525.Az

Xarici media rəhbərləri Azərbaycanda keçirilən tədbiri yüksək qiymətləndirirlər


 

"ASSOCIATED PRESS"in VİTSE-PREZİDENTİ: "AZƏRBAYCAN MƏTBUAT ALƏMİNDƏ ÇOX MÜHÜM BİR TƏDBİRƏ EV SAHİBLİYİ EDİR"

Xarici media rəhbərləri Azərbaycanda keçirilən tədbiri yüksək qiymətləndirirlər<b style="color:red"></b>

"Azərbaycanda ilk demokratik respublika 98 il əvvəl qurulub. İlk demokratik respublika iki il yaşasa da, demokratik ənənələrin əsasını qoyub. O vaxt qadınlara seçib-seçilmək hüququ verilmişdi, o vaxt hələ bir çox Avropa ölkəsində belə hüquq yox idi. Bu gün isə Azərbaycan beynəlxalq arenada yüksək nüfuza malik ölkədir. Azərbaycan bir neçə il əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Beynəlxalq birliyin əksər üzvü Azərbaycanı dəstəklədi. Bu, fəaliyyətimizə, məsuliyyətli, etibarlı tərəfdaş olmağımıza verilən dəstək idi. Azərbaycan müstəqil xarici siyasət yürüdən dövlətdir və bu siyasət milli maraqlara söykənir, heç kəsə qarşı yönəlməyib. Azərbaycanın gələcəyi öz əlindədir".

Bu sözləri dünən prezident İlham Əliyev Heydər Əliyev Fondu və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresi ilə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxışı zamanı deyib.

AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı qeyd edib ki, qlobal əhəmiyyətə malik olan bu tədbiri media tərəfindən ölkəmizin nailiyyətlərinə verilən qiymət kimi qəbul edir: "Müstəqilliyimizin 25 ili göstərir ki, biz ölkədə mətbuat azadlığını, bir çox azadlıqları təmin etmişik".

Birinci Avropa Oyunlarının Bakıda keçirildiyini xatırladan Prezident İlham Əliyev diqqətə çatdırıb ki, gələn il Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək: "Medianın dəstəyi olmadan bu, mümkün deyil".

Azərbaycan noyabrın 16-dan etibarən üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XXII iclasına ev sahibliyi edəcək. Tədbirlərdə dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər.

Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur. Belə ki, Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.

Xarici qonaqlar da ölkəmizdə keçirilən bu mötəbər tədbiri yüksək qiymətləndirirlər.

ABŞ-ın "Associated Press" agentliyinin vitse-prezidenti Con Danişevski qeyd edib ki, bu gün Azərbaycan mətbuat aləmində çox mühüm bir tədbirə ev sahibliyi edir.

Vitse-prezident SİA-ya bildirib ki, konqres çox əlamətdar hadisədir: "Belə ki, tədbir azad mətbuatın problemlərini müzakirə etməyə imkan verir. Bu tədbir həmçinin burada iştirak edən şəxslərə ölkədə gedən dinamik inkişafı görməyə imkan verir".

Agentliyin Asiya və Sakit okean ölkələri üzrə xəbər direktoru Ted Antoni isə hesab edir ki, jurnalistlər birlikdə güc olaraq daha böyük təsirə malik olurlar və daha böyük mədəniyyətləri təmsil edirlər: "Media sahəsində problemlər iki yerə bölünür. Bunlar sırf jurnalistika və biznes problemləridir. Jurnalistika problemləri daha qlobal sahəni əhatə edir. İnsanlar get-gedə xəbəri pulsuz almaq istəyirlər. Ancaq başa düşməlidirlər ki, media da pul qazanmalıdır və inkişaf etməlidir. Bu da problemlərdən biridir və çıxış yolları tapılmalıdır".

Xəbər direktoru Dünya Xəbər Agentliklərinin V Konqresinin media problemlərinin həllində mühüm rol oynadığını bildirib: "Konqresdə sessiyalarda iştirak etdim. Müxtəlif mövzularda fikirlərimi bildirdim. Burada iştirak edən jurnalistlər öyrəndiklərini ölkələrində insanlarla bölüşüb, tətbiq edəcəklər. Bu, məsələlərin həllinə daha da kömək edəcək. Ona görə konqres yüksək əhəmiyyətə malikdir".

Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman isə qeyd edib ki, son illər Azərbaycan irimiqyaslı ictimai, siyasi, mədəni tədbirlərin keçirildiyi bir mərkəzə çevrilib: "Bütün dünya agentliklərinin rəhbərləri, dünya informasiya axınına cavabdeh olan, informasiyanın məsuliyyətini daşıyan insanlar Dünya Xəbər Agentliklərinin V Konqresində iştirak etmək üçün Bakıda bir araya gəlib. Konqresin Bakıda keçirilməsi faktı bütün peşəkar dünya informasiya birliyinin azərbaycanlı həmkarlarına, o cümlədən, AZƏRTAC-a inamının sübutudur. AZƏRTAC irimiqyaslı informasiya birliklərinin - Avropa Xəbər Agentlikləri Alyansının (EANA), Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) çox fəal üzvüdür. Dünya Xəbər Agentliklərinin bundan əvvəlki konqresləri Rusiya, İspaniya, Argentina və Səudiyyə Ərəbistanında keçirilib. Azərbaycana inamın nəticəsidir ki, növbəti Konqresin harada keçiriləcəyi müəyyənləşdirilərkən Ər-Riyad toplantısında gizli səsvermədə çoxluq tədbirin məhz Bakıda təşkil olunmasını dəstəklədi. Bu, Azərbaycana böyük inamın təsdiqi idi".

TASS-ın baş direktorunun birinci müavini bildirib ki, Azərbaycanda media açıq və azad şəkildə fəaliyyət göstərir: "AZƏRTAC Azərbaycan mediasının flaqmanıdır. Düşünürəm ki, Konqresin Bakıda keçirilməsi digər vacib tədbirlər arasında çox parlaq bir hadisə olacaq".

Avropa Xəbər Agentlikləri Alyansının və TT İsveç Agnetliyinin prezidenti Yonas Erikson isə deyib ki, Dünya Xəbər Agentliklərinin V Konqresi kimi tədbirlərin keçirilməsi gələcək media üçün çox vacibdir. O "Trend"ə bildirib ki, belə tədbirlər sayəsində bu gün xəbər agentlikləri qarşısında duran ümumi vəzifə və məqsədləri, medianın gələcək inkişaf prespektivlərini müzakirə edə bilirik. Bu çox mühümdür".

Konqresin yüksək şəkildə təşkil edildiyini də vurğulayan Y.Eriksonun sözlərinə görə, medianın əsas vəzifəsi oxuculara doğru xəbər çatdırmaqdır: "Bu gün artıq xəbər agentliklərinə gələcəkdə obyektiv və doğru, ən əsası azad xəbər yaymağa imkan verən addımlar atılmalıdır".

Hindistanın PTİ xəbər agentliyinin baş direktoru Venki Venkateş isə deyib ki, Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası çox mühüm bir tədbirdir və xəbər agentlikləri arasında daha böyük həmrəyliyə gətirib çıxaracaq: "Tədbirdə çoxlu sayda dünyanın aparıcı xəbər agentliklərinin nümayəndələri iştirak edirlər. Bu bizə imkan verəcək ki, ən yaxşı təcrübələri bir araya gətirək və paylaşaq və gələcək fəaliyyətimizi daha uğurla təşkil edək".

V.Venkateş tədbirə ev sahibliyi etdiyinə görə, Azərbaycana təşəkkürünü bildirib və yüksək təşkilatçılığın olduğunu diqqətə çatdırıb. O həmçinin, Azərbaycanın Dünya Xəbər Agentliklərinin Konqresinə uğurla sədrlik edəcəyinə əminliyini bildirib.

Öz növbəsində, Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Erik Nilen qeyd edib ki, Dünya Xəbər Agentliklərinin V Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının Azərbaycanda keçirilməsi dünya xəbər agentliklərinin qlobal görüşü və mövcud çağırışları müzakirə etməsi üçün gözəl bir imkandır. O bildirib ki, bu cür görüşlərdə dünya xəbər agentlikləri üçün mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə olunur və müxtəlif qərarlar qəbul edilir. E.Nilen tədbirin Azərbaycan üçün əhəmiyyətindən də danışıb. O qeyd edib ki, belə tədbirlərin keçirilməsi və mühüm müzakirələrin aparılması ev sahibliyi edən ölkə üçün də vacib əhəmiyyət daşıyır.

E.Nilen bildirib ki, dünyanın xəbər agentliklərinin nümayəndələri Azərbaycana gəlir və bu ölkəni daha yaxından tanıyırlar. O hesab edir ki, bu, ölkənin beynəlxalq nüfuzunu artırır.

Ərəb Xəbər Agentlikləri Federasiyasının Baş katibi Fərdi Əyar isə qeyd edib ki, Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi xəbər agentliklərinin inkişafında böyük rol oynayır. Onun sözlərinə görə, Azərbaycan bu tədbirin keçirilməsi üçün böyük işlər görüb: "Bu konqresin keçirilməsi böyük qüvvə tələb edirdi. Ona görə də, təşkilati işlərin yüksək olduğunu qeyd etməklə hesab edirik ki, Azərbaycanın sədrliyi ilə keçən konqres böyük uğurlara imza atacaq".

Ceyhun ABASOV

 





17.11.2016    çap et  çap et