525.Az

Musiqişünaslığa dəyərli töhfə


 

PROFESSOR ABBASQULU NƏCƏFOVUN HAZIRLADIĞI YENİ DƏRSLİK İŞIQ ÜZÜ GÖRÜB

Musiqişünaslığa dəyərli töhfə<b style="color:red"></b>

Sənətşünaslıq üzrə elmlər doktoru, Azərbaycan Milli Konservatoriyasının (AMK) professoru Abbasqulu Nəcəfzadə "Etnoorqanologiya" (Bakı, "Ekoprint", 2016) adlı dərslik hazırlayıb.

Kitabın elmi məsləhətçisi Xalq artisti, professor Siyavuş Kərimi, elmi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMK-nın professoru Fəttan Xalıqzadə, redaktorları filologiya üzrə elmlər doktoru, professor Firudin Ağasıoğlu (Cəlilov) və yazıçı-tərcüməçi Rafiq Savalan (Ağayev), nəşriyyat redaktoru Qumru Şəhriyardır (Quliyeva). Kitabın rəyçiləri sənətşünaslıq üzrə elmlər doktoru, professor Səadət Abdullayeva və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Hüseynovadır.

Kitabın üz qabığında A.Nəcəfzadənin bərpa etdiyi çalğı alətlərinin fotoşəkli verilir. Burada Əbdülqadir Marağalının icad etdiyi əlvah, qolça qopuz, yaylı qopuz, ərğənun və kos alətləri öz əksini tapıb.

Dərslik AMK-nın mövcud tədris proqramına uyğun olaraq ölkəmizin ərazisində istifadə edilən çalğı alətlərinin öyrənilməsi üçün işlənilib. "Etnoorqanologiya" adlı dərslik əsasən AMK-nın tələbələri üçün nəzərdə tutulsa da, bu əsərdən musiqi təmayüllü digər ali təhsil ocaqlarının müəllimləri və tələbələri, həmçinin musiqişünaslıq, muğamşünaslıq, folklorşünaslıq, mədəniyyət və incəsənətin digər sahələrində fəaliyyət göstərən araşdırıcılar, ifaçılar da faydalana bilərlər.

XXI əsrin ilk illərindən Azərbaycanın təhsil sistemində aparılan bir sıra uğurlu islahatlar ali məktəblərin bakalavr pilləsində olduğu kimi, magistratura pilləsində də müsbət nəticələr doğurub. Bu yeniliklər həm dərsliklərin, dərs vəsaitlərinin, həm də tədris proqramlarının hazırlanmasında müasir metodlardan istifadə olunmasını tələb edir. Təhsil islahatlarının ən mühüm istiqamətlərindən biri də yeni dərsliklərin hazırlanıb nəşr olunmasıdır. Bu sahədə görülən işlər təqdirəlayiqdir. Son illər nəşr edilən onlarca dərslik və dərs vəsaiti məzmunu, tərtibatı, yeni texnologiyalarla səsləşməsi baxımından pedaqoji ictimaiyyət tərəfindən razılıqla qarşılanır.

Təqdim edilən bu dərslik AMK-nın "Milli musiqinin tarixi və nəzəriyyəsi" kafedrasında hazırlanmışdır. Kitab AMK-da (və digər müvafiq təhsil ocaqlarında) "Etnoorqanologiya" fənninin daha peşəkar səviyyədə tədrisini təmin edən eyniadlı mövcud proqrama (tərtibçi: A.Nəcəfzadə) uyğun olaraq yazılıb.

Kitabda alətlərin poetik "arxiv"ini yaratmış Azərbaycan şairlərinin - Qətran Təbrizi, Məhsəti Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Həbibi, Xətai, Füzuli, Saib Təbrizi, Seyid Nigari, Nəbati, Seyid Əzim Şirvani, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Mikayıl Müşfiq, Əliağa Vahid, Rəsul Rza, Bəxtiyar Vahabzadə və başqalarının şeirlərinə, eləcə də "Kitabi-Dədə Qorqud", "Dastani-Əhməd Hərami", "Koroğlu" dastanlarına istinad edilir. Dərslik xeyli yeni və kifayət qədər dəyərli bilgilərlə, o cümlədən, çalğı alətlərinin müasir tədqiqat üsullarını həm nəzəri, həm də təcrübi cəhətdən əsaslandıran dərin elmi-nəzəri faktlarla zəngindir. Kitabda əsasən Dədə Qorqud dövründə istifadə olunmuş (qolça qopuz, kos, davul, davulbaz, boru, zurna, düdük, çovqan, nağara) çalğı alətləri, müasir tədrisə daxil edilən Azərbaycan çalğı alətləri (tar, kamança, balaban, saz, qanun,qaval, Azərbaycan qarmonu) və klassik şairlərimizin əsərlərində adı çəkilən bir neçə çalğı aləti (neyin köndələn növü, ud (bərbət), ərğənun, yaylı tənbur) geniş şəkildə öyrənilir. Sonda bir neçə özənsəsli (idiofonlu) çalğı alətindən (əlvah, çini kasa dəsti, kuzə dəsti, nəlbəki dəsti, laqquti dəsti, zəngi-şütür, zınqırov, qavaldaş, çaharpara, çınqıraq dəsti, qaşığek, musiqili ritm daşları, müsəlləs (üçbucaq), barmaq zili, sinc, xalxal, kaman, şaxşax) də lakonik bəhs olunur. Bu zaman həmin alətlərin yaranma tarixi, etimologiyası, morfologiyası, istifadə yerləri, diapazonu və s. xüsusiyyətləri gözdən keçirilir, onlar haqqında hərtərəfli elmi bilgilər verilir. Dərslik əsasən AMK-nın "Milli musiqinin tarixi və nəzəriyyəsi" kafedrasının (eləcə də digər musiqi təmayüllü ali təhsil müəssisələrinin) "Xalq çalğı alətləri ifaçılığı" və "Solo oxuma" ixtisasları üzrə magistr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulub. Eyni zamanda əsərdən müvafiq istiqamətdə təhsil alan magistrantlar, aspirantlar, dissertantlar, doktorantlar, habelə bir sıra digər sahədə çalışan başqa mütəxəssislər də faydalana bilərlər.

Ümumiyyətlə, bu kitab "Etnoorqanologiya" fənninin tədrisi üçün ali məktəb sistemi üzrə, Azərbaycan dilində yazılmış ilk dərslikdir. Əsər müvafiq ixtisas üzrə bakalavr və magistr pilləsində təhsil alanlar, eləcə də orta ixtisas məktəblərinin, kolleclərin tələbələri, həmçinin musiqişünaslığın müxtəlif sahələrində çalışan mütəxəssislər üçün kifayət qədər yüksək elmi və təcrübi əhəmiyyət daşıyır.

Elman ELDAROĞLU

 





11.11.2016    çap et  çap et