525.Az

Maral Rəhmanzadənin 100 illiyi münasibətilə sərgi


 

Maral Rəhmanzadənin 100 illiyi münasibətilə sərgi <b style="color:red"></b>

Noyabrın 15-də Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Maral Rəhmanzadənin (1916-2008) anadan olmasının 100 illiyi münasibətilə xatirə sərgisinin açılışı olub.

Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, tədbiri giriş sözüylə nazirliyin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov açaraq sərgi haqda qısa bilgi verib.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxışında məşhur rəssam, rəngkar və qrafik Maral Rəhmanzadənin incəsənət tariximizdə tutduğu yerdən bəhs edib.

Bildirib ki, rəssam xalqımızın çoxəsrlik mədəniyyətində özünə əbədilik qazanmış şəxsiyyətlərdəndir.

Nazir müavini sağlığında sənətkarla bir neçə dəfə görüşdüyünü, həmin görüşlərin onun yaddaşında gözəl xatirələrlə qaldığını vurğulayıb.

Qeyd edib ki, rəssamın yaradıcılığında Azərbaycan təbiəti, məişəti, doğma yurdun bütün gözəllikləri böyük ustalıq və bədiiliklə, sevgiylə tərənnüm olunub. Bunun nəticəsidir ki, ilk qadın rəssamlarımızdan olan M.Rəhmanzadə yaradıcılığı ilə özündən sonra xalqı üçün böyük mənəvi sərvət qoyub gedib.

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov görkəmli fırça ustası ilə səmimi, doğma münasibətindən, onun zəngin yaradıcılığından, öz sənətinə olan vurğunluğundan danışıb.

Vurğulayıb ki, M.Rəhmanzadənin əsərlərində doğma yurda bağlılıq, əsrarəngiz təbiətinə dərindən vurğunluq onun əsərlərini hər zaman tamaşaçı üçün əbədiyaşar edir.

Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov da onun rəssamlıq tarixindəki uca mövqeyindən söz açıb. Bildirib ki, M.Rəhmanzadəni Azərbaycanın ən ucqar kəndlərində belə yaxşı tanıyırdılar.

Rəssam ömrünün sonuna qədər yaradıcılığına sadiq qalıb, fırça və kətandan ayrılmayıb. O, Neft daşlarından əsərlər çəkən ilk rəssam olub.

Rəssamın ailəsi adından danışan professor Ceyran Mahmudova sərginin təşkilinə görə əməyi keçən hər kəsə, tədbirə gələn bütün sənətsevərlərə minnətdarlığını bildirib.

Sonra sərginin açılışını bildirən lent kəsilib, tamaşaçılar əsərlərlə tanış olublar. Sərgidə rəssamın realizm üslubunda işlədiyi ailəsinin kolleksiyasında, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan rəngkarlıq və qrafika əsərləri nümayiş olunur.

Onun “Dağ mənzərəsi”, “Göygöl”, “Dağ qızları”, “Naxçıvan gözəlləri”, “Qızlar bulağı”, “Avtoportret”, “İçərişəhər”, “Ordubad dağları”, “Xınalıq kəndi”, “Dağlar”, “Tarla sahibələri”, “Çayçı qızlar”, “Günəşin şirəsi” kimi 80-dən çox əsəri sənətsevərlərin ixtiyarına verilib.

Əlavə məlumat üçün qeyd edək ki, Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakıda anadan olub.

1930-1933-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxuyub, 1940-cı ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirib.

Təhsildən sonra doğma vətənə qayıdaraq ömrünün sonunadək yaradıcılıqla məşğul olub.

M.Rəhmanzadənin geniş yaradıcılığı hər zaman sənətsevərlərin diqqət mərkəzində olub və yüksək qiymətləndirilib.

O, milli təsviri sənətimizin inkişafındakı böyük xidmətlərinə görə "Şöhrət" ordeninə layiq görülüb.

Rəssam 2008-ci ildə vəfat edib.

Sərgi noyabrın 19-da başa çatacaq.

Cavid QƏDİR

 





16.11.2016    çap et  çap et