525.Az

Dünya Sosial Biznes Akademiyasının 4-cü toplantısı


 

KONFRANSDA AZƏRBAYCANI İQTİSAD UNİVERSİTETİNİN REKTORU VƏ BAMF SƏDRİ TƏMSİL EDİBLƏR

Dünya Sosial Biznes Akademiyasının 4-cü toplantısı<b style="color:red"></b>

Noyabrın 9-da Fransanın paytaxtı Parisdə Dünya Sosial Biznes Akademiyasının 4-cü toplantısı keçirilib.

Beynəlxalq Avrasiya Mətbuat Fondundan (BAMF) verilən məlumata görə, tədbir dünyada yoxsulluğun azaldılması, sosial biznesin inkişaf etdirilməsi, ətraf mühitin qorunması prinsiplərinin inkişaf etdirilməsi, dayanıqlı inkişafın nəzəri və praktik tərəflərinin müzakirəsinə həsr olunub.

Yunus Sosial Biznes Mərkəzi və Paris HEC-in birgə təçkilatçılığı ilə keçirilən konfransa 30-dan çox ölkənin 300-dən artıq akademik şəxsləri, vətəndaş cəmiyyəti, tanınmış biznes strukturlarının nümayəndələri qatılıb.
Tədbirdə Azərbaycan Yunus Sosial Biznes Mərkəzinin həmtəsisçiləri – İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev də iştirak edib.

Konfransı giriş sözü ilə açan Nobel Sülh Mükafatı laureatı, professor Məhəmməd Yunus qaçqın və məcburi köçkün həyatının, yoxsulluğun, müharibələrin və fəlakətlərin durmadan artdığı bir dünyada sosial biznes konsepsiyasının bu günkü qədər aktual olmadığını bildirib. O, konsepsiyanın gücləndirilməsi və inkişaf etdirilməsi üçün dövlət-vətəndaş cəmiyyəti-akademik institutlar və sahibkarlıq subyektlərinin bir çevrədə fəaliyyətinin zəruriliyini ifadə edib.

Daha sonra tədbirdə Kaliforniya (ABŞ), La Trobe (Avstraliya), Renmin (Çin), Kyuşu (Yaponiya), UNEC (Azərbaycan), Technology Petronaş (Malayziya), Kasertsard (Tailand) universitetlərində Beyker (ABŞ) , Kings Kolleclərində, Oksford Maliyyə və Sosial Biznes Məktəbində (Böyük Britaniya), EADA Biznes Məktəbində (İspaniya) yaradılmış Sosial Biznes Mərkəzlərinin fəaliyyətləri təqdim edilib.

UNEC rektoru Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar, ölkə rəhbərinin bu sahədə apardığı siyasət, ölkədə fəaliyyət göstərən dövlət-vətəndaş cəmiyyəti-akademik müəssisələr, eləcə də sahibkarlıq subyektləri arasında əlaqələrin inkişaf etdirilməsi, sosial-iqtisadi proqramların elmi nəzəri aspektləri barədə məlumatı olduqca maraqla qarşılanıb. Professor Azərbaycanda korporativ sosial məsuliyyət, sosial biznes və sosial müdafiə sahəsində elmi-nəzəri yanaşmaların, akademik araşdırmaların, yoxsulluğun azaldılması sahəsində fəaliyyətin ölkə prezidentinin xüsusi diqqətində olduğunu və prioritet təşkil etdiyini bildirib.

Tədbirdən sonra BAMF sədri U.Mirzəyev və UNEC rektoru Ə.Muradovun Nobel Sülh Mükafatı laureatı M.Yunusla görüşü keçirilib.

Görüş zamanı U.Mirzəyev M.Yunusun BAMF-ın dəvəti ilə bu ilin iyun ayında Azərbaycana səfərinin ölkə üçün əhəmiyyətinə toxunaraq, bu səfərin nəinki ölkəmizdə, hətta regionda ciddi rezonans doğurduğunu ifadə edib, onun mikromaliyyə və sosial biznes sahəsində təkliflərinin ölkə rəhbərliyi tərəfindən daim diqqətdə saxlanıldığını və Bakıda təşkil olunan müzakirələrdən yaranan fikirlərin reallıqda tətbiqi üçün ciddi işlərin aparıldığını bildirib.

Professor M.Yunus Bakının bugünkü inkişafından, ölkədə sosial-iqtisadi sahədə görülən işlərdən məmnun qaldığını bildirib.

Görüş zamanı növbəti Sosial Biznes Akademiyanın UNEC-də təşkil edilməsi, sosial biznes fəlsəfəsinin ERASMUS proqramına daxil edilməsi və bu sahədə M.Yunusun elmi yazılarının, müsahibələrinin Azərbaycanda nəşr edilməsi təklifləri müsbət qarşılanıb.

Qeyd edək ki, M.Yunus iyunun 18-dən 21-dək Bakıda səfərdə olub. BAMF-ın təşəbbüsü, ADA və UNEC-in birgə təşkilatçılığı ilə baş tutan səfər zamanı nüfuzlu ictimai xadim M.Yunus ölkəmizdə bir sıra vacib görüşlər keçirib. O ilk olaraq Prezident İlham Əliyevin qəbulunda olub.

Daha sonra M.Yunus Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat Nazirliyində, o cümlədən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-də yüksək səviyyəli görüşlər keçirib, Azərbaycanda aparılan iqtisadi islahatlarla bağlı peşəkar təkliflər verib. Səfər zamanı, həmçinin dünya şöhrətli ictimai xadimin iştirakı ilə BAMF-ın qərargahında, onun Azərbaycan dilinə tərcümə edilən “Kasıbların bankiri” (The Banker to the Poor) kitabının təqdimat mərasimi keçirilib. M.Yunus İqtisad və ADA universitetlərində geniş auditoriya qarşısında çıxışlar edib və nəhayət məhz onun iştirakı ilə regionda ilk dəfə olaraq Bakıda UNEC, BAMF və Yunus Mərkəzi arasında imzalanan üçtərəfli memorandum əsasında yaradılan Yunus Sosial Biznes Mərkəzinin açılışı olub. Mərkəz hal hazırda UNEC-də fəaliyyət göstərir.

Ceyhun ABASOV

 





11.11.2016    çap et  çap et