525.Az

Əmrahsız qalan dağlar


 

Əmrahsız qalan dağlar<b style="color:red"></b>

Ağsaqqal yazıçımız Əli İldırımoğlunun yeni tamamladığı romanını oxucularımıza təqdim edirik. 

(Əvvəli ötən şənbə sayımızda)

Əmrah ovcunun içi kimi bilirdi ki, tezi-geci erməni daşnakları ilə üzləşəcək, ölüm-dirim döyüşü başlanacaq. Və bu qırğının qarşısını almaq, camaatı fəlakətdən xilas etmək üçün Sultan bəy və Xosrov bəy qardaşları ilə müntəzəm əlaqə saxlayır, məsləhət-məşvərət edirdi, düşməndən müdafiə olunmaq üçün silahlı dəstələr hazırlayırdı.

Əmrah hara gedirdisə, etibar etdiyi yaxın qonşusu Balaca bəyi də yanınca götürürdü.

Ancaq Balaca bəyə dərindən bələd olanlar Əmrahın ona inanıb yaxınlıq etməsinə yaxşı baxmırdılar. Və bilirdilər ki, Əmrah yüzbaşı olduğuna görə Balaca bəy onun qılığına girir. Ancaq Balaca bəy zatı-kökü qırıq adamdı. Hər sifətə düşüb özünü Əmraha sadiq adam kimi göstərməyə çalışsa da, daxildə onun paxıllığını çəkirdi. Həm də qüruruna sığışdıra bilmirdi ki, kənddə neçə-neçə mötəbər bəy ola-ola, rəiyyət gəlib yüzbaşılıq etsin. Bu, Balaca bəyə ağır gəlirdi. Di gəl ki, heç kəs cəsarət eləyib bu barədə Əmraha bir söz deyib, pis kişi olmaq istəmirdi. Və bilirdilər ki, Balaca bəyin kimliyini açıb ortalığa qoyan olsa, Əmrah buna yaxşı baxmaz. Əksinə, özü yüzbaşının yanında yüngülsaqqal olub, hörmətdən düşər.

lll

Əmrah yüzbaşı mirzəsini yanına çağırıb göstəriş verdi ki, Xosrov bəyin adına məktub hazırlasın. Və Balaca bəyə tapşırdı ki, təcili Şuşaya yola düşüb məktubu Xosrov bəyə çatdırsın. Əlavə etdi ki, indi elə bir məqamdır ki, verilən tapşırığı bir dəqiqə belə yubatmaq olmaz.

Əmrah yüzbaşının mirzəsi Nəzər Heydərovun Balaca bəydən xoşu gəlmirdi. Çünki Balaca bəyin səmimiyyətinə əsla inanmırdı. Nəzər Əmrah yüzbaşının dediyi məktubu tez hazırlayaraq Balaca bəyə verib yola salandan sonra, ikilikdə qalıb görüb-görəcəkləri işlərdən söhbət açdılar. Nəzər Heydərov yaşca Əmrahdan xeyli  kiçik olardı. Ona görə də həm vəzifə, həm də yaş fərqini nəzərə alıb həmişə yüzbaşı ilə pərdə saxlayırdı. Onunla yersiz söhbətlər etməyi özünə rəva bilmirdi. Bu dəfə Əmrahın əhval-ruhiyyəsini görüb ürəyindəkiləri ona açmalı oldu:

- Əmrah, - dedi, - bilirsiniz ki, xətrinizi dağlarca istəyirəm. Buna şübhəniz olmasın. Siz həyatda keşməkeşli yollar keçmisiniz. Dünyanın hər üzünü görmüsünüz. Ona görə də belə bir şəxsə, xüsusilə tabeliyində işlədiyim adama məsləhət vermək, ağıl öyrətmək, yol göstərmək mənə yaraşmaz. Ancaq sizə dərin rəğbəti olan bir işçi kimi məcburam deyim ki, böyür-başınızda hərlənən Balaca bəyə arxa çevirib bel bağlamaq olmaz. Dar ayaqda Balaca bəy sizə qarşı namərd hərəkətlər də edə bilər. Sizə sözü bütöv, dizibərk köməkçi lazımdır. Neçə ildir bir yerdə işləyirik. Həyat təcrübəm, müşahidələrim məni məcbur edir ki, Balaca bəy barədə fikirlərimi sizdən gizlətməyim.

Əmrah müsahibinin sözünü kəsmədən onu axıradək dinlədi. Və  köhnədə baş verən  bir əhvalatı xatırlayıb, dərin fikrə getdi.

lll

Şamil bəy dərənin genişliyindəki İydəlik adlı bağında sakit-sakit gəzinirdi. Camaatın yolu bağın yanından keçir. Şamil bəy ətrafa boylananda gözü Əmraha sataşdı. Əmrah onda yüzbaşı deyildi.  Kefi kök, damağı çağ, altında da yorğa at, qonşu kənddən gəlirdi. Və hərdən öz-özünə zümzümə eləyirdi. Şamil bəy onu görəndə qəddini əyib, əyilə-əyilə iri gövdəli ağacın dibində dizini yerə qoydu. Və tüfəngin ağzına bir patron verib, əlini tətiyə keçirdi. Şamil bəy bu tüfənglə neçə-neçə qanlar eləmişdi. İndi də Əmrahı hədəfə aldı. Ona görə ki, Əmrahın onun yaxın qohumu Mərdan bəyi Çay bağında su üstündə döyüb bihörmət elədiyini unutmamışdı. Həmin vaxtdan Əmraha qarşı qəlbində kin-küdurət vardı. Girəvə axtarırdı ki, Əmrahı öldürüb Mərdan bəyin hayfını alsın. İndi əsl məqamıydı. Tüfəngin qundağını sinəsinə sıxıb atdığının boşa çıxmaması üçün gözləyirdi ki, Əmrah daha da yaxınlaşsın.

Aralıda ot çalmaqdan gələn Balaca bəy bunu gördü. Və tez çiynindəki kərəntini kənara qoyub,  tapançasını çıxartdı. Dalda bir yerdən hərlənib, Şamil bəyin xəbəri olmadan onun yaxınlığında dayandı. Əmrah iyirmi-otuz metrlikdən keçəndə, Şamil bəy tüfəngin tətiyini çəkdi, ancaq xoşbəxtlikdən açılmadı. Şamil bəy əli əsə-əsə üç dəfə tətiyi çəkdi. Yenə də boşa çıxdı. Görünür, patron nəm çəkmişdi. Ona görə də çaxmağı geri çəkib tüfəngin ağzına başqa patron vermək istəyəndə, Balaca bəy arxadan ona üç güllə vurub, görünməmək üçün əyilə-əyilə tez də aradan çıxdı.

Uzaqda mal otaran naxırçılar güllə səsi eşidib qaça-qaça hadisə yerinə gəldilər. Əmrah da   atdan düşüb Şamil bəyin bağına keçdi. Və naxırçılardan bu hadisəni törədənin kimliyini soruşdu.  Naxırçılar çiyinlərini çəkdilər və:

- Biz aralıda mal otarırdıq. Bu səs-küyü eşidib gəldik. Ancaq Şamil bəyə güllə atanın kimliyini bilmədik, - dedilər.

Əmrah öz-özünə:

- Kənar yerdən gəlib bu cəsarəti  eləyən olmaz. Yaxşı deyiblər ki, düşmən ocaq başındadır.

Bütün kənd bilirdi ki, Balaca bəylə Şamil bəy qan düşmənidir. Belə ki, Balaca bəyin əmisi şaxtalı qış gecələrinin birində qətlə yetirilib, sonra da qaratikan şələsinin üstünə qoyulub yandırılmışdı. Ancaq hadisənin kim tərəfindən edildiyi bilinmirdi. Ağızdan-ağıza söz gəzirdi ki, bu, Şamil bəyin işi olar. Ancaq deyilənləri təsdiq edən heç bir sənəd-sübut yoxuydu. Aradan illər keçəndən sonra Şamil bəy kefinin duru vaxtı özünə sadiq olan bir neçə adamın yanında lovğalanıb demişdi ki, Balaca bəyin əmisini o dünyalıq eləyən  mən olmuşam. Bu söz-söhbət də Balaca bəyin qulağına çatmışdı. O gündən Şamil bəyi görəndə elə bil qutuda ilan görürdü və əmisinin qisasını almaq üçün fürsət axtarırdı.

Əmrah bu əhvalatdan xəbərdar idi. Həm də bu bir təsadüf olsa belə, Balaca bəyə sağ qalmasının səbəbkarı kimi baxırdı. Balaca bəy Şamil bəyi o dünyalıq eləməsəydi, Şamil bəy Əmrahı qətlə  yetirməliydi.

lll

Ona görə də Əmrah yüzbaşı vəzifəsinə keçəndən sonra Balaca bəyi yanına aparmışdı. İndi Balaca bəyin vaxtilə etdiyi xeyirxahlıqla, mirzəsinin dedikləri Əmrahın qəlbində üz-üzə dayanmışdı. Ona görə də bir qədər fikrə getdikdən sonra tərəddüdlə:

- Nəzər, insan çiy süd əmib. Gündə bir sifətə düşür, - dedi. - Ona görə adamlara tamamilə inanmaqdansa, tamamilə inanmamaq yaxşıdır. Bir də ki, dünyada səhvsiz adam yoxdur. Şübhəsiz ki, mənim özümün də  qəbahətlərim var. Zənnim məni aldatmırsa, hələlik Balaca bəyi tədbirli adam kimi tanıyıram. Orası da var ki, elin gözü tərəzidir. Yəqin onun bir naqisliyini bilirlər. O ki qaldı sənin burada dediklərinə, bu haqda fikirləşərəm. İnsanlar haqda tələsik fikir yürütmək və hər hansı qərara gəlmək olmaz. Axı o da özünə görə bir kişidir. Bizim bu kənddəki bəylərin içində yenə ifallısı odur. Ona görə də bir tədbirə əl atanda gərək min ölçüb, bir biçəsən. Çiy iş tutsaq, eşidib-bilən bizi qınayar. 

Nəzər daha söhbəti uzatmadı.

lll

Balaca bəy Əmrahın məktubunu Xosrov bəyə çatdırıb, atın götürə biləcəyi qədər silah aldı. Elə silahlar ki, hələ tətiyinə barmaq keçməyib, hamısı da yağın içində, təptəzə.

Balaca bəy silah yüklü at yedəyində Laçının dağlarından, eniş-yoxuşlarından keçib mənzil başına çatar-çatmaz qoyun sürüsünə rast gəldi. Çoban əlindəki dəyənəyin bir ucunu qoltuğuna keçirib, yanpörtü dayanmışdı. Yoldan adam keçdiyini görəndə, itlər onun üstünə cummasın deyə irəli yeriyib Balaca bəyə yaxınlaşdı. Balaca bəylə çoban bir-birini tanıdı. Onlar qabaqlar Həftə bazarında alış-veriş eləmişdi. Elə o vaxtdan aralarında haqq-salam vardı. 

Çoban qonaqla hal-xoş eləyəndən sonra tez bir quzu kəsdirib, yaxınlıqdakı qayanın kölgəsinə çəkildilər. Balaca bəy tələsdiyini bildirsə də, çoban onu buraxmadı. Quzu kababından yeyə-yeyə,  çoban atın yükü ilə maraqlanırdı. O, atın silah yüklü olduğunu görəndə:

- Bəy, bir belə silahı hardan tapmısan?! Hamısı da təzəyə oxşuyur.

-Pir olmuş, mənə silah verən kimdir?-Balaca bəy çiyinlərini çəkdi.-Əmrah yüzbaşıya aparıram. Xosrov bəyin adamları verib. Əmrahın deməsinə görə, yenə bu daşnakların beyninin qurdu tərpənib. Deyilənə görə, bizim kəndlərə hücum çəkmək üçün Andranik, Dro, Nijdeh Gorusda, Sisyanda oturub ordan-burdan silah-sursat alır, əsgər toplayırlar. Əmrah yüzbaşı da onların qabağını almaq üçün indidən tədbirini görür ki, ermənilərin basqınına imkan verməsin.

Çoban əlini Balaca bəyin çiyninə qoyub zarafatyana:

- Boş sözdü, canım. Erməni çobanlarla hərdən söhbətimiz olur. İndi Ermənistanda o hal qalmayıb,-dedi.-Andranikin, Nijdehin, Dronun sözüynən kimdi özünü güllə qabağına verən. Hərə öz başını girləyir.

- Düzdü, erməni-müsəlman davası başlaya-başlamaya... onu bilmək olmaz.-Balaca bəy dilləndi. - Ancaq ermənilərdən qorunmaq üçün Əmrah yüzbaşı hər ehtimala qarşı bütün ucqar kəndləri  silahlandırır.

Çoban müsahibinə:

- Balaca bəy, çoban olsam da, mənim də özümə görə ağlım var. Əmrah yüzbaşının əli uzundur. Hər yerdə də sözü keçir. İstədiyi vaxt silah tapa bilər. Bir belə tüfəngi havayı yerə aparıb ona-buna paylamayın. Ev bizim, sirr bizim. Gəl bu tüfəngin beş-altısını sat mənə. Biz axtarırıq e-e, tapa bilmirik. Bazarda, dükanda tüfəng satan var?!

- Yox, - Balaca bəy etiraz mənasında başını buladı. - Əmrah eşidib-bilsə, bunun üstündə dərimi soyar. Heç səni də salamat buraxmaz.

Çoban əl çəkmədi:

- Balaca bəy, - dedi, - burada bir sənsən, bir mən. Allah da ki, sirr  açan deyil. Əmrah yüzbaşı hardan biləcək?! Yalan yarğan deyil ki, yıxılasan, qol-qabırğan əzilə. Əmraha deyərsən ki, yolda qabağımı qaçaq-quldur kəsib, silahların hamısını əlimdən aldı.

Çoban bunu deyib, üzünü qoyun sürüsünə tutdu:

- İndi gəl, açıq danışaq. Silahların əvəzində neçə qoyun desən verirəm. İstəsən, hərəsinin bir pud quyruğu olan buruq qoçlarım var. Neçəsini desən, əsirgəyən deyiləm. Yoox, qoç sərf eləməsə, sağmal qoyun götür...

Çox çək-çevirdən sonra Balaca bəy quyruqlu qoyunlara baxıb yumşaldı... Atın yükünü boşaldıb silahların hamısını çobana satdı.

lll

Balaca bəy deyilən vaxt gəlib çıxdı. Əmrahın ona ilk sualı bu oldu:

- Nə qədər silah, patron gətirə bilmisən? Neçəsi beşaçılan, neçəsi üçaçılandır?

Balaca bəy dillənə bilmədi. Başını aşağı dikdi. Əmrah yüzbaşı şübhələndi:

- Səndən söz soruşuram, niyə səsin çıxmır?! Əlin ətəyindən uzun qayıtmısan, ona görə?!

Balaca bəy xəcalət çəkirmiş kimi:

- Əmrah, səndən nə gizlədim. Silahları alıb gətirirdim. Yolda qaçaq-quldur qabağımı kəsib bütün silahları əlimdən aldı. Özümü də öldürmək istəyirdilər, bir bəhanə ilə otuz-qırx metr onlardan aralaşıb, atın quşqununu düzəltmək bəhanəsilə aradan çıxdım. Arxadan bir-iki güllə atdılar. Xoşbəxtlikdən məni tutmadı. Yəqin anam namaz üstündəymiş. Birtəhər qaçıb qurtardım. İndi qarşında təqsirkaram. Mənə nə cəza versən, haqlısan.

(Ardı var)

 





14.11.2016    çap et  çap et