525.Az

Qərb təşəbbüsü ələ almağa çalışır


 

MÜBARİZ ƏHMƏDOĞLU: "CEYMS UORLİKİN HƏMSƏDRLİKDƏN İSTEFASI VACİB BİR MƏTLƏBİN ÜSTÜNÜ AÇIB"

<b style="color:red">Qərb təşəbbüsü ələ almağa çalışır</b>

"Bütün hallarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yenidən diqqət mərkəzində olacaq. Çox böyük ehtimal ki, münaqişə ciddi geosiyasi mübarizə obyektinə çevriləcək".
 
Bu sözləri "525"ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, Ceyms Uorlikin həmsədrlikdən istefası vacib bir mətləbin üstünü açıb:
 
"Məlum olub ki, doğrudan da amerikalı həmsədr Rusiyada kimlərləsə bağlıymış. O istefa verəndən dərhal sonra Rusiya hüquq müdafiə şirkəti ilə müqavilə bağlayıb. Ceyms Uorlikin çalışacağı Rusiya şirkətində üzdə hansısa erməni görünməsə də, qonşu ölkənin iri şirkətlərində bu və ya digər formada ermənilərin iştirakı var. Yəni, güman edirəm ki, Uorlikin Rusiya şirkətinə işə düzəlməsində ermənilərin rolu var. 

Bu o deməkdir ki, Uorlik həmsədrlik vəzifəsini icra etdiyi 3 il ərzində məqsədli şəkildə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini tormozlayıb. Bir sözlə o, ermənilərin maraqlarına uyğun siyasət aparıb. Bu, həmin Uorlikdir ki, yenilənmiş Madrid Prinsiplərini baş-ayaq dəyişərək yenidən ortalığa qoyub. Yəni, Madrid Prinsiplərində birinci maddə Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması olduğu halda, Uorlik bu sənədi işləyərək təqdim etdiyi Amerika variantında Dağlıq Qarabağın statusunun müəyyən olunmasını ilk maddəyə çıxarıb".

M.Əhmədoğlu qeyd edib ki, Ceyms Uorlik üzərində Fransa, Rusiya və ABŞ prezidentlərinin imzası olan və mərhələli həll variantını əks etdirən sənədi dəyişərək ermənilərin arzuladığı kimi paket həll variantını ortaya qoyub: "O son müsahibələrində də yalnız paket həll variantından danışırdı".

Politoloqun sözlərinə görə, Uorlikin fəaliyyətində Amerika diplomatlarına uyğun gəlməyən başqa bir cəhət tez-tez Rusiyaya səfər etməsidir: "Təsəvvür edin ki, amerikalı həmsədr bütün məsləhətləşmələrini Rusiya mütəxəssisləri ilə aparırdı".

Mərkəz sədri qeyd edib ki, ABŞ-ın Minsk Qrupuna həmsədrlik etmiş iki diplomatı təkcə Dağlıq Qarabağ deyil, eyni zamanda bütün region üzrə güclü mütəxəssislər idi: "Bunlar Stiv Men və Metyu Brayzadır. Stiv Men Ermənistanda səfir  işlədikdən sonra ABŞ-ın həmsədri təyin olundu. Daha sonra o Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi oldu. O regionda ABŞ-ın siyasətini koordinasiya edən şəxs olub. Yəni, Stiv Men regionu yaxşı tanıyırdı. Bu mənada, Ceyms Uorlik rusiyalı mütəxəssislərdənsə, Stiv Menlə məsləhətləşmələr apara bilərdi. Keçmiş həmsədr Metyu Brayza da təkcə Cənubi Qafqaz deyil, ümumilikdə MDB regionuna çox yaxşı bələd idi. Bütün bunlara baxmayaraq, Uorlik onunla da məsləhətləşmə aparmırdı".

M.Əhmədoğlu hesab edir ki, Ceyms Uorlik həmsədr təyin olunandan dörd-beş ay sonra gələcək işini müəyyənləşdirdiyi üçün buna uyğun fəaliyyət aparıb.

Amerikalı həmsədrdən bir müddət əvvəl onun fransalı həmkarının da işdən çıxarılmasına toxunan politoloq qeyd edib ki, fransalı həmsədrin əvəzlənməsində vacib bir nüans var: "Pyer Endryu kifayət qədər passiv olduğu üçün bir dəfə də olsun təşəbbüs irəli sürə bilməyib. Ona görə də, ATƏT-in Minsk Qrupunda Fransanın fəaliyyəti gözə dəymirdi. İndi isə təyin olunan yeni həmsədr Stefan Viskonti MDB ölkələri üzrə mütəxəssisdir. Fransalı diplomat hazırda ATƏT-in Minsk Qrupunun həmsədri olmaqla bərabər Avropa İttifaqının əlavə iki təşkilatında da təmsilçilik edir. Yəni, fransalı həmsədri ona görə yükləyirlər ki, o aktiv olsun".

Pyer Endryudan qabaq Bernar Fasyenin Fransa tərəfdən Minsk Qrupuna həmsədrlik etdiyini xatırladan M.Əhmədoğlu bildirib ki, o, kifayət qədər aktiv diplomat idi: "O, ilk fransalı həmsədr idi ki, Ermənistana işğalçı deyib. Həmçinin, o, Dağlıq Qarabağda ermənilərlə görüşərkən münaqişənin həlli ilə bağlı planı açıb ortaya qoymuşdu. Yəni, Bernar Fasye Ermənistan rəhbərliyini tamam ifşa edən adam idi. Lakin Pyer Endryudan bu müddət ərzində heç nə eşitmədik. Ona görə də, ümid edirəm ki, yeni həmsədr Stefan Viskonti Endryunun deyil, Fasyenin yolu ilə gedəcək. Eyni zamanda ABŞ-ın yeni həmsədri də aktiv fəaliyyət aparacaq, ən azından öz prezidentinin imzasına xəyanət etməyəcək".

Politoloq vurğulayıb ki, bu cür vəziyyət Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın maraqlarına cavab verir: "Bizə lazımdır ki, tənzimlənmə prosesində aktivlik olsun. Ermənilərin uğuru ondandır ki, onlar passivlik yarada biliblər. Buna görə də, proses yerindən tərpənmir, status-kvo dəyişmir. Ancaq Dağlıq Qarabağ münaqişəsinin həllinə hər hansı bir istiqamətdə aktivlik Azərbaycanın xeyrinədir. Bu, bir müddətdən sonra status-kvonun dəyişilməsinə gətirib çıxaracaq".

M.Əhmədoğlunun sözlərinə görə, Fransa və ABŞ həmsədrlərinin dəyişilməsi onu göstərir ki, Qərb münaqişəsinin həllində təşəbbüsü ələ almağa çalışır: "Bu aktivlik geosiyasi mübarizə yaradacaqsa da, Azərbaycanın xeyrinə olacaq. Ona görə də, danışıqlar prosesində irəliləyişə az da olsa, ümid var. Lakin biz heç bir dinc tənzimləmə prosesinə arxayın olmamalıyıq. Çünki vaxtilə Ceyms Uorlik həmsədrlik institutuna gətiriləndə biz ona böyük ümidlər bəsləmişdik. Çünki o vaxtilə Əfqanıstan və Bolqarıstanda səfir işləyib. Azərbaycanla Bolqarıstan arasında enerji danışıqlarının aktiv dövrü məhz Uorlikin orada çalışdığı vaxta təsadüf edib. Yəni, düşünürdük ki, bu adam bölgəni yaxşı tanıyır, Qərblə Şərqi ciddi təhlil etmək imkanlarına malikdir. Bu mənada, biz güman edirdik ki, Uorlik Azərbaycanın ədalətli mövqeyini müdafiə edəcək. Lakin o, aşkar şəkildə ermənipərəst mövqeyini ortaya qoydu".

Mərkəz sədri əlavə edib ki, ümid yalnız ölkə prezidentinin Ali Baş Komandan statusu, onun tabeçiliyində olan Azərbaycan ordusunadır: "Silahlı Qüvvələrimiz ələ düşən istənilən fürsəti lazımınca dəyərləndirməli, məsələni bir neçə saata həll etməlidir".

Ceyhun ABASOV

 





23.11.2016    çap et  çap et