525.Az

Tarif Şurasının qərarı mövcud iqtisadi reallıqla əsaslandırılır


 

"ÖLKƏDƏ QEYRI-NEFT SEKTORU, XÜSUSILƏ SƏNAYENIN INKIŞAFI ÜÇÜN ENERJI DAŞIYICILARININ TARIFLƏRINDƏ DƏYIŞIKLIK LAZIMDIR"

Tarif Şurasının qərarı mövcud iqtisadi reallıqla əsaslandırılır<b style="color:red"></b>

Azərbaycanda ötən illər ərzində sosial xidmətlərə görə tariflərdə radikal artıma yol verilməyib, bu sahədə həyata keçirilən siyasət maksimal şəkildə vətəndaşların sosial durumu ilə uzlaşdırılıb.
 
Başqa sözlə, Azərbaycan hökumətinin sosial xidmətlərə görə tarif siyasəti əhalinin potensial imkanları nəzərə alınmaqla, vətəndaşların və dövlətin maraqlarının müdafiəsi prinsipi üzərində qurulub.
 
Noyabrın 28-də Tarif Şurası elektrik enerjisi və təbii qazla bağlı yeni tarif tənzimlənməsi barədə qərarı da bu məqsədə xidmət edir. Bu qərarda ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınıb, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə bir çox ölkələrin təcrübəsində mövcud olan differensial tarif yanaşması və optimal qiymətlərin tətbiqi məqsədəuyğun hesab olunub.
 
Ümumiyyətlə, qeyd olunmalıdır ki, differensiallaşdırma və optimallaşdrıma müxtəlif ölkələrdə fərqli prinsiplər əsasında tətbiq olunur. Məsələn, bəzi ölkələrdə qiymətlər həftənin gününə görə, yaxud günün ayrı-ayrı saatlarına görə, bölgələr üzrə və ya istifadə həcminə görə müəyyənləşdirilir.  Azərbaycanda tariflərin diffirensiallaşdırılması elektrik enerjisi və təbii qazın istifadə həcmi əsasında həyata keçiriləcək ki, bu da sosial ədalət prinsipinin təmin edilməsi deməkdir. Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılmış, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Hesablamalara əsasən, əhali abonentlərinin 62 faizinin illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır. Diferensial tariflərin tətbiqi nəticəsində həmin abonentlərin, o cümlədən, bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq.

Təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri edib. Elektrik enerjisinin pərakəndə satış tarifi sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb. Aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Əhali abonentlərinin 72 faizinin aylıq istehlak həcmi 250 kilovat-saatdan az olduğu üçün, differensial tariflərin tətbiqi həmin abonentlərə, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrə təsir göstərməyəcək.

Beləliklə, differensiallaşma elektrik enerjisi və qazdan adi qaydada istifadə edən sadə vətəndaşlara təsir göstərməyəcək. Differensiallaşdırmada hər bir vətəndaşın və ailənin elektrik enerjisindən və təbii qazdan istifadə həcminin mövcud tariflərlə istehlak limiti nəzərə alınıb. Mövcud təcrübənin tətbiqi daha çox böyük evləri, obyektləri və s. olan imkanlı təbəqəyə qismən təsir göstərəcək.  Differensiallaşdırma elektrik enerjisi və təbii qazın sərfiyatına daha qənaətlə yanaşmanı və izafi istehlakın qarşısının alınmasını stimullaşdıracaq, bu prosesi optimallaşdıracaq.

Həmçinin, tarif dəyişikliyinin əhalinin sosial müdafiəyə ehtiyacı olan həssas təbəqələrinin istehlak xərclərinə dolayı təsirlərinin kompensasiyası məqsədilə dövlət büdcəsi hesabına tədbirlərin görülməsi nəzərdə tutulur. Bundan başqa, sənaye müəssisələri üçün elektrik enerjisinin tarifləri daha aşağı səviyyədə müəyyən olunub ki, bu addım da ölkədə qiymət artımına yol verməmək məqsədi daşıyır.

Mövzu ilə bağlı fikirlərini açıqlayan millət vəkili Tahir Rzayev deyib ki, Tarif Şurasının sonuncu qərarı aztəminatlı ailələrə ziyan vurmayacaq. Onun sözlərinə görə, verilən qərar böyük obyekti, yaşayış sahələri olan insanlar üçün nəzərdə tutulub: "Tariflərin tənzimlənməsi ilə bağlı qərar villaları, bağ evləri olanlar üçün tətbiq olunacaq. Aztəminatlı ailələr isə az enerji və qaz istifadə etdiklərinə görə, köhnə tariflərlə ödəyəcəklər".

Azərbaycanda istehlakçılar arasında israfçılığa çox yol verildiyini deyən T. Rzayev qeyd edib ki, verilən qərar bunun qarşısını alacaq: "Küçələrə çıxırsan, nə qədər işıq yanır bunlara qənaət olunmalıdır. Normadan artıq enerji istifadə edirsənsə, ona görə əlavə pul ödəməlisən".

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə vurğulayıb ki, bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsasında insan amili dayanır. Qəbul olunan qanunlar, həyata keçirilən islahatlar, görülən tədbirlər məhz ölkə vətəndaşları üçün daha rahat və yüksək səviyyəli həyat şəraitinin təmin edilməsi üçündür. Təsadüfi deyil ki, dövlət büdcəsinin qəbulu zamanı bir sıra sahələrdə qənaət rejimi tətbiq edilsə də, sosial layihələrin icrasının davam etdirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev də daim çıxışlarında vurğulayır ki, bütün çətinliklərə baxmayaraq, sosial layihələrin həyata keçirilməsi davam etdirilməlidir. O qeyd edib ki, Tarif Şurasının qərarında ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınıb, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə bir çox ölkələrin təcrübəsində mövcud olan differensial tarif yanaşması və optimal qiymətlərin tətbiqi məqsədəuyğun hesab edilib: "Rəsmi rəqəmlərə görə, bu gün ölkədə əhali kateqoriyasına aid abonentlərin 62 faizinin illik təbii qaz istehlakının həcmi 1500 kubmetrdən yuxarı deyil. Bu da o deməkdir ki, həmin abonentlərin, eləcə də bu kateqoriyaya aid aztəminatlı ailələrin "mavi yanacaq" üzrə ödənişlərində heç bir artım olmayacaq. Bununla yanaşı, əhali abonentlərinin 72 faizinin aylıq istehlak həcmi 250 kilovat-saatdan az olduğuna görə artım bu kateqoriyaya aid ailələrə təsir etməyəcək. Göründüyü kimi, Tarif Şurası sözügedən qərarın qəbulunda ən incə məqamları nəzərə alıb ki, sadə vətəndaşların maraqlarının müdafiəsi prinsipi qorunsun".

Bu gün dünyanın bir çox ölkələri ilə müqayisədə Azərbaycanda elektrik enerjisi və təbii qazın satış qiyməti dəfələrlə aşağıdır. Bununla bağlı kifayət qədər misal göstərmək olar. Xüsusi olaraq vurğulamaq lazımdır ki, uzun illərdir ölkəmizdə sosial xidmətlərə görə tariflərdə böyük artımlar baş verməyib. Dövlətin sosial xidmətlərlə bağlı tarif siyasəti vətəndaşların və dövlətin maraqlarının müdafiəsi üzərində qurulub. Bu mənada Tarif Şurasının mövcud qərarı ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsidir və narahatlığa heç bir əsas yaratmır.

Millət vəkili Hikmət Babaoğlunun sözlərinə görə, Tarif Şurasının qərarı bugünkü mövcud iqtisadi reallıqla əsaslandırılır. Onun sözlərinə görə, nəzərə alınmalıdır ki, uzun illərdir Azərbaycanda enerji daşıyıcılarının qiyməti qaldırılmayıb: "O mənada düşünürəm ki, bunu daha yaxşı başa düşmək olar. Əslində isə Tarif Şurası qiymətlərdə differensiallaşma apararkən əhalinin aztəminatlı təbəqəsinin mənafelərini diqqətə alaraq bunu edib. Təbii ki, bu da həm aztəminatlı ailələrin sosial təminatının gücləndirilməsinə xidmət edəcək, həm də Azərbaycanın aparıcı iqtisadi sektorlarından biri olan enerji sektorunda bundan sonrakı mərhələdə inkişafını təmin edəcək və nəticələrə gətirib çıxaracaq. Çünki bu qiymətlərin artırılması prosesində sosial ədalət prinsipi gözlənilərək məhz hazırkı vəziyyətlə balanslaşdırma, tarazlaşdırma siyasəti həyata keçirilir. Ona görə də düşünürəm ki, Tarif Şurasının aldığı qərar əhalinin aztəminatlı təbəqəsinin maraqlarına zərbə vurmamaqla bərabər, eyni zamanda Azərbaycanın iqtisadi sektorunun, o cümlədən enerji sektorunun gələcək inkişafı üçün də müəyyən iqtisadi, maliyyə şərtləri yaradacaq".

 "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev isə bildirib ki, Tarif Şurasının son qərarı cəmiyyətdə birmənalı qarşılanmasa da, müəyyən nüanslar var ki, ədalətli yanaşma baxımından ona mütləq nəzər yetirilməlidir. Onun sözlərinə görə, insanlar qazın, işığın kütləvi istehlakçısı olduqlarına görə, qazda və işıqda müəyyən qiymət dəyişiklikləri olanda onların düşüncəsini hərəkətə gətirə bilir: "Yəni insanlar kütləvi istehlakçı olduğuna görə, qazın və işığın bahalaşmasına tam şəkildə laqeyd yanaşmırlar, müəyyən reaksiyalar göstərirlər, müzakirə edirlər. Amma bir şeyi başa düşmək lazımdır ki, bu qərarlarda müəyyən nüanslar var ki, onlara mütləq toxunmaq və bunu ictimaiyyətə demək lazımdır. Məsələ burasındadır ki, burada bildiyiniz kimi müəyyən limitlər müəyyənləşdirilir, yəni, hədlər tətbiq olunur. Bu da əhalinin müəyyən kateqoriyasının istehlak tələbinə tamamilə uyğundur. Bəli, Azərbaycanda ailələr var ki, onlar ay ərzində 250 kvt elektrik enerjisi, 1500 kubmetr qaz işlədə bilir. Onun istehlak təlabatı yalnız bu qədərdir. Özü də belə istehlakçıların sayı çoxdur. Bu mənada qərarın təqdirəlayiq tərəfi ondan ibarətdir ki, əhalinin müəyyən bir hissəsinin istehlak təlabatının həddi nəzərə alınıb".

A.Quliyev nəzərdə tutulan limitdən artıq sərfiyyatın olmasından müəyyən əhali təbəqəsinin maddi olaraq vəziyyəti ilə uyğun gəlməsə də, israfçılığın aradan qaldırılmasına imkan yaradacağını bildirdi: "İki nüansı xüsusi qeyd etmək istəyirəm: Birincisi, əhalinin daha təminatlı hissəsi üçün istehlak təlabatının uyğun bir formasının tapılması və istehlakın həmin səviyyədə olduğu təqdirdə qiymətin köhnə qaydada saxlanması, ikincisi isə əhalinin başqa bir təbəqəsinin göstərilən normadan artıq sərfiyyat üçün elektrik enerjisi və qaz sərf olunduğu təqdirdə onun ailə büdcəsi daha çox itirməsin deyə həmin kateqoriyanın daha ciddi qənaət rejiminə keçməsi ilə bağlıdır. Düşünürəm ki, bu iki nüans çox qısa müddətdə əhalinin yeni tariflərə uyğunlaşmasını təmin edə biləcək".

Millət vəkili Aydın Hüseynov isə hesab edir ki, Tarif Şurasının son qərarları əhalinin mütləq əksəriyyətinə təsir göstərməyəcək. A.Hüseynov deyib ki, orta statistika ölkə əhalisinin əksəriyyətinin ildə 1500 kubmetr qaz, ayda 250 kilovat-saat elektrik enerjisi istifadə etdiyini göstərir: "Yəni tarif dəyişiklikləri ilə bağlı son qərarlar əhalinin mütləq əksəriyyətinə təsir göstərməyəcək. Qaz və elektrik enerjisindən bu limitə qədər istifadə edən abonentlərin sayı ölkədə daha çoxdur".

Deputat qeyd edib ki, ölkədə qeyri-neft sektoru, xüsusilə sənayenin inkişafına nail olmaq üçün enerji daşıyıcılarının tariflərində dəyişiklik lazımdır: "Bu, əslində müəyyən müddət çətinlik yaratsa da, arxasınca bizim digər iqtisadi nailiyyətlərimiz gələcək. Çünki enerji daşıyıcıların özü məhsulun maya dəyərinə təsir edən amillərdəndir. Bu isə sonradan müsbət nəticəsini verəcək".

A.Hüseynov əlavə edib ki, Azərbaycan iqtisadiyyatın neft sektorundan asılılığını tamamilə aradan qaldırmaq strategiyasını götürüb: "Ona görə də bu kimi tədbirlərin, o cümlədən tarif dəyişikliklərinin həyata keçirilməsi zəruridir".

PƏRVANƏ

 





01.12.2016    çap et  çap et