525.Az

Gül kimi bir xanım...


 

Gül kimi bir xanım...<b style="color:red"></b>

Mina RƏŞİD

FƏRİDƏ HACIYEVANIN YUBİLEYİNƏ

Onu necə tanıdım?

Neçə gündü ürəyimdə onunla danışıram. Yadıma tanış olduğumuz zamanlar düşür. Sonra elə olur ki, M.F.Axundov adına Milli Kitabxanaya işə qəbul edilirəm. Təsadüfən bu istiqanlı, gülərüzlü xanımın rəhbərlik etdiyi bölmədə işə başlayıram. Bir tədbirdə onun şair olduğunu öyrənmişdim. Daha doğrusu, Mədəni-Maarif Texnikumunda tələbələrlə görüşündə müxbir kimi iştirak edib, “525-ci qəzet” üçün yazı yazmışdım. Yaxından tanımadığım bu ağır təbiətli xanımdan eşitdiyim təşəkkür bəlkə də yazıma görə eşitdiyim ilk təşəkkür idi. Elə onda onun adi, təsadüfi bir insan olmadığını anlamışdım. Beləcə əsl tanışlıq kitabxanada başladı. Onun yanında çalışdığıma görə özümü yaxşı hiss edirdim. Onda mən hər adama yovuşa bilmirdim, xüsusilə soyuqqanlı adamı görəndə düşünmədən ondan uzaqlaşırdım. 2001-ci il idi, yataqxanada elə bir otaqda yaşayırdım ki, tavandan çirkli su tökülürdü. Başımı götürüb işə qaçırdım. Bir gün soyuqlamışdım, möhkəm öskürürdüm, həmin çətin anlarda Fəridə xanımın mənə balla çay verməsini ömrü boyu unutmaram. Ümumiyyətlə, hər kəsə qarşı diqqətli idi, xeyirxah bir insandı, onun qəlbində paxıllıq, qaraltı görmədim. Bunu Fəridə xanımın bu günlərdə Yazıçılar Birliyində keçirilən 60 illik yubiley tədbirində də söylədim.

O vaxtlar kitabxanada maaşlar da çox cüzi idi. Ona görə də “Azərbaycan – XXI əsr” adlı qəzet fasilədən sonra yenidən açılanda orada işləməyə başladım. Maaşım kitabxanadakından qat-qat yüksək idi. Amma hara getdimsə, Fəridə xanımla əlaqəni kəsmədim. Sonra arada onunla bağlı yazılar da yazdım, hərdən kitabxanada görüşdüm, telefonla danışdım artıq mənim üçün doğma bir insana çevrilən Fəridə xanımla. 

Ana kimi 

Fəridə xanımın iki övladı var. Mən bilirdim o necə anadı. Amma yubileyində övladlarını, nəvələrini görəndə bunu daha aydın hiss elədim. Qızı Zöhrə xanıma söz veriləndə titrədi, “Mən anama nə arzulayaram, canı sağ olsun, həmişə bizimlə olsun” – dedi, gözləri yaşardı. Oğlu Sənan gitarası ilə anasının “Şuşa”- ya yazdığı bayatılarını nəğməyə çevirib elə bir avazla oxudu ki, hər kəsin gözləri yaşardı, Şuşa həsrəti selə döndü...

...Sinəmdə dağdı Şuşam,
Ölməyib sağdı Şuşam,
Xarı bülbül yol azıb-
Viranə bağdı Şuşam.

Şuşada uca dağlar,
Qocadan qoca dağlar,
Nə ola, duman olu
Səni bir qucam, dağlar! 

Gəlini Səidə xanım mehriban siması ilə yadımda qaldı, hələ nəvələri ... Onun mehriban ailəsinə baxanda düşündüm ki, insan üçün bundan da böyük xoşbəxtlik olarmı?

Ləyaqətlə keçilən yollar

Fəridə Hacıyeva 1971-ci ildə Krupskaya adına Kitabxanaçılıq Texnikumunu, 76-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. 1983-1992-ci illərdə Mədəniyyət Nazirliyi nəzdində Aşıqlar Birliyinin metodisti, daha sonra folklor şöbəsinin müdiri olub, 1992-ci ildən isə M.F.Axundov adına Dövlət Kitabxanasında Dövri Mətbuat bölməsinə rəhbərlik edir.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Gül açan xatirələr”, “Ümid çırağı”, “İtirilmiş yurd yeri” adlı pyesləri qəbul edilib. Görkəmli rumın şairi Mixay Emineskudan dilimizə tərcümə etdiyi şeirlər “Ulduzlardan pay istərəm” adlı kitabda çap olunub. Aşıqlar Birliyi, Aşıq Pəri Məclisinin, Yazıçılar Birliyinin, Məhsəti Gəncəvi Məclisinin və onun idarə heyətinin üzvü olan Fəridə xanım 2000-ci ildən Azərbaycan-Rumıniya Mədəni Əlaqələr Birliyinin üzvü və sədr müavini olub. 2003-cü ildə “Araz” ali ədəbi media mükafatının fəxri diplomuna layiq görülüb.

2004-cü ildə Məhsəti Gəncəvi adına fəxri diplomla, “Qızıl qələm” fəxri media mükafatı ilə təltif edilib. 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin fəxri diplomunu alıb, 7 kitabın müəllifidir.

2010-cu ildə Prezident təqaüdünə layiq görülüb. Türkiyənin Konya şəhərində “Mövlana və Mövləvilik” simpoziumunun iştirakçısı olub. Türkiyədə dəfələrlə şeirləri çap edilib.

Onun dünyası 

...Həmişə düşünürəm ki, insan o vaxt daxilən rahat, gözü-könlü tox olar ki, onun içində ayrıca gözəl bir dünyası olsun. Fəridə xanımın belə ayrı bir dünyası var. Ona görə real dünyada adamlarla münasibətdə belə ifrata varmır. Hətta telefonda da qısa, konkret danışır. Daha qeybətə, artıq söz-söhbətə yer qalmır. Və bu xasiyyət onunla danışan adama da sirayət edir və bilir ki, o insan artıq söz-söhbətdən çox uzaqdı. Fəridə xanımı yaxından tanıyan biri kimi deyə bilərəm ki, o, nəyi qazanıbsa alnıaçıq, üzüağ nail olub bunlara.

Ona olan sevgi

Yolda tıxaclar olduğundan yubiley mərasiminə bir neçə dəqiqə gecikmişdim. Bütün yerlər tutulmuşdu, xeyli qələm dostu qapının ağzında gözləyirdi. Çox çəkmədi ki, hər kəs yerbəyer oldu. Baxdım ki, tədbir iştirakçılarının əksəriyyəti xanımlardır. Sanki kişi müəlliflər bir az geri çəkilib meydanı xanımlara vermişdilər. Aparıcı, çox sevdiyim Natəvan Dəmirçioğlu iştirakçıları bir-bir təqdim etdikcə özü də Fəridə xanımın yazılarından, onun mənəvi keyfiyyətlərindən təmkinlə söz açırdı. Tədbirdə ilk sözü Xalq şairi Fikrət Qoca söylədi. Sonra tənqidçi Əsəd Cahangir F.Hacıyevanın yaradıcılığı ilə bağlı məruzə etdi. Daha sonra filologiya elmləri doktoru, professor Maarifə Hacıyeva, Firuzə Məmmədli, Telli Pənahqızı, Şəhla Ağbulud, Məlahət Yusifqızı, Narıngül, Şəfəq Sahibli, Əkbər Qoşalı, “Zəfər qalası” qəzetinin baş redaktoru Natella Asena, Xuraman İsmayılova, Ədalət Əsgəroğlu, Fəridə Ləman, Səyyarə Məmmədli, Əli Xankişiyev, Taleh Elsevən və başqaları yubilyarı təbrik etdilər.

Bir daha düşündüm ki, Fəridə xanım həqiqətən xoşbəxt bir insandı. Həm də ona görə ki, bu qədər gözəl könüllərdə özünə sevgi yaradıb. Hər kəs onun incə, xoş ovqatlı, işıqlı şeirləri ilə yanaşı, insanlığından danışdıqca danışmaq istədi. Hər kəsin dilində onun adı bir gülə, çiçəyə döndü və gül kimi bir xanımdan danışdı hər kəs...

 





28.03.2013    çap et  çap et