525.Az

Samuxda yeni körpünün inşası başladı


 

GƏNCƏÇAY ÜSTÜNDƏ KÖRPÜNÜN SALINMASI RAYON ƏRAZİSİNDƏ KƏNDLƏRARASI ƏSAS DAİRƏVİ AVTOMOBİL YOLUNUN YENİDƏN QURULMASI İŞİNİN TƏRKİB HİSSƏLƏRİNDƏN BİRİDİR

Samuxda yeni körpünün inşası başladı<b style="color:red"></b>

Ölkə başçısının Samux rayonunun Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında noyabrın 3-də imzaladığı sərəncama müvafiq olaraq, bu rayonun kəndlərarası birləşdirici yol qovşaqlarında da işlər aparılır.

Bu baxımdan, iki iri kənd - Əhmədbəyli və Qarabağlar arasında Gəncəçay üstündə yeni körpünün tikintisinə başlanılması böyük əhəmiyyət kəsb edir. Belə ki, indiyədək bu ərazidə heç bir körpünün olmaması səbəbindən çətinliklərlə üzləşən sakinlərin əziyyətlərinə son qoyulacaq. Bununla da nəinki Əhmədbəyli-Qarabağlar kəndləri arasında gediş-gəliş yaxşılaşdırılacaq, eləcə də rayonun daxilində əsas dairəvi yol qapanmış olacaq.

“10 kəndi dairəvi yola birləşdirəcək bu körpüdən həmin kəndlərin 23 min nəfərədək sakini yararlana biləcək. Təsəvvür edirsinizmi, indiyədək bu qovşaqda yerləşən kəndlərin sakinləri müəyyən gündəlik məsələləri ilə bağlı rayon mərkəzinə yetişmək üçün Gəncəyədək gedib, oradan Samuğa qayıtmalı olurdular. Artıq bu çətinliklər tezliklə arxada qalacaq”-deyə, Əhmədbəyli kənd bələdiyyəsinin sədri  Seymur Şükürov bildirir.

Həmsöhbətimiz uzunluğu 84, eni 8 metr olacaq yeni körpünün ikitərəfli avtomobil yolu ilə yanaşı piyadalar üçün səkilərinin də nəzərdə tutulduğunu əlavə edir.

Ətraf kəndlərin, xüsusən də Qarabağlar və Əhmədbəylinin sakinləri yeni körpünün inşasını böyük sevinclə qarşılayıblar.

“İlin əlverişsiz, yağmurlu çağlarında buranı keçmək mümkün deyildi. İstər avtomobillər, istər də piyada camaat çayın içinə girməklə,  digər yola çıxırdılar. Su bollaşan günlərdə isə bu təhlükəli bir işdir. Sağ olsun, ölkə rəhbərimizin diqqəti sayəsində bu yaxınlarda gözəl körpümüz olacaq” -deyə, Qarabağlar kənd sakini Abbas Məmmədov sevincini gizlətmir.

Hazırda körpünün tikintisinin ilkin mərhələsi aparılsa da onun tamamlanması  bir neçə ay ərzində başa çatdırılacaq.

Zakir MURADOV
Samux

 





05.12.2016    çap et  çap et