525.Az

Azərbaycan yüksək reytinqə layiq görüldü


 

Azərbaycan yüksək reytinqə layiq görüldü<b style="color:red"></b>

"Ölkə başçısının sərəncamından irəli gələn vəzifələrdən biri də vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə yüksək beynəlxalq reytinqin əldə edilməsidir. Son dövrlərdə beynəlxalq vergitutma sahəsində xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri vergi orqanları arasında məlumat mübadiləsinin genişləndirilməsi və bu sahədə formalaşmış beynəlxalq standartların tətbiqinin təmin edilməsidir".
 
Bu sözləri vergilər nazirinin müşaviri Riyad Hüseynov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən hazırlanmış "Vergitutma sahəsində məlumat mübadiləsi və şəffaflıq standartı" barədə danışarkən bildirib. Onun sözlərinə görə, BMT, G8, G20 ölkələri, Avropa Şurası və Avropa İttifaqı tərəfindən tövsiyə edilən, OECD tərəfindən hazırlanmış "Vergitutma sahəsində məlumat mübadiləsi və şəffaflıq standartı" OECD-nin Model Vergi Konvensiyasının 26-cı maddəsində və 2002-ci il tarixli Vergi məsələləri üzrə Məlumat Mübadiləsi Model Sazişində əksini tapıb. Bu standartın tətbiqinə nail olmaq məqsədilə 2009-cu ildə OECD-nin Vergi Siyasəti və İnzibatçılığı Mərkəzi nəzdində "Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum" yaradılıb. Artıq dünyanın 134 ölkəsi 2010-cu ildən faktiki olaraq müstəqil təşkilat kimi fəaliyyət göstərən bu qurumun üzvüdür. Bundan əlavə, Forumda 9 beynəlxalq və regional təşkilat - BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, İnter-Amerika İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Avropa Birliyi Ölkələrinin Katibliyi müşahidəçi qismində təmsil olunurlar. Foruma üzvlük dövlətlərin, ilk növbədə, məlumat mübadiləsi haqqında müqavilələr üzrə danışıqlar aparmaq, təmsil olunan beynəlxalq maliyyə qurumları ilə məlumat mübadiləsi etmək imkanlarını artırır. Forum vergi məqsədləri üçün şəffaflığın artırılması üzrə zəngin ekspertiza mənbəyidir. Qlobal Forumun qaydalarına əsasən, hər bir üzv ölkə iki mərhələdən ibarət qiymətləndirmə prosesinə cəlb olunur. Birinci mərhələdə qanunvericiliyin beynəlxalq standartlara uyğunluğu, ikinci mərhələdə isə həmin qanunvericiliyin praktikada tətbiqi səviyyəsi qiymətləndirilir. Hər iki mərhələnin nəticələri əsasında ölkənin beynəlxalq standartlara uyğunluq səviyyəsi müəyyənləşdirilir".

O həmçinin deyib ki, Azərbaycan üzrə Qiymətləndirmənin birinci mərhələsinə ölkəmizdə vergi məqsədləri üçün məlumat mübadiləsinin tətbiqi mexanizmi üzrə qanunvericiliyin tələblərinə müsbət rəy verilərək, ölkəmizin qiymətləndirmənin birinci mərhələsini uğurla keçdiyi qərara alınıb: "İkinci mərhələdə isə Qiymətləndirmə Qrupunun üzvləri mart ayında ölkəmizə səfər ediblər. Səfər müddətində ekspertlər məlumatların mübadiləsi üzrə səlahiyyətli dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirib, vergi inzibatçılığında şəffaflıq prinsiplərinin gözlənilməsi ilə əlaqədar görülmüş işlər və məlumat mübadiləsi prosesi ilə tanış olub, Vergilər Nazirliyində məlumatların təhlükəsizliyinin beynəlxalq standartlar səviyyəsində qorunması sistemini nəzərdən keçiriblər. Ölkə üzrə yekun hesabat 2016-cı ilin 26-30 sentyabr tarixlərində Fransanın Paytaxtı Paris şəhərində Qiymətləndirmə Qrupunun (PRG) 24-cü iclası zamanı geniş müzakirə edilib. Hesabatın müzakirəsi Qlobal Forumun prezidenti, katibliyin rəhbəri, Qiymətləndirmə Qrupunun 30 ölkənin nümayəndələrindən təşkil olunmuş üzvləri, qiymətləndiricilər və Vergilər Nazirliyinin nümayəndə heyətinin iştirakı ilə keçirilib".

Müzakirələr zamanı Vergilər Nazirliyi və xarici dövlətlərin aidiyyəti orqanları ilə aparılan məlumat mübadiləsinin səmərəliliyinin obyektiv qiymətləndirilərək hesabatın qəbul edilməsi üçün zəruri olan əlavə məlumatlar təqdim edilib. 2016-cı ilin sentyabr ayının 30-da Azərbaycan üzrə ölkə hesabatı təsdiq edilib. Bununla da Azərbaycan Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə "Əsasən uyğundur" reytinqinə layiq görülüb. Qlobal Forumun qaydalarına uyğun olaraq, Azərbaycan Respublikası üzrə yekun reytinq 31 oktyabr 2016-cı il tarixdə rəsmən bəyan olunub və noyabr ayının 4-də dərc edilib. 

"Azərbaycanın OECD-nin Vergi məqsədləri üçün şəffaflıq və məlumat üzrə Qlobal Forumu çərçivəsində əldə etdiyi reytinq balının müsbət cəhətləri və faydası nədən ibarətdir" sualına cavab olaraq isə nazirlik rəsmisi deyib: "Qlobal Forum çərçivəsində Azərbaycan Respublikasının qazandığı yüksək reytinq balı ölkəmizdə şəffaf, beynəlxalq standartlara uyğun və bütün tərəfdaş ölkələrlə səmərəli məlumat mübadiləsinin aparılması imkanını təmin edən müasir vergi sisteminin mövcudluğunun obyektiv əyani sübutudur. Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum hazırda vergitutma ilə bağlı məsələlərdə ixtisaslaşmış ən böyük təşkilat olmaqla yanaşı, onun hazırladığı standartlar ölkələrin vergi məsələlərində şəffaflığın ən mötəbər göstəricilərindən hesab edilir.

 





17.11.2016    çap et  çap et