525.Az

50 il studiyada


 

50 il studiyada <b style="color:red"></b>

Müsahibimiz Azərbaycan Radiosunun diktoru, respublikanın Xalq artisti Əli Məhəmmədoğludur. 

- Əli müəllim siz uzun müddətdir ki, Azərbaycan radiosunda diktorsunuz.  Radioya ilk gəldiyiniz günü yəqin ki, xatırlayırsınız?

- Çox gözəl yadımdadır. Radioya ilk gəldiyim gün 1966-cı ilin sonlarına təsadüf edir. Onda bura Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adlanırdı.

25 yaşım var idi. Mənim diktorluğa həvəsim orta məktəb illərindən başlayıb. Aydın Qaradağlının əmisi oğlu Kamal Qaradağlı fizika müəllimim idi və məni bu sənətə o həvəsləndirmişdi. Bu arzu ilə İncəsənət Universitetinə daxil oldum və təsadüf belə gətirdi ki, əvəzolunmaz diktorumuz Rafiq Hüseynli ilə bir kursa düşdük. Xalq artisti Ramiz Həsənoğlu, Oqtay Yəhyayev, iki rejissor, bir diktorla eyni kursda oxuyurdum. Günlərin birində eşitdim ki, müsabiqə keçirilir. Müsabiqəyə qatıldım və illərlə ürəyimdə gəzdirdiyim arzuya, radioda işləməyə  nəhayət ki, nail oldum. 

Rafiq Hüseynli məni baş diktor Ramiz Mustafayevlə tanış etdi. Sabutay Quliyev Proqram və Buraxılış redaksiyasının baş redaktoru idi. Nitqimdə müəyyən qüsurlar, ləhcə hiss olunurdu. Mənim səsimə qulaq asandan sonra, Ramiz Mustafayev Sabutay müəllimə dedi ki, ləhcəsi çoxdur. O da bildirdi ki, səsi gözəldir, məşğul olsaq düzələr. Onların hər ikisinin, eyni zamanda çalışdığım bütün  diktorların mənim həyatımda böyük rolları olub. 1967-ci il iyulun 24-də mənim əmrimi verdilər və bu vaxta kimi də burdayam.

- Siz radioya gələndə diktorlardan başqa kimlər vardı?

- Yaşlı nəsildən o vaxt  Fatma Cabbarova, Züleyxa Hacıyeva, Aydın Qaradağlı, Sabutay Quliyev, Ramiz Mustafayev, Yusif Muxtarov, Qara Tağızadə, Sabir Ələsgərov, Davud Əhmədov, Sevda Məmmədzadə, Zərifə Yusifova, Ofelya Sənani, Südabə Manaflı, Nurəngiz Quliyeva (Nurəngiz Gün şair), Məhəbbət Məmmədli, Rəna Məmmədova, məndən sonra isə o biri nəsil gəldi .

- Əvvəllər radioda diktorluq peşəsi vardı, sonradan aparıcılıq sənəti ortaya çıxdı və təbii ki, bunlar iki ayrı-ayrı fərqli sahələrdir.

- Tam fərqli sahələrdir. O zamanlar ancaq diktorluq sənəti vardı. Diktorun da əsas vəzifəsi xəbər oxumaqdır. O vaxtlar radio əməkdaşları Moskvaya qulaq asırdılar. Ordan tərcümə edirdilər. Bizim böyük jurnalistlərimiz vardı, Valid Sənani, Tofiq Rüstəmov, Hacı Hacıyev, Rafiq Ağayev (Rafiq Savalan), gözəl jurnalist, qələm sahibi, professor Yalçın Əlizadə. Bax belə adamların əhatəsində işləmişik. Aparıcılardan fərqli olaraq diktor başqasının yazdığı mətni oxuyur. Lakin onu elə təqdim etməlidir ki, dinləyici ilə ünsiyyətdə ikinici şəxs olduğu bilinməsin. Özünküləşdirməli, öz materialı kimi qələmə verməlidir. Eyni zamanda da dinləyici onun səsindən zövq almalıdır. Diktorun səsi onu cəlb etməlidir.

- Deyirlər ki, radioda çalışan diktorlar öz səs tempinə, ifa tərzinə görə bir-birlərindən xüsusi ilə fərqlənir. Bənzərsiz səslərə görə onların hər biri ayrılıqda məktəb hesab olunurdu.

- Çünki o vaxt seçilənlərə düzgün fikir verilirdi. Minlərlə insandan bir nəfər seçilərdi. Ən yaxşı natiqlərə üstünlük verilirdi və onlar da  ustadların nəfəsinə fikir verə-verə çox şey öyrənirdilər. Bu gün isə peşəkar kadr hazırlamaq üçün ən adi incəliklərə varmaq zərurəti yaranıb. O vaxt gənclərə  iradlarını söyləyirdilər, ən çox da cavanlar hər sözdən nəticə çıxarırdı. Bu gün mən uzun illərin təcrübəsindən və o böyüklərdən öyrəndiklərimi bax bu tərzdə onlara tədris edirəm ki, məqsədə bir az da tez çatılsın. O vaxt bir diktorun yetişməsi üçün 11 ay lazım idi. Bu müddət ərzində o özünü göstərə bildisə bu diktordur, yox əgər doğrultmadısa, onu yola salırdılar. Əvvəlcə işə təcrübəçi diktor kimi əmrini verirdilər. Əgər o öhdəsindən gəlirdisə üçüncü dərəcə alırdı. Sonra iki, sonra da birə layiq görülürdü.  Ali dərəcəyə qədər  yüksəlirdilər. İndi dərəcə yoxdur. O vaxt radiofonik səsə fikir verirdlər. Çöldə ağzını açan kimi insanlar diktorların hamısını  səslərindən tanıyırdılar.

- Əli müəllim, sizin səsinizlə yazılan yüzlərlə radioəsər "Qızıl Fond"da saxlanılan unikal lent yazılarıdır. Bu gün radioyayım genişlənib. Özəl radioların sayının artması ölkədə demokratiyanın təzahürüdür. Peşəkar bir insan kimi onlara qulaq asanda təbii ki, danışıqdakı səhvləri görürsünüz, iradlarınız  olur. Ən çox hansı meyarlar pozulur.

- Ən çox Azərbaycan dilində bu saat rus dilindən keçmə "o" hərfinin "a" hərfi kimi oxunmasıdır. İndiki bəzi aparıcılarımız deyir ki, "aktyabr", "nayabr" və s. Rus dilinin qrammatikasında belə bir qanun var. "O" hərfi birinci hecada gəlirsə və ona vurğu düşmürsə "a" kimi oxunur.  "Moskva" "Maskva" , "Rostov" yazılır "Rastov" oxunur. Çünki vurğu axıra düşür.

Rusların özünün də böyük bir səhvi var ki, alınma sözləri də bunlar belə ifadə edirlər. Belə tələffüz edirlər. Məsələn mənim yadımdadır.  Bizim bir çobanımız var idi, Boran Quliyev. O vaxt Sovet dövründə ona Sosialist Əməyi Qəhrəmanı adı verdilər. Moskva radiosu oxuyurdu ki, "çaban iz Azerbaydjana Baran Kuliyev". Görün o qanun nə qədər təhrifə gəlib çıxardır. Bu qanun öz dillərinə aiddir, alınma sözlərə şamil edilə bilməz.

O vaxt Fransa prezidenti Jorj Pompidu Moskvaya gəlmişdi. Onun adının tələffüzü düzgün vurulmadığı üçün fransızca əks məna verdiyindən növbəti xəbər buraxılışında elə olduğu kimi oxundu. Səhər oxudular ki, "Jorj pampidu pribıl Moskvu".

Mən bura gələndə radioda danışıq zamanı proqram, operator deyilirdi. İndi "o"ları "a" kimi oxuyurlar. Bu düzgün deyil. Bizim dildə Moskva sözü "a" ilə oxunursa, sən onu "a" ilə yazmalısan. Bəziləri "kanfrans", "kamitə", "manqol" və s. yüzlərlə sözləri səhv deyir. Dilimizdə bu cür danışıq get-gedə çoxalır, demək olar ki, baş alıb gedir. Danışıq dilində birinci çatışmayan cəhətimiz "o" hərfinin "a" kimi oxunmasıdır.

Başqa dillərdə, məsələn, türk dilində necə yazılır, elə də oxunur. Bizim dildə isə fərqlidir. Dilimizdə "q" hərfi ilə qurtaran sözlər var. Məsələn "otaq", "uşaq" və s. Heç vaxt "q" ilə qurtaran sözlər yazıldğı kimi oxunmur. Ya "x", ya da "ğ" şəklində tələffüz olunur. Adlıq halında "x" şəklində işlənir. İndi aparıcılar deyir ki, "uşaqlar", ya da "uşağlar", bunların hər ikisi səhv deyilişdir. "Uşaxlar" kimi tələffüz edilməlidir. Əgər bu sözlər hallanarsa, özündən sonra sait gələndə "q" hərfi "ğ"-ya, samit gəlsə "x"-ya çevrilir. Məsələn, "uşağdan xəbər al" səhvdir, "uşaxdan xəbər al" deyilməlidir. "Q"-nın "x" əvəzinə "ğ" oxunması danışıq dilinin əsas problemlərindən biridir.

Sözün axırında gələn "k" hərfi ilə bağlı da oxunuşda ciddi səhvlər var. Məsələn, kömək sözünü "kömək" kimi deyirlər. O vaxt belə oxunuş düz olardı ki, "k"-dan sonra sait gəlsin. "Köməyə gəlin", "küləy əsəcək". Özünü professional sayan bəzi dırnaqarası diktorlarımız oxuyur "külək" əsəcək. "Döşək ağı", "döşəy ağı" deyilməlidir. "Külək" sözü tək halda "k" ilə "h"nın qarışığı olan bir səslə işlənməlidir "külə(h)". "Köməklik" sözü, "köməhlik" olmalıdır. Çox asan tələffüz olunur, əsl danışıq dilidir. Mən uzun illərin təcrübəsinə və özümdən qabaqkı diktorlar nəslinin təcrübəsinə əsasən bunları deyirəm. 

Hətta yazılı mənbələrə baxa bilərlər. Bizim alimlərin hazırladığı yeni opfeofiya lüğətlərinin bəzilərində də səhvlər yetərincədir. Unudublar ki, danışıq dilini düzgün əsaslandırmaq üçün radionun diktorlarından, televiziyanın diktorlarından öyrəniləsi bəzi şeylər var. Azərbaycan dilində ən düzgün danışanlar radio və televiziyanın keçmiş diktorları, Sovet dövründəki nəsildir. İndi cavanların dili çox qarışıqdır və əksəriyyəti də heç öyrənmək istəmir.

Televiziya kanallarının birində belə bir süjet gedir. Bir qadın haqqındadır. Jurnalist deyir ki,  bu qadın uzun müddətdir "tokar"çı işləyir. O sözün Azərbaycan dilində tərcüməsi "torna"dır, "torna dəzgahı". Orda işləyən adama da "tornaçı" deyirlər...

Yollardakı qayda-qanunla bağlı polis podpolkovniki  tez-tez efirlərə müsahibə verir. Dəfələrlə efirdə deyir ki, "piyada"çı yol hərəkəti qaydalarını pozub. "Tokar"çı sözündə olduğu kimi burada da "çı" şəkilçisi artıqdır.

Danışıq dilinin düzgün öyrədilməsi prosesi məktəblərdən başlamalıdır. Mənim həmişə arzum olub ki, ibtidai sinif müəllimləri hazırlayan universitetlərdə danışıq dilindən dərs deyən insanlar, mütəxəssislər, sənətkarlar olsun. Zəngin dilin qayda-qanunu odur ki, bir cür yazılır, başqa cür də oxunur. Bizim dildə zənginlik daha çoxdur.  Bir cür yazılıb, başqa cür oxunan sözlər bizdə də çoxdur, nəinki rus dilidə.

- Eyni zamanda vurğuya da ciddi fikir verilmir.

- Bəli, haqlısınız. İ'yul, i"yun, deyirlər. Azərbaycan dilində ümumiyyətlə heca vurğusu yoxdur. Burada vurğunu birinci hərfdə vururlar. Halbuki bu ayların hamısında vurğu axırıncı "n" hərfinin üstünə düşməlidir. Yeganə avqust kəlməsində birinci hecaya vurğu vurulur.

Loq sonluğu ilə qurtaran sözlər, tutaq ki, "nekroloq", "kataloq", "epiloq", "proloq", "dialoq", "monoloq" və s. sözlərdə  vurğu axıra vurulur. Bəzən dilçi alimlər də bu məsələdə yanılırlar. Bir dənə ixtisas bildirən sözlər istisna olmaqla, "fizioloq", "bioloq", "kulturoloq" və s. sözlərdə vurğu fərqlidir. Qalanlarda isə axıra düşür.

- Əli müəllim, hər bir radio öz səsi ilə tanınır. Öz siması ilə, öz kadrları, şəxsiyyətləri ilə. Azərbaycan Radiosu gözəl səs sahibləri olduğu üçün digərlərindən seçilir. Qayıdaq söhbətin əvvəlinə. Siz ilk olaraq hansı verilişə gəldiniz, 50 ildə hansı verilişlər daha çox yadda qalıb.

- O vaxt birinci növbədə diktorlar xəbər oxuyurdular. Redaksiyaların xoşları gəlsəydi diktordan başqa verilişlərin oxumasını istəyirdilər. "Tələbəlik illəri" verilişi var idi. Ədəbiyyat redaksiyasından cürbəcür verilişlər gedirdi. Gənclər redaksiyasına Arif Şəfizadə adlı bir baş redaktor, gözəl bir ziyalı rəhbərlik edirdi. Fəridə Aslanbəyova onun müavini idi. Sonra Fəridə xanım Baş redaktor oldu. Onların verilişlərində çox oxumuşam. Ümumiyyətlə ilk illər xəbər oxuyurdum, əsas verilişlərim televiziyada kadrarxası mətnlər olub, 30-35 il televiziyada müxtəlif redaksiyalarda verilişləri oxumuşam.

- İndi siz daha məsuliyyətli bir işi də öhdənizə götürmüsünüz. Azərbaycan Radiosunda yeni gəncliyə danışıq üslubiyyətini öyrədirsiniz.

- Mən həmişə yeni nəsilə,  eyni zamanda kollektivimizin hər bir üzvünə deyirəm ki, bir gün gələcək, mən burdan gedəcəm. Nə sözünüz olsa, hansı cümlə, sözlə bağlı şübhəniz olsa mənə rahatlıq verməyin, daima zəng vurun, canla-başla qulluğunuzda hazıram. Onu  arzu edirəm ki, estafeti qəbul edib gətirdiyimiz və onlara təhvil verdiyimiz bu Ana Radionu həmişə uca tutsunlar. "Ana Radio"muzda doğma  dilimizin keşiyində həmişə şərəflə dayansınlar. 

- Sizin səsinizdə yüzlərlə veriliş "Qızıl Fond"da saxlanılır, deməli səsiniz həmişə radiodan eşidiləcək. Bu il "Ana Radio"muzun 90 yaşı, sizin efirə gəlməyinizin isə 50 illiyi tamam olur.  Hər iki tarixi hadisə, yubileylər münasibəti ilə sizi təbrik edirik.

- Çox sağ olun, təşəkkür edirəm. Mən radioya çox bağlı insanam. İndinin özündə də özümü onsuz təsəvvür etmirəm. İki gün ayrı qalanda narahat olur, sanki bura gələndə canıma qüvvət, ayağıma güc, gözümə işıq gəlir. Mən həyatımdan çox  razıyam. Sevinirəm ki, bura yeni qədəm qoyan gənclərə peşənin sirlərini, radioda danışıq tərzini öyrətməyə çalışıram. Bu 50 ildə özümün öyrəndiklərini, bildiklərimi gənclərə öyrətməkdən qürur duyuram. O ki qaldı, fonddakı verilişlərə, səsimdə yazılan dəyərli nümunələrə, onların hamısı xalqın milli sərvəti, səs səlnaməsidir. Çox şükürlər olsun ki, bu sərvətin toplanmasında və gələcəyə ötürülməsində mənim də az-çox əməyim var. Mənim üçün doğma olan bu məkanda çalışan həmkarlarımı, kollektivin hər bir üzvünü 90 illik yubiley münasibəti ilə təbrik edirəm. Bayramınız mübarək.

Şəlalə MƏHYƏDDİNQIZI
Azərbaycan Radiosunun əməkdaşı

 





08.11.2016    çap et  çap et