525.Az

Prezident beynəlxalq medianı obyektivliyə çağırdı


 

"ƏMİNƏM Kİ, QONAQLARIMIZ GÜNDƏLİKDƏKİ VACİB MƏSƏLƏLƏRİN MÜZAKİRƏSİLƏ YANAŞI, AZƏRBAYCAN HAQQINDA DAHA DOLĞUN MƏLUMAT ƏLDƏ EDƏCƏK, ÖLKƏNİN İNKİŞAFININ ŞAHİDİ OLACAQLAR"

Prezident beynəlxalq medianı obyektivliyə çağırdı<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, noyabrın 16-da Heydər Əliyev Fondunun və AzərTAc-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirilib.

Azərbaycan üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XXII iclasına ev sahibliyi edəcək. Tədbirlərdə 80 ölkədən 100-ə yaxın xəbər agentliyinin dünyanın informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-dək rəhbəri və təmsilçisi, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur.

Bakıya Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.

Prezident İlham Əliyev mötəbər tədbirin açılış mərasimində iştirak edib.

Dövlət başçısı çıxışında qeyd edib ki, belə bir vacib, qlobal və beynəlxalq tədbirə ev sahibliyi etmək böyük şərəfdir: "Əminəm ki, qonaqlarımız gündəlikdəki vacib məsələlərin müzakirəsi ilə yanaşı, Azərbaycan haqqında daha dolğun məlumat əldə edəcək, ölkənin inkişafının şahidi olacaqlar. Bu ölkə müasirdir, dinamikdir və gələcək üçün nəhəng potensiala malikdir. Biz bu tədbirin Bakıda keçirilməsini həm də müstəqil medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi hesab edirik. Bu, hökumətimiz üçün prioritetlərdən biridir və düşünürəm ki, müstəqilliyimizin 25 ili ərzindəki nailiyyətlərimiz bizim media azadlığı ilə yanaşı, bütün digər fundamental azadlıqların təmin edilməsinə müvəffəq olduğumuzu nümayiş etdirir".

Bu gün Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzetlərin fəaliyyət göstərdiyini deyən prezident bildirib ki, ölkə ərazisində 10 milli, 1 peyk, 13 regional və 17 kabel televiziyası yayımlanır: "Azərbaycan internetin tam azad olduğu ölkədir və əhalimizin 75 faizindən çoxu fəal internet istifadəçisidir. Ölkə əhalisinin sayı təqribən 10 milyon nəfərdir və Azərbaycanda sosial mediadan istifadə edənlərin sayı 2 milyondur. Bu rəqəm onu nümayiş etdirir ki, Azərbaycanda azad medianın inkişafı çox uğurlu olub. Biz məqsədimizə nail olmuşuq və bu 25 il ərzində siyasi və iqtisadi islahatlarla yanaşı, transformasiya keçmiş sahələrdən biri demokratik inkişaf istiqamətindəki islahatlar olub".

İlham Əliyev bildirib ki, bəzən mediada gördüklərimiz və oxuduqlarımız reallıqdan fərqlənir: "Bir dövlət başçısı və siyasətçi kimi, əminəm ki, medianın beynəlxalq hadisələrdəki rolu dəqiqliklə təhlil edilməlidir. Çünki medianın rolu gündən-günə artır və bununla yanaşı, məsuliyyət də artır. Biz bir çox hallarda media tərəfindən işıqlandırılan hadisələrin gərginlik, qan tökülməsi və qarşıdurma yaratdığının şahidi oluruq. Bu səbəbdən əməkdaşlıq dəyərlərinin təşviqi baxımından xəbər agentliklərinin və medianın dəstəyi olduqca əhəmiyyətlidir. Bununla siyasətçilər ümumbəşəri dəyərlərin müdafiəsi üçün yeni imkanlar əldə etmiş olurlar. Bununla dəyərlərin təşviqində bizə daha ardıcıl və fəal olmaq fürsəti verilmiş olur. Bəzən mediada gördüklərimiz və oxuduqlarımız reallıqdan fərqlənir. Bunu şəxsi təcrübəmdən deyə bilərəm. Əlbəttə, istənilən dövlətin prezidenti kifayət qədər dəqiq məlumat mənbələrinə malikdir. Ancaq beynəlxalq media vasitəsilə izlədiyimiz bu və ya digər eyni hadisə onun kim tərəfindən təqdim edilməsindən asılı olaraq, bəzən fərqli şəkildə çatdırılır. Bu səbəbdən biz eyni hadisənin siyasi motivlərə əsaslanan fərqli təqdimatının şahidi oluruq. Yaxın Şərq, müharibələr, Avropa, postsovet məkanı - burada eyni hadisə fərqli şəkildə təqdim edilir. Yəni, biz burada siyasi motivlər və müəyyən mənada müxtəlif siyasi dairələrin müdaxiləsinin şahidi oluruq. Hadisələrin gedişi müəyyən çərçivəyə salınır, təqdim edilməli olan məsələlər müəyyənləşdirilir, digər mövzular isə qadağan edilir".

Mötəbər tədbirin açılış mərasimində prezident İlham Əliyevin çıxşına münasibət bildirən Milli Məclisin deputatı Sahib Alıyevin sözlərinə görə, qərbdəki bəlli çevrələrin yumşaq güc olaraq faydalandıqları beynəlxalq kütləvi informasiya vasitələri ölkəmizlə bağlı qərəzli, dəqiqləşdirilməmiş, bəzən isə hətta böhtan xarakterli materiallar hazırladıqlarını bəyan edəndə, bir çoxları ağız büzür, bunun mümkünsüzlüyünü bildirirdilər: "Bu zaman ona əsaslanırdılar ki, həmən kütləvi informasiya vasitələri öz imicləri üzərində əsdiklərindən, orada çalışanların peşəkarlıq səviyyəsi son dərəcə yüksək olduğundan onlar saxtakarlıq etməzlər. Halbuki, Amerikada keçirilən prezident seçkisi "New-York Times"dan tutmuş CNN-dək bir çox respektabelli nəşr və televiziyaların ictimai rəylə necə manipulyasiya etdiklərini bütün çılpaqlığıyla ortaya qoydu. Aydın oldu ki, bəli, onlar da yeri gələndə sifarişli materiallar verir, auditoriyanı çaşdırmağa çalışırlarmış".

S.Alıyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev də Dünya Xəbər Agentliklərinin V Konqresində bu problemə toxunub: "Dövlət başçısı beynəlxalq medianı obyektiv olmağa, oxucu və tamaşaçıları dəqiq informasiyayla təmin etməyə çağırıb".

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət isə bildirib ki, Azərbaycan belə yüksək tədbirlərə ev sahibliyi etməkdə ad çıxarıb. O SİA-ya bildirib ki, faktiki olaraq ölkəmizdə belə tədbirlərin keçirilməsi bir ənənəyə çevrilib.

A.Həsrətin sözlərinə görə, Dünya Xəbər Agentliklərinin V Konqresinin də Bakıda keçirilməsi o sıradandır: "Sevindirici haldır ki, dünyanın ən aparıcı xəbər agentliklərinin rəhbərlərinin təmsilçiləri Azərbaycana toplaşıblar. Təbii ki, bu, Azərbaycanın haqq səsinin duyulması üçün çox vacib addımdır. Yəni, burada məsələ ondadır ki, onların arasında Azərbaycana ilk dəfə gələnlər də az deyil. Ümumiyyətlə, Azərbaycanla bağlı bilgiləri yetərli olmayanlarda az deyil. Bu baxımdan təşkilat təmsilçilərinin Bakıya toplaşması bizim faydamızadır. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, son illər ərzində mən AZƏRTAC-ın bu cür tədbirlərə ev sahibliyi etməsini, ümumiyyətlə, bu cür beynəlxalq platformalarla uyğun və uğurlu bir şəkildə istifadə etməsini müşahidə edirəm. Bu da Azərbaycan dövlətinin birbaşa qayğısının nəticəsidir. Yəni, bizim dövlətimiz hər kəs üçün açıq bir dövlətdir. Burada Kütləvi İnformasiya Vasitəsinin fəaliyyətinin azadlığı yüksək səviyyədə təmin edilir".

A.Həsrət əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev konqresin açılış mərasimindəki çıxışında Azərbaycanın ictimai-siyasi, iqtisadi və sair məsələlərini çox sadə bir dildə qonaqların diqqətinə çatdırıb: "Yəni, bu özü Azərbaycanın təbliğ olunması, tanıdılması, ümumiyyətlə, problemlərimizin dilə gətirilməsi baxımından da çox önəmlidir".

Ceyhun ABASOV

 





18.11.2016    çap et  çap et