525.Az

Sözə bağlı ömür


 

Sözə bağlı ömür<b style="color:red"></b>

Bədirxan ƏHMƏDOV
professor

 SABİR AZƏRİNİN 75 İLLİYİNƏ

Ötən əsrin 70-80-ci illərinin gəncliyi onu, əsasən, ədəbiyyatımızda hadisə kimi səciyyələndirilən “Kar qaya”, “Dalanda” povest və romanının müəllifi kimi tanıyırdı; baxmayaraq ki, ona qədər və ondan sonra da yazdığı hekayə, povest və romanları ilə ədəbi prosesin həmişə diqqət mərkəzində olub, özünün fərdi bənzərsiz üslubu, yazı tərzi ilə bu gün də ədəbiyyat tariximizdə özünəməxsus yer tutur. Ancaq şəxsən tanış olmadığım, yalnız tədbirlərdə və baş redaktor müavini olduğu “Ulduz” jurnalında müşahidə etdiyim bu bənzərsiz yazıçı, mənə elə gəlir ki, ədəbi prosesdə tutduğu yazıçı mövqeyinə görə bir qədər arxa planda qalmış, yaradıcılığına və ədəbi fəaliyyətinə rəğmən, adekvat qiymətini almamış, özü və əsərləri haqqında yetəri qədər araşdırmalar aparılmamış, yaxud bir qədər də səmimi desək, əlində müəyyən imkanlar olsa da əsərlərinin çapı və təbliği ilə məşğul olmamışdır. Bir oxucu, eləcə də ədəbiyyatşünas-tədqiqatçı olaraq yazıçı portreti ilə bağlı gəldiyim son qənaətim isə budur; ədəbi cameədə xarakteri, təmkini, hadisələrə münasibətdə obyektivliyi və sabitliyi ilə seçilən Sabir Azəri həmişə şəxsi ləyaqətini qorumağa çalışmış, yazıçı vicdanının səsinə qulaq asmış, ürəyinin hökmü ilə yazıb-yaratmışdır.

Zaman keçdikcə yaradıcılığın mahiyyəti bütün təfərrüatı ilə üzə çıxır; o vaxt yazıçının əsərləri, obrazlarının taleyi, süjet xətlərinin mütəhərrikliliyi, estetik idealı bütün varlığı ilə yeni həyatını qazanır. Üç cildlik “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” kitabımı yazarkən ötən əsrin ədəbi həyatında S.Azərinin özünəməxsus sabit, bitkin bir yerinin olduğunu bir daha yəqin etdim və yaradıcılığı ilə bağlı bu yazını yazmaq zərurəti duydum. Məlumdur ki, zaman keçdikcə yazıçının əsərlərinə, oradakı mövzu və problematikaya, yaxud obrazların taleyinə münasibət də dəyişir. Onun zəngin yaradıcılığına isə yenidən nəzər salarkən bir müşahidəmə özüm də heyran qalmaya bilmədim: sovet rejiminin sərt senzura, yaxud sosrealizm çərçivəsində yazıb yaratdığı ilk bədii uğuru olan “Kar qaya”, “Yol üstündə toy”, “Sarı at” trilogiyasından bu yana yazdığı əsərlərindəki obrazlarının, xarakterlərinin daşıdığı ictimai yük, dilin canlılığı, süjet xətlərinin dinamizmi, yazı manerasının polifonizmi ilə ədəbiyyat tariximizdəki mövqeyini qoruyub saxlayır. Yaradıcılığının sonrakı mərhələsində qələmə aldığı çoxlu hekayələrini, “Duman çəkilir”, “Darıxan şəhər”, “Gecə məşəl yanır”, “İlk təkan”, “Bozdağın nağılı”, “Günəşə sarı gedəndə”, “Ölə bilməyən adam” povestlərini, “Dalanda”, “Sonsuzluq” romanlarını bir ümumi cəhət birləşdirir; mövzu aktuallığından daha çox düşündürücü problemlərin təsviri, həyat həqiqəti ilə bədii gerçəkliyin paralel inikası, daxili psixoloji dramatizm, cəmiyyət hadisələrinin alt suxurlarına enmək, ifadə imkanlarının genişliyi və s. Onun əsərləri psixoloji dərinliyi, həyatiliyi ilə seçilir. Yazıçı ədəbi fəaliyyətinin böyük bir mərhələsini sovet dövründə keçməsinə rəğmən, rejimin mövzu aktuallığına tamamilə biganə qalmışdır. Onun yaradıcılığında nəinki konyuktura ilə yazılmış əsər, hətta ayrı-ayrı epizod, süjet xətləri belə tapmaq çətindir. Sovet rejimindən sonra da konyukturadan uzaq olub, orijinal, sabit yazıçı təcrübəsinə, qələminə, şəxsi ləyaqətinə, vətəndaş cəsarətinə sadiq qalıb.

 Sabir Azərinin sağlığında əsərləri on min tirajlarla Bakıda, Moskvada, eləcə də keçmiş Sovetlərin ayrı-ayrı müttəfiq respublikalarında tərcümə edilərək otuz dəfədən çox nəşr olunmuş, böyük oxucu kütləsi qazanmışdı. “Dalanda” romanı 1990-cı ildə Moskvada “Sovetski pisatel” nəşriyyatında rus dilində nəşr olunduqdan sonra üç milyondan çox tirajı olan “Roman-qazeta”da da yayımlanıb. “İlk təkan” povesti də milyon yarım tirajla Moskvada dərc olunub. Müxtəlif vaxtlarda əsərləri ilə alman, polyak, fin, ispan və türk oxucuları da yaxından tanış olmuşdur. Yazıçı özü də tərcümə ilə məşğul olmuş, R.Həmzətovun “Mənim Dağıstanım” kitabının birinci hissəsini dilimizə çevirmişdir. Onun ssenarisi əsasında “Köhnə bərə” bədii filmi çəkilmişdir.

Sabir Azəri Azərbaycan ədəbiyyatının altmışıncılar nəslinə mənsubdur, lakin elə buradaca qeyd edək ki, bu nəslə mənsubluğun özünün də çətinlikləri yox deyil, yəni son dərəcə zəngin, nəsr politrasında özünü təsdiq etmək, üslubunu formalaşdırmaq və bərabər səviyyədə yeni nəsri inşa etməyin yükünü və məsuliyyətini başqaları ilə bərabər səviyyədə daşımaq lazım gəlir. Burada bədii sözün universallığı, müasir nəsr elementləri, forma orijinallığı, əsərdən əsərə təkmilləşən üslub özünəməxsusluğunu xüsusi qeyd etmək lazımdır. Yazıçının nəsr təcrübəsinin formalaşmasında şübhəsiz hekayələri başlıca yer tutur, yazıçı bunu “Ovçunun xatirələri” adı ilə nəşr etdirirdi, lakin elə buradaca qeyd etmək yerinə düşər ki, bu hekayələr forma və strukturuna görə ənənəvi nəsr düşüncəsindən tamamilə fərqlənən əsrlərdir. “Qağayılar ağlayır”, “Qonaq”, “Payızın ilk günü”, “Mənim ilk qaban ovum”, “Dostluq”, “Qisas”, “Durnalar qayıdır”, “Bir tikə çörək” və s. hekayələrinin hər biri lirik-poetik düşüncə tərzi, daxili dinamizmi və dramatizmi ilə oxucunu düşündürür. Bu hekayələrdə yazıçı insan və onun xarakterlərinin gizlinləri, çoxyönlülüyü, təbiət və onun gözəllikləri, cəmiyyət və təbiət münasibətlərinin mürəkkəblikləri ilə bağlı problemləri qələmə alır. Bu hekayələr yazıçının yalnız təbiət təsvirləri ilə yadda qalmır, hər biri roman mövzusu olacaq təbiətlə cəmiyyətin dialoq zərurətini anladır, təbiətlə üzbəüz qalan insanın simasında çox ciddi ictimai-əxlaqi, mənəvi problemləri təsvir edir. Yazıçı göstərmək istəyir ki, dünyanın, cəmiyyətin, bir qədər də konkret düşünsək, gələcək nəsillərin taleyi bizim torpağa, dağlara, çaylara olan münasibətimizdən asılıdır. S.Azərinin bu hekayələrindəki süjetqurma formulu, problemlərin mənəvi-əxlaqi aspektdə inikası roman təfəkkürünə meylin əlamətləri idi və çox tezliklə yazıçının bu janra keçidini şərtləndirir.

 “Kar qaya”, “Darıxan şəhər”, “Duman çəkilir”, “İlk təkan”, “Günəşə sarı gedəndə”, “Dalanda” povest və romanları isə yazıçının bir nasir kimi professionallığını, səriştəliliyini ortaya qoydu. Ən əsası isə yazıçı bu əsərlərində hadisələrə mənəvi-psixoloji aspektdən, təbiət-cəmiyyət prizmasından yanaşmağı bacardı. Təbiətlə cəmiyyətin harmoniyası S.Azərinin povestlərində də ideyanın, obrazlarının xarakterinin açılmasında yaxından iştirak edərək onun nəsrini formalaşdıran faktorlardan biri olur. Qazaxda uşaqlığının keçdiyi yerlərdən tanıdığı, müşahidə etdiyi Kar qaya obrazını ədəbiyyata gətirərkən, onun təbiətinə məxsus xüsusiyyətə (bütün qayalardan fərqli olaraq bu qaya səsə əks-səda vermir) ictimai münasibətlər fonunda yanaşan yazıçı cəmiyyət problemlərini, ictimai biganəliyi, laqeydliyi təsvir etməyə nail olur. “Kar qaya” povesti ilə yazıçı yalnız bədii üslubunu formalaşdırmadı, həm də yazıçı cəsarəti nümayiş etdirdi. İlk əsərlərərindən birindəcə cəmiyyət və təbiət hadisələrinə ictimai məna verməyə çalışan yazıçı “kar qaya” adında mənəvi-psixoloji amillərə nəzər yetirir, qayanın (cəmiyyətin) bu problemlərə biganəliyini bədii şəkildə ifadə edirdi. “Darıxan şəhər” əsərində isə yazıçının təsvir etdiyi şəhərlə yaşadığı cəmiyyətin inkişaf ritmi ilə uyğunluq görməmək mümkün deyil. Yazıçı böyük ustalıqla (və cəsarətlə!) “darıxan şəhər” mühitindəki eybəcərlikləri, bədbəxtlikləri, sosioloji kontrastları təsvir etməyə nail olur. Yazıçının təsvir etdiyi “Darıxan şəhər” isə heç də başqa bir mühit deyil, elə yazıçının özünün yaşadığı mühitdir. Burada ideallaşdırılan mühit, təbiət rəmzləşdirilir və bu rəmzdə yazıçı cəmiyyətdəki mənəviyyatsızlığın faciəsini göstərir. Mənə elə gəlir ki, ilk bədii nəsr nümunələrindən başlayan təbiət-cəmiyyət münasibətlərinin bir sistem halında təsviri S.Azəri nəsrinin özünəməxsus kodlarıdır. Əsərdən əsərə, problemdən problemə yazıçının yaşadığı cəmiyyətin şifrələnmiş kodları açılmağa doğru gedir.

“Duman çəkilir” povestində isə Azərbaycan nəsrində müxtəlif rakurslardan işlənmiş 20-ci illərdə yeni quruluşun gətirdiyi kataklizmləri göstərməyə çalışır; doğrudur bu problem artıq nəsrimizdə müəyyən dərəcədə işlənmişdi, ancaq cəmiyyətin üzərindən çəkilən dumana müəllif münasibətinin orijinallığı və yanaşma yeniliyi ilə diqqəti çəkir. Yazıçı burada bu süjetin ənənəvi inkişaf xəttindən imtina edir; başqa əsərlərdə olduğu kimi bütün var-dövlətini, ictimai nüfuzunu (ona ən çox təsir göstərən də məhz bu idi!) itirən Cəlil bəy dağlara çəkilib mübarizə aparmır, yeni cəmiyyət quruculuğunda iştirak etmək istəyir, hətta dünənəcən nökəri olmuş adamlarla bir yerdə yer də şumlayır, çörək də yeyir. Ancaq özünə və oğluna qarşı olan münasibətlər bu cəmiyyətdə qalıb yaşaması fikrindən daşındırır, Sərxana “ömrümə bircə gün də qalsa oğlun Səməndəri öldürəcəm” deyir, çox düşünüb daşındıqdan sonra Badam xanımı da götürüb dağlara çəkilir. Cəlil bəy başa düşür ki, daha onun zamanı getmişdir, buna görə də yeni cəmiyyətə qarşı mübarizə aparmır, sadəcə özü çəkilir (dumanın çəkilməsinin bir çox mənalarından biri də məhz budur!), istəyir ki, oğlu, qızı bu cəmiyyətdə rahat yaşasın. Ancaq dünənəcən bəy qızı ilə evlənməyi özünə şərəf hesab edənlər vəziyyətin dəyişdiyini görüb onun qızını boşayanlar içərisində yaşamaq ona çox çətin gəldiyindən çəkilmək qərarını verir. Müəllif Cəlil bəy obrazını orijinal boyalarla təsvir edir, həyat, dünya haqqında onun özünəməxsus qənaətləri var; bütün əsər boyu açılan bu qənaətlər içərisində kişilik fəlsəfəsi başlıca yer tutur.

Sabir Azəri nəsrinin əsas xüsusiyyətlərindən biri simvolikanın, bədii şərtiliyin, metaforik qatların bir sistem şəklində olmasıdır; bütün bunlar müəllifə cəmiyyət problemlərini açmağa və oxucunu düşündürməyə geniş imkanlar açır. “Dalanda” romanı, “Günəşə sarı gedəndə”, “Ölə bilməyən adam” povestlərində bu xüsusiyyətlər bir qədər də qabarıq görünür. Romanda əsərin qəhrəmanı Qafarın simasında cəmiyyətdə şəxsiyyətin kökündən uzaqlaşması, dəyişməsi və özgələşməsi problemi qoyulur və bədii cəhətdən uğurla həll edilir. Hadisələrin təsvir edildiyi məkan şərtidir; yəni İçərişəhərin dalanlarından birinin təsviri, əslində bütöv cəmiyyəti təmsil edir. Qafar isə bu cəmiyyətə təsadüf üzündən düşmüşdür; universitetə qəbul olunmuş Qafar adi həyat, məişət çətinlikləri ilə üz-üzə qaldığından özünün həyat prinsiplərindən addım-addım geri çəkilməyə məhkum qalır, kirayə qaldığı evin qızı Fəridə ilə evlənməklə kənddə qoyub gəldiyi anasını və sevgilisi Gülzarı yaddan çıxarır. Əvvəlcə Fəridə ilə münasibətlərinə ötəri bir şey kimi baxsa da getdikcə daha da dərinləşir. Evləndikdən sonra isə Fəridənin çılğın təbiəti, maddi tələbatları, tünd xasiyyəti Qafarı, demək olar ki, hər gün təzyiq altında qoyur, Qafarın “mən haram mal yeməyə öyrəşməmişəm” prinsipinin qarşısında “indi bacarıqlı kişilər haram malın gözünə halal mal qatırlar ki, and içməyə yerləri qalsın” deyə onu da bu cəmiyyətin dəyişmiş bir nümayəndəsi etmək istəyir. Ancaq Qafarın faciəsi yalnız bununla bitmir, o, şəhərdə qalıb işləyərkən də həm qaldığı darısqal həyət və dalan, həm də işlədiyi arxiv onun həyatını da gündən-günə sıxır, darısqallaşdırır. O, başa düşür ki, sərbəstliyini, azadlığını artıq itirmək üzrədir. Əlbəttə, Qafarın problemləri yalnız dalanda qalmır, ondan çox kənara çıxır, bütöv bir cəmiyyətin probleminə çevrilir. Bu cəmiyətdə Fəridə tək deyildir, yaqublar, mürşüdovlar, dursunlar da bu cəmiyyətin keçilməz sədləridir. Bu isə bütöv bir mühit deməkdir, elə bir mühit ki, bu mühitdə pul, var-dövlət insanların əsas məqsədinə, amalına çevrilmişdir, hər şey pula bağlıdır və Qafar bu mühitdə özünü tək, yalnız hiss edir. Bu qətiyyən Qafarın talesizliyi, bəxtsizliyi deyil, bütöv cəmiyyətin faciəsidir. Qafar isə bu cəmiyyətdə axına qarşı gedən tək-tük ziyalılardan biridir; o, təkdir, həyat prinsipləri cəmiyyətin həyat prisipləri ilə üst-üstə düşmür. Ona görə də “heç kəsin yanında gözü kölgəli” olmayan Qafar Yaqubun nəzərində Don Kixotdur: “Ə, sən Don Kixotsan, canımçün əsl Don Kixotsan. İyirminci əsrin Don Kixotu”.

S.Azəri epizminin gücü ilə “Dalanda” romanında dövr, zaman üçün (bəlkə də bütün dövr və zamanlar!) xarakterik olan mənəvi-əxlaqi, psixoloji problemlər bədii cəhətdən uğurlu həllini tapır. Digər əsərləri kimi, bu romanda da yazıçının baş qəhrəmanı böyük bir ictimai, mənəvi yükün daşıyıcısı kimi çıxış edir. Qafarın həyat prinsipləri, müdafiə etdiyi həqiqətin belə tək qalmasının ictimai köklərinə işarələr vurulur. Olsun ki, Qafar kənddə doğulub, boya-başa çatdığı üçün dalan ona dar, sıxıntılı gəlir, yəni o, öz kökündən, ilkinliyindən ayrılmışdır. Ancaq müəllifin başlıca məqsədi cəmiyyət və insan problemidir və bu cəmiyyətdə hər şey insan azadlığının məhdudlaşdırılması ilə bağlıdır. Nəzərə alsaq ki, müəllifin təsvir etdiyi məkan kimi “dalan” məcazi, metaforik mənadadır, o zaman yazıçının cəmiyyət və insan, cəmiyyət və azadlıq problemlərinə yeni bədii münasibətin izlərini görməmək mümkün deyil. Qafarın “dalan”ı tərk edərək doğulduğu məkana getməsi onun azadlığa qovuşması anlamına gəlir.

S.Azərinin qəhrəmanları heç zaman yaşadıqları mühitə seyrçi qalmırlar, yaşadıqları problemləri həll etməyə, analitik-assosiativ təhlillər aparmağa çalışırlar. “Günəşə sarı gedəndə”, “İlk təkan”, “Qorxu”, “Gecə məşəl yanır” və s. əsərlərində yazıçı həayat həqiqəti ilə bədii gerçəkliyin sintezini yaratmağa çalışmışdır. “Ölə bilməyən adam” povestində isə Kor Fətinin faciəsi ictimai münasibətlər fonunda açılır. S.Azəri nəsrinin əsas xüsusiyyətlərindən olan bədii detal üzərində qurulmuş süjet xəttində Kor Fətinin taleyi təsvir edilir. Son günlərini kənddəki evində deyil qəbristanlıqdakı türbədə yaşayaraq ölümünü gözləyən Kor Fətinin kənddən kənar gəzməsi, heç kimin gözünə görünməməsinin, toyda və şərdə iştirak etməməsinindərin ictimai nədənləri var; müharibə zamanı kənd soveti sədri işləyən Kor Fəti camaata qan uddurmuşdu, altlarındakı döşəyə qədər yığıb müharibəyə göndərmişdi. İndi isə müharibə bitmiş, çox şey dəyişmiş, Kor Fətinin arvadı tifdən ölmüş, əlindəki hakimiyyət də itmişdir. Heç kim onu danışdırmır, o isə qəbristanlıqdakı türbəyə gələrək ölümünü gözləyirdi. Ona görə buraya gəlirdi ki, heç kim onun can verməsini görməsin. Yazıçı xalqa qarşı amansız mövqe tutan insanların cəmiyyət tərəfindən kənara atılmasını bədii şəkildə göstərmək istəyir. Əslində Kor Fəti diri-diri özünü basdırmışdır. İndi isə onun Anaxanımdan istəyi odur ki, son nəfəsində camaat keçsin günahından, kəndə gəlsin, insanların arasında ölsün, meyidini beşcə kişi götürsün, üstündə də beşcə arvad ağlasın, istəyir ki, onun da qəbri olsun. Elə bu məqsədlə də Anaxanım arvadın oğlu Elxanın toyuna gedərək “Qazağı” havasına qol qaldırıb oynayır. Elxanın buna dözməyərək onu balta ilə vurmaq istəyinə camaat mane olur. Kor Fəti yenidən üç il gürzə ilanı ilə bir yerdə yaşadığı türbəyə gəlir. Yazıçı gürzə ilanı ilə Kor Fətini qarşılaşdırır. Gürzə heç kəsi durduğu yerdə çalmır, ancaq Kor Fəti insanları çalmış, incitmişdir. İndi isə camaatın onu yenidən qovmasından hirslənən Kor Fəti gürzənin boğazından tutaraq boğur, ancaq adi bir boşluq gürzənin onu biləyindən çalmasına imkan verir. Yazıçı bununla üç il bir yerdə yaşadığı gürzəni də səbəbsiz yerə “çalan” Kor Fətinin kimsəsiz ölümünə işarə edir.

Əlbəttə, burada görkəmli nasir, ziyalı, vətəndaş Sabir Azərinin yaradıcılıq portretinin bəzi məqamları üzərində dayandıq, 72 illik ömür yaşamış yazıçının ədəbiyyat tariximizdəki yerinə qısa ekskurs etdik. Lakin elə bu da yazıçı şəxsiyyəti və yaradıcılığı ilə bağlı müəyyən qənaətlərə gəlməyə imkan verir. Bu qənaətlər isə bundan ibarətdir ki, altmışıncılar nəsrinin bənzərsiz nümayəndəsi sözə, sənətə, xalqına bağlı bir ömür yaşamış S.Azərinin bədii nəsri ötən əsrin ədəbi düşüncəsinin ən yaxşı səhifələrindən birini təşkil edir.

 





28.03.2013    çap et  çap et