başımızın üstündə qara bulud kimi hərlənir, bizim bu kəndləri viran qoymaq üçün fürsət axtarır. Cürbəcür hiyləgərliyə əl atırlar. Bir tərəfdən də öz içimizdə olan nakəs, nanəcib gədə-güdələr əl-ayağa dolaşır. Kəndləri çapıb-talayır, bizi rüsvay eləyirlər. Onların qabağını almalıyam. Elə götür bugünkü dava-dalaşı. Qara Qasım qudurub yolundan çıxmışdı. Qonşu kəndlərin mal-dövlətini çapıb-talayıb həmişə ayağımızın altını qazan erməni daşnaklarına ötürürdü. Axırda gördüm ipə-sapa yatan deyil, qozbeli qəbir düzəldər, təpəsinə iki güllə vurdum ki, camaatın canı biryolluq qurtarsın.

Əmrahın həyat yoldaşı Fatma çəkinə-çəkinə:

- Əmrah, bilsəm ki acığın tutmaz, bir kəlmə söz deyərdim, - dilləndi.

- Birini yox, ikisini de, - Əmrah xoş əhval-ruhiyyə ilə cavab verdi.

- Əmrah, o Qara Qasım oğruydu, əyriydi, hər nədi, öz kəndimizin adamıdı. İcazə ver, onu urvatlı götürsünlər. Əslinə qalsa, Qara Qasım elə qohum-qardaşını da bezdirib, boğaza yığmışdı.  Axırda da öz cəzasını aldı. Ancaq onun cənazəsinin kənddən keçməsinə icazə verməməyin yaxşı düşməz. Eşidib-bilən bizi qınayar... Deyərlər Əmrah yüzbaşıdır, vəzifəsi var. Qoluzorluluq eləyir, kəndin adətini pozur. Elə bilirsən, istəməyənimiz azdır?!

Əmrah dillənmədi. Xeyli fikrə getdi. Sonra gülümsəyərək:

- Fatma, belə bir söz var, - dedi. - Aqillərin birindən soruşurlar ki, dünyada qadın çoxdur, yoxsa kişi? Həmin aqil adam da cavab verir ki, dünyada qadın kişidən çoxdur. Səbəbini də belə izah edir ki, qadın qadındır, onun sözü ilə oturub-duran kişilər də elə qadındır...

Fatma dediyinə peşman olubmuş kimi sifəti dəyişdi və pərt oldu. Əmrah onun könlünü almaq üçün:

- Fatma, bu sözü elə-belə dedim. Xahiş edirəm özünə götürmə. Elə qadınlar var ki, ağılda-kamalda min kişiyə dəyər.

Əmrah zəhmli görkəminə ciddi ifadə verərək:

- Fatma, sənin sözünü qəribliyə salmaq istəmirəm. Dediyində həqiqət var. Ancaq orasını da nəzərə al ki, söz ağzımdan çıxıb. Artıq geri çəkilib, hərdəmxəyal ola bilmərəm. İkincisi də, babam Məşədi Allahverən bütün var-yoxunu satıb, nə zillətlə dünyanın o başından kəndin ortasına su çəkdirib; tağbəndli, qoşa çarhovuzlu bulaq tikdirib. Vicdanım yol verməz ki, Məşədi Allahverənin tikdirdiyi bulağın səsi bir nəfər qulduru dəfn edənlərin ağısına qarışsın və bulağımızın üstündən addasın. O duruluqda su dəfndə iştirak edən bir neçə naməhrəm adamın çarıx-patavası altında   bulansın. Ona görə bu sözü başqası desə də, gərək sən Fatma dilinə gətirməyəsən. Bilirsən ki, mən özüm də qəlbi yumşaq adamam. Ancaq bir nəfər anasının əmcəyini kəsən qulduru aradan götürdüm ki, minlərlə insan, neçə-neçə kənd-kəsək rahat nəfəs alsın. Hamı evində rahat yatsın...

Əmrah sözünə ani fasilə verib, yenə də söhbətinə davam etdi:

- Fatma,- dedi,- özün yaxşı bilirsən ki, mən zülmkar, adam öldürən, qan tökən deyiləm. Ancaq bəzən məcbur oluram. Qara Qasımı aradan götürməkdə məqsədim odur ki, bu kəndin şərəfini şərəfsizlərdən qoruyum. Bu camaatı oğru, əyri kimi tanımasınlar. Bir də ki, babam Məşədi Allahverən deyərdi ki, ovçunun, torçunun, oğrunun axırı yoxdur. Qara Qasımın xəmiri şərdən yoğrulmuşdur. Axırda da qeyri-insani əməllərinin cavabını aldı.

Fatma daha ərinin sözünü çevirmədi.

Səhərisi cəmi bir neçə adam Qara Qasımın cənazəsini sarımtıl torpağı olan yastı təpənin arxası ilə  hərləyib qədim kənd məzarlığının kənarında dəfn etdi. Çox güman ki, onu dəfn edənlərin coxu qəlbində Qara Qasıma rəhmət yox, lənət deyirdi.

Zəngəzur mahalında yeganə hadisəydi ki, quldurun tabutunu kənddən keçməyə qoymadılar. Bu əhvalatdan sonra Əmrahın yüzbaşılıq etdiyi kəndlərdə hər kəs öz hesabını götürdü. Başlı-başlılığa, hərc-mərcliyə son qoyuldu.

(Ardı var)

 





07.11.2016    çap et  çap et