525.Az

Elmi məbəd bilən alim


 

Elmi məbəd bilən alim<b style="color:red"></b>

Uzun illərdir eyni tədris müəssisəsində çalışırıq. Amma etiraf edim ki, bu yazının meydana gəlməsinin əsas səbəbi Fərman müəllimin "Dil və real gerçəklik: sistem və struktur münasibətləri" adlı monoqrafiyası ilə tanışlığım oldu.

Səmimiyyətlə deyim ki, Fərman müəllimlə söhbətlərdən həmişə məmnun qalmışam və bu söhbətlərin əksəriyyətində elmdən, onun insanlığın xilasındakı rolumdan danışmışıq. Elmin xilasedici gücünə Fərman müəllim - filologiya elmləri doktoru Fərman Zeynalov  qədər inanan az adam tanıyıram. İlk baxışda qaraqabaq insan təsiri baxışlayır. Bəli, məhz ilk anda. Elmdən, onun müxtəlif sahələrindən söhbət düşəndə sanki dəyişir, çöhrəsi işıqlanır. Fərman Zeynalov elm üçün dünyaya gəlib. Elmlə nəfəs alır. Öyrənməyə can atan və dünyanın gərdişindən xəbərdar olan adamlarla onu daha  tez-tez bir yerdə görmək olur. Elmlərin kökü və qarşılıqlı əlaqəsi Fərman müəllimi düşündürən problemlərdəndir. Dilin, xüsusən, Azərbaycan dilinin fonetikasını digər dillərlə vəhdətdə öyrənən alimdir. Fonemlərin yaranması ilə bağlı bəzən qəribə təsir  yaradan, maraqlı və maraqlı olduğu qədər də faydalı tədqiqatların müəllifidir.

F. Zeynalovun daha bir yazısı - "Dil və mədəniyyətdə oxşar ritmik-melodik strukturlara dair" adlı məqaləsi qaldırılan problemlə bağlı təsəvvürlərimi daha da genişləndirdi. Onun özündən əvvəlki alimlərə tənqidi, amma rəğbətli yanaşma tərzi sələf-xələf münasibətlərini müəyyənləşdirməyin simvolu təsiri bağışlayır. Fərman müəllimin öz ideyalarına münasibətində bir az qəribə, bir az həzin ton var: Həyata, dünyanın ziddiyyətli tarazsızlığına yola salmağa hazırlaşdığın bir övlada münasibətlə müqayisə etmək olar bunu.   Ağacın budaqlarını qırarsan, növbəti yazda yenə pöhrələnər, çox keçmədən bu pöhrələr möhkəm  budaqlara çevrilər. Gövdəsi vurulmuş ağac da özünü toplayıb canlanır, bəzən  əvvəlkindən də çox bar verir. Amma bu fikirləri kökləri məhv edilmiş ağac haqqında söyləmək olmaz. Kök məhv oldusa, ağacdan əlini üz! Anologiya gətirsək, nəticəyə gəlmək olar ki, elmin əsaslarına, kökünə istinad etmədən, onun xüsusiyyətlərini bilmədən, genetik haləsinə bələd olmadan gözəçarpan nailiyyətlər qazanmaq mümkün deyil,- bunlar Fərman müəllimin  fikirləridir. Tədqiqatlarında, hansı istiqamətdə araşdırma aparmasından asılı olmayaraq öz fikirlərinə sadiq qalır. Mütləq mənada istədiyinə nail olur, desək, səhv etmiş olarıq. Və dünya elm tarixində də elə bir tədqiqatçı olmayıb ki, ideyalarının hamısını həyata keçirə bilsin. Yeganə çıxış yolu özünün elmi məktəbini yaratmaqdır. Yəqin ki alim özü bu məktəbi yaratmağı qarşısına məqsəd qoymur. Amma onun yaradıcılığı, bu yaradıcılıqdan birbaşa və dolayısı bəhrələnən elmsevərlər məktəbin yarandığının göstəricisidir.

Fərman müəllim təsadüflərə istinad edib elmi fikirlər söyləməyin, ümumiləşdirmələr aparmağın əleyhinə çıxaraq yazır: "Milli mədəniyyətdə ortaqlıq prinsipinin mövcudluğu istər-istəməz belə bir təbii sual ortaya çıxarır ki, milli mədəniyyət və incəsənət nümunələrində izomorf ritmik strukturları formalaşdıran hansı amillərdir? Bəzilərinə elə gələ bilər ki, belə oxşarlıq müəyyən təsadüflərin nəticəsi ola  bilər. Bizim nəzərimizcə, burada heç bir təsadüf yoxdur, əksinə, təbii qanunauyğunluq   vardır... Dilin inkişafının müxtəlif dövrlərində dil ilə xalq ruhunun, təfəkkür və düşüncə tərzinin,  psixologiyasının, xarakterinin, mədəniyyətinin, adət-ənənəsinin, ədəbiyyatının, tarixinin və s. sıx bağlı olması barədə dilçilərin, filosofların,psixoloqların söylədikləri müxtəlif səpkili fikirlər bu gün öz əyaniliyini vizual formada ilkin olaraq tanınmış Azərbaycan alimi Xudu Məmmədovun elmi təcrübi araşdırmalarında tapır".

Fonetist  alimdir. Ömrünün çox böyük bir hissəsini bu dəyərli işə həsr edib. Amma gəldiyi nəticələrə şübhə ilə yanaşıldığı vaxtlar da olub. Xüsusilə fonetikanın tətqiqində yeni yanaşmalara müraciət edəndə, ənənələrdən kənara çıxanda. Bəlkə də fikri bir qədər dəqiq ifadə etmədim: Axı, Fərman müəllimin araşdırmaları fonetikanın, bütövlükdə dilçiliyin ənənələrinə söykənib, ilki üzə çıxarmaq olub. Elə həmin məqamlarda fonemlərin yaranmasının qanunauyğunluqları dilçiləri düşündürməyə başlayıb. Nəticələrdən biri Fərman Zeynalovun adı ilə bağlıdır: Fonetikanın elmi əsası, fonemlərin yaranmasının kökü təbiətdə axtarılmalıdır. Bəzən o qədər heyrətamiz nəticələr meydana çıxır ki, cansız təbiətin belə bir mükəmməl varlıq yarada biləcəyi fikri tərəddüdlərə gətirib çıxarır.

 Xalqların müxtəlifliyi və bu müxtəlifliyin ziddiyyətə yox, barışığa, dincliyə xidmət etməsi insanlığın əbədi arzularındandır. Humanitar elmin tədqiqatçılarının üzərinə bu baxımdan daha məsuliyyətli vəzifələr düşür. Humanitar sahənin tanınan araşdırıcısı kimi F.Zeynalov yaradıcılığında    bu məsələlərin dilçilik baxımından təhlilinə xeyli diqqət ayırıb: "Xalqlar müxtəlif olduğu kimi, onların dilinin, mədəniyyət nümunələrinin və incəsənət əsərlərinin ritmik çeşidi,cizgisi, avazı da müxtəlifdir. Yəni qeyri-izomorf quruluşludur. Belə ki bir xalqda mövcud olan melodiyalar, avazlar onlara zövq, şənlik gətirdiyi təqdirdə, başqa xalqlarda bu hissi yaratmır... Hər bir xalqda özünəməxsus fərdi musiqi kanonu olduğu kimi, xalqlar da bir-birindən təkcə xüsusiyyətinə görə deyil, eyni zamanda musiqi zövqünə görə də fərqlənirlər".

Araşdırdığı problemin aktuallığı Fərman müəllimin həmişə diqqətdə saxladığı cəhətlərdəndir. Sonra konkret mövzu ilə birbaşa və ya dolayısı bağlı olan amillərin təsirinin vəhdətdə nəzərdən keçirilməsi, nəticələrin başadüşülən şəkildə ifadə olunması, ümumiləşdirmələrin nəzəri və praktik faydalılığı-  bunlar da doktor Zeynalovun yaradıcılığında nəzərə aldığı prinsiplərdəndir. Hər birimiz, digər canlılar və bunlarla bağlı olanların hamısının əsasında təbiət, geniş və dar mənada mühit dayanır. Ona görə də F.Zeynalovun öz ideyalarının hər birində, istisnasız olaraq, bunları nəzərə alması təbiidir,  qanunauyğundur.

Alimin, tədqiqatçının gəldiyi nəticələrin əhəmiyyəti, yaradıcılığının elm sistemində tutduğu yer, mövqe həm də  mütəxəssislərin rəylərinə istinad olunaraq qiymətləndirilir. Bu cəhətdən də Fərman Zeynalovu yüksək reytinqli alim kimi dəyərləndirmək olar. Belə rəylərdə  elmi nəticələrə  görə Fərman müəllimin "ilk" hesab olunması adamda qürur hissi yaradır. Məsələn, keçmiş SSRİ-də  tanınmış və nüfuzlu alimlərdən biri olan N.Canaşi  xüsusi olaraq qeyd edir ki,  "cümlə vurğusu" anlayışını türkologiyaya məhz F.Zeynalov gətirib.

F.Zeynalov tədqiqatlarının birində obyektiv sualla çıxış edərək yazır ki, bir halda ki, təbiətin özünü qurub yaşatması prosesində əlahiddə rol oynayan fiziki və kimyəvi qanunlar hər yerdə eynidir, bəs necə olur ki, Yer kürəsində insanlar eyni dildə deyil, müxtəlif dillərdə danışırlar? Necə olur ki, anatomik cəhətdən eyni quruluşa və eyni fizioloji funksiyaya malik danışıq üzvlərində müxtəlif səs çalarları, müxtəlif artikulyasiyalar, səs düzümü, danışıq ritmi, tonlar, nitq mizanları və nəhayət, bir-birindən tamamilə seçilən fonetik nuanslar, fərqlər meydana gəlir? Müəllifə görə, bu suala müxtəliflik yaratmaq baxımından təbiətin ən böyük fiziki, kimyəvi, bioloji və fəlsəfi prinsipləri olması əsasında cavab tapmaq olar. Lakin bu müxtəlifliyin eyni Ana kökdən budaqlanması da təbiətin dəyişməz qanunudur. Baş verən bütün dəyişikliklərin və rəngarəngliklərin əsasında, heç şübhəsiz, Günəş enerjisi (istiliyi) və şüaları ilə müşayiət olunan təbiətin öz təbii ritmi durur. Ritm, Kainatın da, canlının da ən universal əlamətidir. O, canlı və cansız təbiətə xas olub, onların daxili dinamikasını səciyyələndirir. Və bu daxili dinamika öz enerjisini Günəşin nurundan alır. Belə ki Günəş istiliyinin qeyri-bərabər paylanmsı və ilin müxtəlif fəsillərində Günəş şüalarının Yerə müxtəlif bucaq altından düşməsi nəticəsində ayrı-ayrı coğrafi ərazilərdə təbiətin ritmik ahəngi də, düzümü də, tempi də, pulsari dinamikası da müxtəlifləşir. Beləliklə, hər bir coğrafi məkanın öz təbii ritmi yaranır və həmin ərazinin canlı və cansız aləmi o ritmdə "nəfəs alır", öz inkişafını formalaşdırır, təkmilləşdirir. Belə ki tarixi inkişafda xarici mühit amillərinin ritmik ahənginə, quruluşuna uyğun, həmin ərazidə yaşayan insanların (xalqların) daxili aləminin özünəxas ritmi formalaşır. Xarici mühtin ritmi ilə insanların daxili bioloji ritminin həmahəng formalaşması günəs enerjisinin, həm də torpağın birbaşa təsiri və həmçinin qida maddələrindən orqanizmin əldə etdiyi enerji (maddi-mənəvi) vasitəsilə həyata keçirilir. Nəticədə xarici və daxili ritmik quruluşların arasında həmahənglik yaranır. Həyat və xarici mühit insanları öz ritminə uyğun nizamlayır. Yəni kimyəvi tərkibi oxşar olan maddələr eyni formalı kristallar əmələ gətirdiyi kimi, eyni coğrafi ərazinin təbii ritmi də insanlarda komplementar ritmik quruluşları formalaşdırır. Ayrı-ayrı xalqların dilinin və poetik nitqinin daxili quruluşunda ümumi, ortaq cəhətlər olmasına baxmayaraq, dillərin özlərinin səs düzümü, nitqin ritmik axını, eləcə də poetik vəzn baxımından fərqlənir.

Fərman müəllimin əsas elmi fəaliyyət sahəsi fonetika, fonologiya, dilçiliyin ümumi problemləri, o cümlədən, dilin sistem və strukturu, dil, kristalloqrafiya, dil və genetik kod, dil və izomorfizm, dil və ritm, dil və musiqi, dil və poeziya, dillərin quruluş müxtəlifliyi məsələsi, dil və mədəniyyət, ritmik strukturların (milli dilin və milli mədəniyyətin (incəsənətin)) izomorfluğu, dildə fonogenetik qanun və s. problemlər təşkil edir. F.Zeynalovun elmi-pedaqoji fəaliyyətinin nəticəsi onun 7 kitabında, iki monoqrafiyasında və 140-a qədər məqaləsində öz əksini tapıb. O, 2009-cu ildə "Vektor" Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə "XXI Əsr Azərbaycan Ziyalıları" Beynəlxalq layihəsinin qalibi olub və "XXI Əsrin Azərbaycan Ziyalısı" Beynəlxalq diplomu ilə təltif edilib. Fərman müəllimin elmi-pedaqoji fəaliyyətini qiymətləndirən Azərbaycan Respublikası Təhsil Nazirliyi ona "Qabaqcıl təhsil işçisi" adı verib.

Əlbəttə, fərqindəyəm ki, dəyərli oxuculara Fərman müəllimin tərcümeyi-halı barədə məlumat verməliyəm. Bunu da edirəm: Fərman Hüsən oğlu Zeynalov indi düşmən tapdağı altında inləyən rayonlarımızdan birində - Cəbrayıl rayonunda dünyaya göz açıb. İlk təhsilini Hacılı kəndindəki  yeddiillik məktəbdə alıb. Rayonun Şükürbəyli kəndində orta məktəbi bitirdikdən sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa Dilləri fakültəsinə daxil olub. Təhsili əla qiymətlərlə bitirdiyinə görə Elmi Şuranın qərarı ilə  institutda müəllim saxlanılıb. O çox da uzun olmayan bir zaman kəsiyində indiki dildə desək, filologiya elmləri üzrə fəlsəfə doktoru olub. Elmi araşdırmalarını davam etdirərək filologiya elmləri doktoru adına layiq görülüb. Əsərləri, çap etdirdiyi monoqrafiyalar, elmi konfranslardakı çıxışları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.  Hazırda vaxtilə müəllim kimi fəaliyyətə başladığı kafedraya rəhbərlik edir.

Biz də həyatının müdriklik dövrünü yaşayan Fərman müəllimə yeni-yeni nailiyyətlər, sağlamlıq və uzun ömür arzulayırıq.

Oqtay ABBASOV
ADU-nun dosenti, yazıçı-şair

 





08.11.2016    çap et  çap et