525.Az

Ağcabədidə çörək və un məmulatları zavodu istifadəyə veriləcək


 

Ağcabədidə  çörək və un məmulatları zavodu istifadəyə veriləcək<b style="color:red"></b>

Dövlətin diqqət və qayğısı sayəsində bu gün respublikamızın bölgələrində iri sənaye müəssisələri yaradılması istiqamətində də mühüm addımlar atılır.

Ağcabədidə "Cahidoğlu" MMC-nin təsisçiliyi ilə 2013-cü ildən inşa edilən  müasir tipli çörək və un məmulatları istehsalı zavodu bu baxımdan xüsusi önəm daşıyır. Cəbhəyanı ərazidə yerləşən bölgə əhalisinin ərzaq təhlükəsizliyinin,yüksək keyfiyyət standartlarına cavab verən çörək məmulatlarının təminatında əhəmiyyətli rol oynayacaq adıçəkilən zavod kompleksinin tikintisi artıq başa çatıb. Müəssisənin direktoru İlqar Yusifovun dediklərinə görə, son tamamlama işləri aparılan zavod ilin sonunadək istifadəyə veriləcək. Ən müasir texnologiyalar əsasında yaradılmış bu mühüm sənaye kompleksi tikintisində Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyindən geniş istifadə olunub.

İlqar Yusifov qeyd edib ki,"Cavidoğlu" MMC əvvəllər mebel,plastik qapı və pəncərə istehsalı ilə fəaliyətə başlayıb. Lakin sonralar burada istehsalın daha da genişləndirilməsi qərara alınıb . Nəticədə,bölgələrdə analoqu olmayan belə bir zavod kompleksi ərsəyə gəlib.

Sözügedən zavod kompleksində mövcud olan iki istehsal korpusunun birincisində dietik çörəklər, bulka və şirniyyat məhsulları hazırlanacaq. İstehsal gücü saatda 1250 kq olan sözügedən korpus Rusiya və Fransanın birgə istehsal etdiyi ən yeni avadanlıq dəsti və tunel xətləri ilə təchiz olunub. Zavodun digər istehsal korpusunda isə müxtəlif çeşidli çörəklər istehsal olunacaq. İstehsal gücü saatda 1200 kq-dan ibarət həmin korpusda Çexiya və Türkiyədən gətirilmiş müasir avadanlıq və tunel xətləri quraşdırılıb.Müssisədə keyfiyyətli və etibarlı kommunikasiya işləri aparılıb. Əraziyə 5 km məsafədən qaz, 1,6 km məsafədən isə elektrik xətləri çəkilib, daimi su təchizatı üçün artezian quyusu vurulub.Zavod kompleksi ətrafında geniş abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilib, səliqə-sahman yaradılıb. Ən başlıcası odur ki, müəssisənin işə düşməsi sayəsində 55 nəfər rayon sakinin işlə təmin edilməsi mümkün olacaq. Onların normal işləmələri və istirahətləri üçün burada hər cür şərait yaradılıb. Bu məqsədlə hər iki korpusda yeməkxana və duş fəaliyyət göstərəcək.Bulka və şirniyyat istehsal olunan korpusda birnövbəli,çörək istehsalı korpusunda isə ikinövbəli iş rejimi tətbiq ediləcək. Zavodda istehsal ediləcək məmulatların rayonun və ətraf bölgələrin istehlakçılarına vaxtında çatdırılması üçün ixtisaslaşdırılmış avtomaşınlar alınıb.İstehsal kompleksinə daxil olan mebel sexində hazırlanmış vitrinlərin və digər avadanlıqların bütün satış məntəqələrinə,  ticarət köşklərinə paylanılması  təmin ediləcək.

İ.Yusifov əlavə olaraq bildirib ki, gələcəkdə müəssisədə mebel istehsalının genişləndirilməsi, həmçinin istixana kompleksi yaradılması da nəzərdə tutulub.

Yəhya PAŞAZADƏ

 





15.11.2016    çap et  çap et