525.Az

Rəsmi Bakının Trampdan gözləntiləri nədir?


 

ELXAN ŞAHİNOĞLU: "AZƏRBAYCAN-ABŞ MÜNASİBƏTLƏRİNİN GƏLƏCƏK İNKİŞAFI ÜÇÜN ARTIQ MÖHKƏM ZƏMİN FORMALAŞIB"

Rəsmi Bakının Trampdan gözləntiləri nədir?<b style="color:red"></b>

"Barak Obamanın səkkiz illik prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri istənilən səviyyədə inkişaf etmədi. Ona görə də bugünlərdə Bakıya gələcək ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinksin səfərinin elə bir əhəmiyyəti yoxdur. Barak Obama administrasiyası səkkiz ildə Azərbaycanla münasibətlərdə gərəkən məsafəni qət edə bilmədisə, Ağ Evi tərk etməli olduğu iki ayda münasibətlərdə nə dəyişə bilər ki?".
 
Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, digər paytaxtlar kimi rəsmi Bakı da Donald Trampın prezidentliyini gözləyir: "Son iki gündə Azərbaycan prezidenti İlham Əliyev bu və ya digər şəkildə iki dəfə Donald Tramp mövzusuna toxunub. Birincisi, İlham Əliyev Donald Trampa zəng edərək onu prezident seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaiyyətində uğurlar arzulayıb. İkincisi, İlham Əliyev xarici jurnalistlərdən birinin sualına cavab verərkən, Donald Tramp haqqında müsbət fikirdə olduğunu deyib".

E.Şahinoğlu qeyd edib ki, Donald Tramp prezident seçildikdən sonra çox az dövlət başçısı ilə telefonla danışıb və onlardan biri İlham Əliyevdir: "Demək, münasibətlərin gələcək inkişafı üçün artıq indidən möhkəm zəmin formalaşıb. Telefon danışığında Trampın İlham Əliyevə ünvanlanmış bu sözləri də diqqəti çəkib: "Sizin haqqınızda çox xoş sözlər eşitmişəm". Ayrıca, Tramp İlham Əliyevdən Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırmağı da xahiş edib".

Politoloq hesab edir ki, Donald Tramp İlham Əliyev haqqında xoş sözləri müxtəlif şəxslərdən eşidə bilərdi: "Tramp biznesmen kimi bir neçə dəfə Moskvada olub. O, Moskvada daha çox Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarovla və onun oğlu Emin Ağalarovla sıx təmasda olub, qızı İvanka və oğulları indi də Eminlə email vasitəsilə yazışırlar. İvanka Bakıda olub, "Trump Tower" binasının tikintisi ilə tanış olub. Yəni, Trampın qızı da Bakıdan kifayət qədər məlumatlı ölkəsinə qayıda bilərdi".

Mərkəz sədrinin fikrincə, Azərbaycanın Trampdan ən böyük gözləntisi həmsədr olaraq Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəallığı artırmaqdır: "Barak Obama prezident olduğu səkkiz ildə Azərbaycan prezidentini Ağ Evə dəvət etmədi. Rəsmi Bakı Trampdan bu buzu da sındırmasını gözləyir. Çünki əvvəlki prezidentlər - Bill Klinton və Corc Buş Azərbaycan prezidentini Ağ Evə dəvət etmişdilər. O ki qaldı, Azərbaycan qazının Avropa bazarlarına çatdırılmasına Tramp administrasiyası Obama administrasiyasının siyasətini davam etdirərək bu məsələdə rəsmi Bakıya dəstək verəcək".

Ceyhun ABASOV

 





22.11.2016    çap et  çap et