525.Az

Uzun ömür mənalı yaşananda...


 

YAXUD DAĞLAR QOYNUNDAN YAYILAN MAARİF VƏ MƏNƏVİYYAT İŞIĞI

Uzun ömür mənalı yaşananda...<b style="color:red"></b>

Həyatda iki zirvə tanıyıram. Onun birincisi buludlara sancılan, ucqar nöqtəsinə, qartallar qonan dağ yüksəkliyi. İkincisi isə insanlıq zirvəsidir.

O zirvələri hər adam fəth edə bilmir axı... O zirvə ki, onu ancaq həssas qəlbli, təmiz əqidəli, zəngin mənəviyyatlı, qorxmaz və cəsur adamlar fəth edir. O adamlar həyat coşqusuna ötəri hislərlə baxmır, fəal mövqedə dayanıb əqlin gücü, ürəyin hökmü, qolların qüvvəsi ilə sürətli inkişafımıza təkan verir. O adamlar ki, yaradıcılıq və ya xidmət axtarışındadırlar, belə adamların baxışları bir səmtə yönəlir: xeyirxahlığa, insanlığa, qələbəyə doğru. Belə adamların el-oba arasında adı iftixarla çəkilir. Onların nüfuzu insanlar arasında yüksək olur. Belə insanlardan olan, sadə peşə sahibi, dərzi Çərkəz ata, oğlu Allahverdi müəllim və gəlini Ayna müəllimə haqqında söz açmaq istəyirəm...

Dərzi Çərkəz ata ailəsini iynə-sapla birtəhər saxlayırdı. Sanki iynə ilə "gor" qazırdı. Şuşadakı kasıb komasında paltar tikməklə məşğul idi. Onun sənətkarlığı, gözəl paltarlar tikməsi xəbəri Laçına qədər gedib çatmışdı. Ərdəşəvi, Təzəkənd, Qozlu kənd sakinlərindən onun müştəriləri var idi.

Yeni yaradılan Sovet hökuməti dağlara da gəlib çatmışdı. Tikinti, abadlıq işləri Abdallar kəndini tanınmaz bir görkəmə salmışdı. Qarabağdan, Şuşadan Laçına qədər uzanan yollar genişləndirilmişdi. Hər gün "poltruka" maşınları və bəzən adamlar isə kəsmə yollarla atla gedib-gəlirdilər.

Nə çətin iş var idi ki: səhər tezdən atı minib Şuşaya bazarlıq etməyə gedənlər də olurdu. Yorğa qaçan atın ayağına axşam yenidən evə, ailə-uşağın üstə dönmək də olurdu. Firudin, İsmayıl hər dəfə usta Çərkəzə baş çəkməyə gələrdilər. Görüşüb hal-əhval tutardılar. Ləngiyəndə hərdən qonaq da qalardılar. Neçə dəfə təklif etmişdilər ki, usta Çərkəz, ailəni, uşaqları da götür, köç gəl Laçına. "Son zamanlar Laçın dağlarının qoynunda bir küçəli şəhər salınıb, gəl görəsən" - demişdilər.

Belə bir məsəl var: Dərziyə dedilər köç, iynəsini papağına taxıb dedi, mən hazıram...

Onlar Laçına çatanda artıq gün əyilmişdi, qürub vaxtına az qalmışdı. Araba artelin qabağında dayandı. Soraq çoxdan gəlib çatmışdı ki, bəs, Şuşada bir nəfər dərzi var, Laçında işləmək istəyir. Köçü yoldadır, gəlir. Ona görə də, o köç gələndə yerbəyer olunmalı idi. Dərzi Çərkəzin ailəsinin rahat yaşaması üçün yer təşkil olundu. Az bir vaxtda hər bir yana xəbər yayıldı ki, təcrübəli, yaxşı paltarlar tikən bir usta gəlib. Eşidən, bilən, təzə paltarlar tikdirmək istəyənlər Çərkəzin yanına axışdı. Başqa yerlərə gedənlərin ayaqları yollardan yığılmışdı. Artıq usta Çərkəzin sorağına Laçına gəlməyə başladılar. Hətta  Şəlvə dərəsindən, Cormandan, Qozludan, Minkənddən usta Çərkəzin arxasınca at da göndərənlər oldu ki, tikiş maşınını da götür, gəl bizə qonaq. O da bəzən tikiş maşınını da, təzə parçalardan da götürüb kəndə gedərdi.

Çərkəz ata ilə Ağca ananın xoşbəxt ailəsində üç oğlan - İsfəndiyar, Allahverdi, Zakir, iki qız - Adilə və Xalidə dünyaya gözlərini açmışdılar. Ağca ana da əri Çərkəzə, ailəni daha da yaxşı saxlamaqda kömək etmək üçün işə düzəldi. O, həm uşaqların qayğısına qalırdı, həm də xəstəxanada çalışırdı. Kasıbçılığın daşını təzəcə ətəyindən tökmək istəyən bu ailənin üzərinə çökən qara bulud Ağca ananı sarsıtdı. Usta Çərkəz 1939-cu ildə birdən ağır xəstələndi. Həkimlər də kömək edə bilmədilər. Əri dünyasını dəyişəndən sonra bütün ağırlıq Ağca ananın çiyinlərinə düşdü. Beş azyaşlı uşağa həm ata oldu, həm də ana...

Sonra müharibə başlandı. Kişilər, cavanlar müharibəyə getdilər. Arxa cəbhədə qalan qadınlar isə gecə-gündüz ikiqat işləyirdilər. Həm ailədə uşaqların qayğısını çəkməli, həm də iş yerində çalışmalı idilər. Ailədə İsfəndiyar, Adilə, Allahverdi Laçında fəaliyyət göstərən məktəbdə dərsə gedirdilər.

İsfəndiyar 1947-ci ildə Sumqayıt şəhərinin təməl daşının qoyulmasında iştirak etdi. Bir müddət fəhlə işlədi, sonralar qaynaqçı peşəsinə yiyələndi.

Uşaqların içində Allahverdi fərqlənirdi. Dərslərindən əla qiymət alırdı. 18 yaşlı Allahverdi 1952-ci ildə Laçın orta məktəbini fərqlənmə ilə bitirdi. Ailənin güzaranını yaxşılaşdırmaq üçün rayon kənd təsərrüfatı şöbəsində uçotçik işinə qəbul olundu. Onun qəlbində ancaq oxumaq idi. Ona görə deyiblər ki, niyyətin hara, mənzilin ora. Allahverdi 1954-cü ildə H.B.Zərdabi adına Gəncə (onda Kirovabad) Dövlət Pedaqoji İnstitutunun Tarix-ədəbiyyat fakültəsinə qəbul olundu. İnstitutda oxuduğu beş il ərzində o, sinif nümayəndəsi, fakültə komsomol təşkilatı katibi və institut həmkarlar komitəsinin büro üzvlüyünə seçildi. Nümunəvi əxlaqına, bacarığına və istedadına görə müəllim və tələbə kollektivinin dərin hörmətini qazanmağa başladı. İnstitutu qırmızı diplomla bitirdiyinə görə təklif olundu ki, Allahverdi institutda saxlanılsın, müəllim kimi pedaqoji fəaliyyətinə başlasın. Ancaq o, razılıq vermədi. Laçında təhsil sahəsində çox gerilik vardi, oraya getmək fikrində idi.

1959-cu ildə Təhsil Nazirliyinin göndərişi ilə Laçın rayonundakı Ərdəşəvi kənd yeddiillik məktəbinə müəllim təyin edildi. O vaxtlar Laçın rayonu Təzəkənd kənd sovetliyi üzrə yeddi kəndi əhatə edirdi. Həyata keçirilən bütün hökumət tədbirlərində fəal iştirak etməyə başladı. Burada nəinki, bir nəfər ali təhsilli, heç tam orta təhsilli kadr da yox idi. Ona görə də böyük məsuliyyətlə işləyib təbliğat işləri apararaq, ali təhsilli kadrların yetişdirilməsi istiqamətində, məktəb kollektivi səfərbərliyə alındı və təlim-tərbiyə, yaradıcılıq işlərinə cəlb olunmalı idi. Fingə, Qozlu, Haqnəzər, Təzəkənd kəndlərində uşaqlar məktəbə cəlb edildi. Bir ildən sonra məktəb səkkizillik məktəbə çevrildi. Bu, o dövr üçün təhsildə çox böyük qələbə oldu, çünki savadsızlıq artıq aradan götürülürdü.

Allahverdi müəllim 20 ildən çox Ərdəşəvi kənd məktəbində ilk partiya təşkilatının katibi işlədi, 30 ildən çox kənd kommunistlərinə təbliğatçı müəllim kimi dərs dedi...

Yazımın sonrakı bölümünə keçid üçün qeyd edim ki, o vaxtlar, çox adam öz qızının məktəbə getməsinə mane olurdu ki, qız hara, məktəb, oxumaq hara?! Həmin illərdə Laçın rayonu Mişni kəndindən başıpapaqlıların az qala hamısı müharibəyə getmişdilər. İlk dəfə rayonda beş nəfər ali təhsilini başa vurmuşdu. Onlar rayonda qalıb təhsil sahəsində xeyli yeniliklər edə bilərdilər. Amma könüllü olaraq müharibəyə getmək üçün müraciət edirlər. Rayon Hərbi Komissarlığına ərizə verənlərdən Vəli müəllimə məsləhət görülür ki, qalsın arxa cəbhədə, hələ burada lazımdır. O isə razılaşmır, cəbhəyə yollanmazdan qabaq qohumları ilə görüşə gedəndə bacısının övladını - bir müddət əvvəl cəbhəyə getmiş Rəhim kişinin qızı balaca Aynanı qucağına götürüb ona gələcəkdə yaxşı təhsil almağı tövsiyə edir.

Bir müddət sonra Mişni kənd yeddiillik məktəbini bu cavanlar oxuyub başa vururlar: Ayna, Piyalə, Xanım, Firuzə, Güleyşə, bir də Xanlar. Laçın Pedaqoji Məktəbinə daxil olaraq əzmlə təhsil alırlar. Müəyyən səbəblərdən Laçın Pedaqoji Məktəbi Şuşaya köçürülür. Burada oxuyan şagirdlər də məktəblə birlikdə köçməli idilər ki, təhsillərini orada davam etdirsinlər.

Sonralar Xanlar Məmmədov Alxaslı kənd məktəbində müəllim işlədi, Laçın rayon qəzetində şöbə müdiri, daha sonra Laçın rayon komsomol komitəsinin birinci katibi təyin olundu. Bakı Dövlət Universitetinin Ali Partiya Məktəbinin dinləyicisi olduqdan sonra Laçın Rayon Partiya Komitəsinin ikinci katibi, yerli icraiyyə komitəsinin sədri və Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işlədi.

1958-ci ildə Şuşa Pedaqoji Məktəbinin məzunları Laçın rayon maarif şöbəsinə təyinatla göndərildilər. Ayna Salahova isə Ərdəşəvi  kənd yeddiillik məktəbində ibtidai sinif müəllimi kimi əmək fəaliyyətinə başladı...

O, bir il olardı ki, Ərdəşəvi kənd yeddiillik məktəbində birincilərə yazmaq-oxumaq öyrədirdi. 1959-cu ildə isə həmin məktəbə ali təhsilli gənc bir oğlan göndərdilər. O, tarix-ədəbiyyat fənnini tədris etməyə başladı. Allahverdi Əliyev gündüzlər məktəbdə dərs deyir, axşamlar isə bəzi köhnə fikirli adamların qapısına gedirdi. Bundan əlavə, həmkarı Aynanı köhnəfikirlilərin hiddətindən qorumağa çalışırdı.

Bir dəfə Allahverdi müəllim məktəbin direktoru Qaçay Təhməzovun yanına gəlib bildirdi ki, artıq Ərdəşəvi kənd yeddiillik məktəbində səkkizillik təhsil sistemini həyata keçirmək üçün məktəbin bazasını genişləndirmək olar. Rayon maarif şöbəsi qarşısında məsələ qaldırıldı. Allahverdi müəllimin təşəbbüsü bəyənildi. Ərdəşəvi kənd səkkizillik məktəbində yaxşı oxuyan şagirdlərin sayı artmışdı, rayonda keçirilən tədbirlərdə fəal iştirak edirdilər.

Günlərin bir günü Allahverdi müəllim yenə məktəbin direktoru Qaçay müəllimə üz tutub ürəyindən keçənləri söylədi:

- Qaçay müəllim, siz bu kollektivin böyüyü, atasısınız. Xahiş edirəm, bir ata kimi Ayna müəllimə ilə mənim ailə qurmağıma xeyir-dua verəsiniz.

Qaçay müəllim çox sevindi, xeyir-dua verdi, onların ailə qurmasına çox köməyi dəydi.

Yaxşı yadımdadır, 1964-cü ildə Ərdəşəvi kənd səkkizillik məktəbinin birinci sinfinə gedirdim. Ərköyün bir uşaq idim. Bizə Ayna müəllimə dərs deyirdi. Dərsləri çox maraqlı, tələbkarlıqla keçirdi, ərköyünlərə isə həssas yanaşırdı. Məktəbdə müntəzəm olaraq açıq dərslər keçilirdi. Dərslərdə məktəbin tədris işləri üzrə direktor müavini Allahverdi müəllim iştirak edirdi. O dərslər elə maraqlı olurdu ki, öyrəndiklərim indiyə qədər də əzbərimdədir. Çünki dərsləri diqqətlə dinləyir, həvəslə hazırlaşırdım. Allahverdi müəllim nə qədər ciddi idisə də, yaxşı oxuyan şagirdlərlə səmimi ünsiyyət qurmağı da vardı. Tez-tez "Laçın" rayon qəzetində Allahverdi müəllimin maraqlı məqalələri çap olunurdu. Mən də həvəsə düşüb fikirləşdim ki, yazı yazım, qəzetə təqdim edim. Yerli fermanın vəziyyəti, oradakı işlər haqqında yazı yazdım. Qəzetdə dərc olunanda çox sevindim. Mədəni-kütləvi tədbirlərin birinə Allahverdi müəllim məni də dəvət etmişdi. Elə bildim yazı xoşuna gəlməyib. Amma o məni təbrik etdi, məsləhətlər verdi. Ondan sonra məndə mətbuata daha böyük maraq, sevgi yarandı.

Allahverdi müəllimin daha sonralar "Şuşa", "Kommunist", "Azərbaycan müəllimi", "Azərbaycan gəncləri" qəzetlərində, "Azərbaycan məktəbi", "Təşviqatçı", "Təbliğatçı" jurnallarında pedaqoji metodlar haqqında yazıları çap olundu. Pedaqoji işlə bağlı Moskvada nəşr olunan qəzetdə məqalələri çıxırdı. Elmi-praktiki konfranslarda, yığıncaqlarda həm iştirak, həm də çıxış edirdi. Əməyinə verilən yüksək qiymət onu daha da yaxşı işləməyə ruhlandırırdı. Allahverdi müəllim 1970-ci ildə "Lenin" yubiley medalı, sonrakı il "Qırmızı Əmək Bayrağı", 1984-cü ildə "Oktyabr inqilabı" ordenləri, 1986-cı ildə Azərbaycan KP MK-nın fəal təbliğatçılığına görə medal, bundan əlavə, neçə-neçə döş nişanı, fəxri fərmanla mükafatlandırılıb. Azərbaycan  və Ümumittifaq Müəllimlər Qurultayının nümayəndəsi olub.

Ərdəşəvi kəndində ali təhsilli kadrların yetişdirilməsində Allahverdi müəllimin müstəsna rolu var. Belə ki, Qara Məcnunov Gəncə Kənd Təsərrüfatı İnstitutunun, Seyfi Gülməmmədov Axundov adına Dillər İnstitutunun, Bəxtiyar Bəxtiyarov keçmiş Lenin adına APİ-nin məzunu olublar. Onun dərs dediyi yüzlərlə şagird müxtəlif sahələrdə uğurla çalışıblar.

Allahverdi müəllimlə Ayna müəllimənin ailəsi nümunəviliyi ilə seçilib. Dörd övladları - üç oğlan, bir qız böyüdüb, boya-başa çatdırıblar. Böyük oğul - Eldar Tibb Universitetini bitirib. Tibb elmləri doktoru, professordur. Hazırda Universitetin Birinci cərrahiyyə kafedrasında işləyir. Elman İncəsənət Universitetinin məzunu olub, Laçın Rayon Mədəniyyət evinin direktoru işləyib. Hazırda İncəsənət Gimnaziyasında  müəllimdir.

Elbrus da Tibb Universitetini bitirib, Lökbatan qəsəbəsində təcili yardım stansiyasında həkim işləyir.

Arzu xanımın da ali tibb təhsili var, Laçın Rayon Mərkəzi Xəstəxanasında həkimdir.

1992-ci ildə işğal üzündən Allahverdi müəllim də ailə üzvləri ilə birlikdə Laçını tərk etməyə məcbur oldu, onlar Bakının Qaradağ rayonu Səngəçal qəsəbəsində, "Nərimanneft"in 4 saylı yataqxanasında məskunlaşdılar. 14 saylı Laçın tam orta məktəbində müəllim işlədilər. 2014-cü ildə doğma kollektivdən ayrılmalı olub, təqaüdə çıxdılar.

50 ildən artıq fədakarlıqla çalışan, həm təhsil sahəsində, həm də ailədə çox böyük zəhmət çəkən Allahverdi ata ilə Ayna ana indi ömrün müdriklik, rahatlıq çağını yaşayırlar. Övladlarına, nəvələrinə baxanda ürəkləri dağa dönür, sevinirlər. Yeganə arzuları torpaqlarımızın yağı düşmən tapdağından azad olunması, yenidən doğma Laçına dönməkdir.

Onlara möhkəm cansağlığı və Laçında görüşməyimizi arzulayıram.

 





11.11.2016    çap et  çap et