Azərbaycan Silahlı Qüvvələrində irimiqyaslı təlimlər davam edir.
Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, noyabrın 12-dən səhra şəraitində qoşunların idarə olunması və silahların döyüş tətbiqinin yoxlanılması məqsədilə Silahlı Qüvvələrin irimiqyaslı təlimləri başlayıb.
Noyabrın 18-dək davam edəcək təlimlərə 60 minədək şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək qurğu və sistemi cəlb olunub.
Təlimlər zamanı qoşunların döyüşə tam hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, müdafiənin aparılması, əks-hücum əməliyyatının hazırlanması və keçirilməsi üzrə tapşırıqlar icra olunur. Təlimlərdə hava kəşfiyyatının aparılması məqsədilə pilotsuz uçuş aparatlarından istifadə edilir.
İrimiqyaslı təlimlərdə Hərbi Dəniz Qüvvələrinin gəmi və katerləri də iştirak edir.
çap et