Rusiya prezidenti Vladimir Putinin Ermənistanla birgə qoşun birləşməsi yaradılması haqqında sazişi təsdiqləməsi Azərbaycan ictimaiyyətində narahatlıqla qarşılanıb. Çünki aprel döyüşləri zamanı Moskvanın prosesə müdaxilə etməsindən sonra hərbi əməliyyatları dayandıraraq danışıqlar yolu ilə problemin həllinə qayıdan Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrindən ən azı münaqişənin nizamlanmasına stimul verəcək addımlar gözləyirdi. Lakin Kreml Ermənistana təzyiq etməkdənsə, müəyyən jestlərlə işğalçı ölkədəki təşviş və narahatlığı səngitməyi üstün tutub.
Bu mənada, Ermənistanı "İsgəndər" raketləri ilə təmin etməsindən sonra birgə qoşun birləşmələri yaradılması haqqında sazişi təsdiqləməsi Rusiyanın münaqişənin ədalətli həllində obyektiv mövqeyini şübhə altına alır.
Məsələ ilə bağlı "Düşüncə" İctimai Birliyinin sədri, "Dailykarabakh" saytının baş direktoru, ekspert Emil Hüseynli qeyd edib ki, Rusiyanın Ermənistanla birgə qoşun qruplaşmaları yaratması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan üçün hansısa təhdid və təzyiqlər predmeti olacağını düşünmür: "Rusiyanın üzərinə Minsk Qrupunun həmsədr ölkəsi, eyni zamanda bölgədə nüfuzlu dövlət kimi Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında həlli məsuliyyəti düşür.Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində onsuz da Rusiya ilə Ermənistan arasında hərbi əməkdaşlığa dair qərarlar var. Rəsmi Moskva dəfələrlə bəyanat da verib ki, bu əməkdaşlıq Azərbaycana qarşı deyil. Ona görə də düşünmürəm ki, Rusiya regionda yeni bir münaqişə ocağının yaranmasında maraqlı olsun. Sözsüz ki, Azərbaycanın Rusiyadan gözləntisi odur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artırsın və bu istiqamətdə beynəlxalq hüququn təməl prinsiplərini qorusun. Ermənistanın qeyri-konstruktiv mövqeyinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiya ilə Azərbaycan arasında intensiv müzakirələr aparılır. Rusiya Azərbaycanın dövlət sərhədlərinin BMT-nin elan etdiyi ərazilər çərçivəsində tanıyır".
QHT sədrinin sözlərinə görə, Rusiya birgə qoşun qruplaşmalarını Ermənistanın ərazisində yaradır: "Dağlıq Qarabağ və ona bitişik 7 rayon Azərbaycanın ərazisidir və orada hər hansı xarici ölkənin ordusunun yerləşdirilməsi Azərbaycanın icazəsi olmadan mümkün deyil. Azərbaycan Silahlı Qüvvələrinin imkanı çatır ki, özü işğalçıları öz torpaqlarından təmizləyə bilsin. Məlum olduğu kimi noyabrın 12-də Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olarkən döyüşdə fərqlənmiş hərbi qulluqçularla görüşündə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çox sərt mesajlar verdi. "Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaq" deyən dövlət başçısının bu mesajı Sarkisyan hakimiyyəti üçün ciddi siqnaldır".
E.Hüseynli bildirib ki, Azərbaycanla Ermənistan arasında müharibənin olacağı təqdirdə Rusiyanın yaratdığı birgə qoşun qruplaşmalarının məsələyə müdaxilə edəcəyi real görünmür: "Xatırlayırsınızsa, aprel hadisələri zamanı Rusiya diplomatları, hətta Azərbaycanın ziyanına və ya Ermənistanı müdafiə edəcək açıqlamalar vermədi. KTMT-yə üzv olan Qazaxıstan və Belarus Azərbaycanı müdafiə edən mövqe nümayiş etdirdi". Ekspert hesab edir ki, Türkiyə NATO ölkəsi olduğu üçün Rusiyanın Ermənistan sərhədlərində öz ordusunu gücləndirməsi də təbii qarşılanmalıdır: "Son dövrlər Rusiya ilə NATO arasında münasibətlər heç də ürəkaçan deyil.Yəni Rusiya ilə NATO arasındakı münasibətlər daha kəskin fazaya qədəm qoyub. Hətta NATO rəsmiləri on minlərlə hərbçilərini döyüş vəziyyətinə gətirib. Görünür, Rusiya NATO sərhədlərinda güclənməsi üçün başqa qərarlar da verəcək".
Siyasi şərhçi Arzu Nağıyev də hesab edir ki, Rusiya ilə Ermənistan arasında birgə qoşun qruplaşmalarının yaradılması Azərbaycan üçün birbaşa heç bir təhdid yaratmır: "Sadəcə olaraq bu, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasına gətirib çıxara bilər".
A.Nağıyev "Trend"ə bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiya ilə Ermənistan ərazisində ikitərəfli müqavilə mövcuddur: "Bu müqavilə çərçivəsində Ermənistanın ərazisinə hər hansı təcavüz olarsa, Rusiya onu qorumalıdır. Çünki KTMT-nin əsas məqsədi bundan ibarətdir. Lakin bu gün birgə qoşun qruplaşmalarının yaradılmasının bir neçə səbəbi ola bilər. Birinci səbəb Rusiya-NATO sərhəddinin məhz Türkiyə-Ermənistan sərhəddindən keçməsidir. NATO-ya qarşı həm 102 saylı briqadanı, eyni zamanda İrəbuni aerodromu yaxınlığındakı qırıcı təyyarələrdən ibarət bazanı möhkəmləndirmək üçün silahların Ermənistana daşınması vacibdir və bu, Ermənistanla birgə qoşun qruplaşmaları yaratmaq vasitəsilə həyata keçirilir".
Ekspertin sözlərinə görə, birgə qoşun qruplaşmalarının yaradılmasının digər bir səbəbi o ola bilər ki, Rusiya Ermənistana verdiyi silahları leqallaşdırmaq üçün özünü sığortalayır: "Ən maraqlı məqam isə ondan ibarətdir ki, məhz Azərbaycan iri miqyaslı təlimlərə başladığı bir anda Rusiya rəhbərliyi belə bir addım atır. Düşünürəm ki, bu, Ermənistanın Rusiyanın forpostu olduğuna və guya onların birgə olduğuna dəlalət edən faktdır. Amma bütün hallarda bunun Azərbaycan üçün birbaşa təhlükəsi yoxdur. Azərbaycan olaraq biz bu cür təhdidlərə çoxdan hazırıq. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə gəlincə isə, son aprel hadisələri də göstərdi ki, Rusiya bəzi məsələlərə qarışmır, çünki Dağlıq Qarabağ Azərbaycan ərazisidir, bu, BMT-nin və digər beynəlxalq təşkilatların sənədlərində də öz əksini tapıb".
Politoloq hesab edir ki, Dağlıq Qarabağda yenidən müharibə baş verəcəyi halda da birgə qoşun qruplaşmalarının bura cəlb edilməsi inandırıcı görünmür: "Birgə qoşun qruplaşmalarının yaradılmasında söhbət Ermənistan ərazisindən gedir, bizim isə Ermənistan ərazisinə hər hansı bir iddiamız yoxdur. Biz öz işğal olunmuş ərazilərimizdən danışırıq, beynəlxalq hüquq norması çərçivəsində təsdiq olunmuş suveren ərazilərimizdən. Biz öz ərazimizi işğaldan azad etmək üçün həm hərbi, həm də diplomatik yola əl ata bilərik. Heç vaxt nə KTMT-nin, nə də Rusiyanın bizə təcavüz etməyə ixtiyarı yoxdur və Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına imkan verilməyəcək".
Ceyhun ABASOV
çap et