Bu gün Ombudsman Aparatında dövlət qurumlarının mətbuat xidməti rəhbərlərinin iştirakı ilə «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın müzakirəsinə həsr olunan dəyirmi masa təşkil edilib.
525.az-ın məlumatına görə, tədbiri açan Ombudsman Elmira Süleymanova prezidentin müvafiq sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində görülən işlərdən və planlardan söz açıb. Ombudsman tədbirdə «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının Qanununun icrasına nəzarətin həyata keçirilməsi ilə bağlı Müvəkkilin yeni vəzifələrini açıqlayıb. E. Süleymanova çıxışında prezidentin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında informasiya azadlığının təminin məsələrinin həlli yollarından danışıb. Ombudsman bu sahədə cəmiyyətin bütün sahələrinin birgə dəstəyinin vacibliyini vurğulayıb.
E. Süleymanova «açıq qapı», «açıq mikrofon» ənənələrinin genişlənməsinin zəruriliyini, dövlət orqanlarının konstruktiv, obyektiv və qərəzsiz tənqidə dözümlülüyün vacibliyini çıxışında önə çəkib:
«Dövlət orqanları informasiya sorğusuna operativ, hətta həmin gün cavab verməlidirlər. Ombusman Aparatında biz sorğulara elə həmin gün araşdırıb cavab verməyə çalışırıq. Çünki bəzən bir neçə günlük ləngimə belə sonra sorğuya verilən cavabı əhəmiyyətsiz edə bilər».
Dəyirmi masada Prezident Administrasiyasının sektor müdiri Vüqar Əliyev MFP-da qarşıya qoyulan vəzifələr barəsində məruzə ilə çıxış edib.
Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz tədbirdə dövlət orqanlarının informasiya verməsi ilə bağlı apardıqları monitorinqin nəticələri haqqında danışıb. Sonda informasiya azadlığının təmini məsələləri ilə bağlı təkliflər irəli sürülüb.
Sevinc MÜRVƏTQIZI
çap et