525.Az

Zəhmətkeş və prinsipial insan


 

Zəhmətkeş və prinsipial insan<b style="color:red"></b>

Xoş günlər, bayramlar yaxınlaşdıqca hər kəs öz doğmalarını, əzizlərini, sevdiyi insanları, işinə, şəxsiyyətinə pərəstiş etdiyi adamları təbrik etməyə çalışır, onun ünvanına qəlbində bəslədiyi xoş kəlmələri, layiqli sözləri söyləmək istəyir.

Bir-birimizi böyük hörmətlə sevmək, təbrik etmək, uğurlarına sevinmək üçün eyni kökdən, eyni nəsildən olmaq vacib deyil. Həmin şəxsin əsl insani keyfiyyətlərini, onun əvəzsiz zəhmətini, zəhmətlə, bacarıqla ərsəyə çatdırdığı işini görmək, alnıaçıq, üzüağ söylədiyi həqiqi fikirləri eşitmək kifayətdir. Öz işi, əməli, alicənab şəxsiyyətilə onu tanıyanların məhəbbət və hörmətini qazanmış insanlardan biri də Məleykə Abbaszadədir.

Atalar düz deyib ki, ot kökü üstündə bitər.

Zülqədərlər nəslinin fədakar qızı Məleykə xanım hər bir işi öz nəslinə, Zülqədərlər elinə, ailəsinə, Azərbaycanın tannmış dövlət xadimi Mehdi müəllimə və Azərbaycan xalqına layiqli övlad olduğunu sübut edib.

Elə ünvanlar var ki, onları eşidəndə təqdim və tərif lazım olmur. Onlar nə əlavə izahata, nə köməkçi bir əlamətə, nə fəxri ada, nə bayağı və şirin sözə ehtiyac duymurlar. Əksinə, bəlkə də, tutduqları yeri, mənsəbi öz işləri, adları ilə ucaldırlar, şan-şöhrətli edirlər. Belə insanların şöhrəti, qazandıqları hörmət təbii olur, yalnız dildə yox, ürəklərdə özünə yuva qurur. Xalqın bu insanlara olan etimadı, rəğbəti heç bir sözlə fadə edilə bilmir.

XX əsrin sonunda Azərbaycan övladlarının pərvazlanıb öz bilik və bacarıqlarını açıq və təmənnasız şəkildə nümayiş etdirmələri, ali məktəb pillələrinə qədəm qoymaları üçün bir təşkilat – Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yaradıldı. Yarandığı gündən xalqın rəğbətini, etimadını, hörmətini qazanıb, on minlərlə abituriyentə halal zəhmətlə, bilik və bacarıq nümayiş etdirməklə həqiqi tələbə adına layiq olmaq qismət etdi.

Müstəqillik tarixi o qədər də böyük olmayan Azərbaycan Respublikasının inkişaf salnaməsində, təhsilin dirçəlməsində TQDK-nın xüsusi əhəmiyyətli rolu var. Ulu öndər Heydər Əliyev də TQDK-nın, onun rəhbəri Məleykə Abbaszadənin fəaliyyətini yüksək qiymətləndirirdi: “Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra dünya təcrübəsində daha müasir, daha ədalətli hesab olunan test üsulu ölkəmizdə tətbiq olunubdur... Ötən illərin təcrübəsi onu göstərir ki, bu, həqiqətən, mütərəqqi üsuldur. Bütün başqa üsullarla müqayisədə, ali məktəblərə qəbul prosesində ən ədalətli üsul kimi tannmışdır. Ona görə də biz son illərdə bu üsulla Azərbaycan ali məktəblərinə qəbul işlərini təşkil edirik. Və gündən-günə də təcrübə artır. Bu da, təbii ki, sevndirici haldır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, demək olar ki, Azərbaycanda ilk dəfə kompyuter sistemini geniş tətbiq edibdir. Bu, çox gözəl bir haldır... Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Məleykə xanım Abbaszadə bu işin təşəbbüskarı olubdur və bunu edibdir”.

Eyni siyasi yolu uğurla davam etdirən Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyev də bu qurumun – Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təmiz və şəffaf işini yüksək qiymətləndirmişdir: “Ölkəmizdə ali və orta ixtisas təhsili məktəblərinə tələbə qəbulu zamanı abituriyentlərin bilikləri milli qimətləndirmə sistemi vasitəsilə müəyyən olunur. Təqdirəlayiq haldır ki, belə bir sistemin fəaliyyəti həm cəmiyyət, həm də beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir”.

Bu qurum pedaqoji sahədə çalışan kadrlar üçün də bir həyat, təkmilləşmək üçün bir məktəb oldu, müəllimlərə özünü tanıtmaq, haqq sözünü demək üçün imkan yaratdı. TQDK-nın təmiz və obyektiv işi nəticəsində hər bir sinif, hər bir məktəb, hər bir region, bir növ, bilik yarışına qoşuldu. Sözün həqiqi və yaxşı mənasında Azərbaycanda bilik və təhsil rəqabəti yarandı, maarif sahəsində dirçəliş baş verdi. Yüksək nəticə verən abituriyentlər dövlət tərəfindən mükafatlandırıldı. Onların seçdiyi ixtisas üzrə nəticələri də həmişə diqqətdə saxlanıldı, savadlı, milli kadrların yetişməsi üçün şərait yarandı.

Yarandığı gündən bu günə kimi 20 il bir-birinə bənzəməyən yaradıcılıq və inkişaf yolu keçən TQDK-nın uğurları göz qabağındadır. Bu uğurdan hər bir məktəbə, hər bir ailəyə, hər bir müəllimə pay düşür.

Bu təşkilat işlək arı ailəsini xatırladır. Hər bir arı ən təmiz, zərif çiçəklərin ətrini, şirəsini öz pətəyinə gətirib saf bal hazırladığı kimi, bu təşkilat da məhz təhsil üçün yeni kadr hazırlığı üçün öz qüvvəsini səfərbər edir, yorulmadan, usanmadan gecə-gündüz çalışır. Burada çalışan, bu işi əvvəldən izləyən bir müəllim kimi, eləcə də övladları arzuladığı ali məktəbə qəbul olunan valideyn kimi biz TQDK –nın uğurlu, ədalətli işinin şahidi olmuşuq: TQDK hər bir işində alnıaçıq və uğurla irəliyə, yalnız irəliyə addımlayır.

TQDK təkcə imtahan keçirməklə kifayətlənmir, o, proqram və dərsliklərin, test kitabçalarının hazırlanması və nəşri, bütün fənlər üzrə dərsliklərin təkmilləşdirilməsi üçün də yorulmadan çalışır. TQDK-nın nəşr etdiyi “Abituriyent” jurnalı həm də yaradıcı müəllimlərin tribunasına çevrilib. Elmi-metodiki tövsiyələr və təhlillər bu jurnal vasitəsilə ictimaiyyətə çatdırılır.

Komitənin ən böyük işlərindən biri yarandığı gündən fənn komissiyalarının və seminarların təşkilidir. Bütün respublikanın müəllimləri öz fənləri üzrə seminarlarda iştirak edir, bir növ, təkmilləşmə kursları keçir, tədris zamanı qarşılaşdıqları çətin məsələlərin cavabını burada tapırlar. Həm orta, həm də ali məktəb müəllimləri bui şin öhdəsindən birgə gəlirlər. Bütün bu işlər, yeniliklər, ağıllı, tədbirli inkişaf yolu qurumun başında duran Məleykə Abbaszadənin əvəzsiz zəhmətinin, savadının, intellektual dünyagörüşünün, dərin araşdırmalarının, Vətən övladlarına olan qayğısının bariz əlamətidir.

M.Abbaszadə öz işi ilə on minlərlə azərbaycanlının hörmətini, məhəbbətini qazanmış bir insandır. Onun işi, zəhməti dövlətimiz və prezidentimiz tərəfindən yüksək qiymətləndirilib. M.Abbaszadə “Şöhrət” ordeni ilə təltif edilib. Hər bir azərbaycanlı kimi biz də buna ürəkdən sevindik.

Deyirlər ki, insan gözünü yumanda ancaq özünü qaranlığa qərq edir. Qoy hər bir azərbaycanlı gözünü açaraq TQDK-nın şərəfli işinə diqqətlə baxsın, orada çalışanların əməlinə, zəhmətinə real qiymət versin, bir azərbaycanlı kimi bu təşkilatın uğurlarına sevinsin.

Biz də belə bir təşkilatla əməkdaşlıq etdiyimizə görə fəxr edirik.

Sədaqət ƏHMƏDOVA
Heydər Əliyev adına Müasir Təhsil
Kompleksinin Azərbaycan dili və ədəbiyyatı
kafedrasının müdiri

Səlminaz HÜSEYNOVA
Heydər Əliyev adına Müasir Təhsil
Kompleksinin Azərbaycan dili və ədəbiyyatı
kafedrasının metodist müəllimi

 





28.03.2013    çap et  çap et