525.Az

Polşada Gənc Alimlərin Beynəlxalq Elmi Konfransı - Foto


 

TƏDBİR DÜNYA AZƏRBAYCANLILARI ASSAMBLEYASININ VİTSE-PREZİDENTİ RAQİF HÜSEYNOVUN TƏŞKİLATÇILIĞI İLƏ BAŞ TUTUB

Polşada Gənc Alimlərin Beynəlxalq Elmi Konfransı - <b style="color:red">Foto</b>

Dekabrın 2-də Dünya Azərbaycanlıları Assambleyasının (DAA) vitse-prezidenti, gənc alim Raqif Hüseynovun təşəbbüsü və təşkilatçılığı ilə Polşanın ən nüfüzlu universitetlərindən biri olan Varşava Təbiət Elmləri Universitetində Gənc Alimlərin Beynəlxalq Elmi Konfransı keçirilib.

DAA-dan verilən məlumata görə, konfransda Azərbaycan, Türkiyə, Polşa, Rusiya, Macarıstan, Hindistan, Qazaxıstan, Qana, Albaniya və Fillipindən olan gənc tədqiqatçı alimlər iştirak ediblər. Konfrans "Müasir dövrdə kənd təsərrüfatının və sənayenin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusuna həsr edilib. Konfransı Varşava Təbiət Elmləri Universitetinin beynəlxalq əməkdaşlıq üzrə prorektoru, professor Mixal Jersi Zasada giriş sözü ilə açaraq Gənc Alimlərin Beynəlxalq Elmi Konfransını təşkil etdiyinə görə gənc alim Raqif Hüseynova öz minnətdarlığını bildirib, bu konfransın Azərbaycan və Polşa arasında olan elmi əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib.

R.Hüseynov isə öz çıxışında konfransın təşkilində ona verilən dəstəyə görə Varşava Təbiət Elmləri Universitetinin rektoru, professor Viyeslav Biyelavskiyə öz təşəkkürünü bildirib. O, Gəncə-2016 Avropa gənclər paytaxtı haqqında danışıb. Assambleyanın vitse-prezidenti çıxışının sonunda Azərbaycanın tarixini, iqtisadiyyatını, elmini, incəsənətini, mədəniyyətini özündə əks etdirən ingilis dilində olan filmi konfrans iştirakçılarına təqdim edib. Həmçinin Azərbaycanla bağlı bukletlər paylanılıb.

Daha sonra Varşava Təbiət Elmləri Universitetinin professorları - Alina Danilovska, Maria Parlinska, Nina Drejerska çıxış edərək Azərbaycan və Polşa arasında olan elmi əlaqələrin inkişafından və bu istiqamətdə görülən işlərdən danışıblar.

Konfransda Azərbaycan və Turkiyə Respublikalarının Polşada fəaliyyət göstərən Səfirliklərinin nümayəndələri Fidan Mahmudova və Ömər Yazqan iştirak edərək Gənc Alimlərin Beynəlxalq Elmi Konfransının təşkil edilməsi, gənc alimlərin elmə olan marağının daha da artırılmasına və bu istiqamətdə onların gələcəkdə elmə verəcəyi töhfələrdən danışıblar.

Rəsmi açılış mərasimindən sonra Konfrans öz işini plenar sessiyada gənc alimlərin təqdimatları ilə davam etdirib.

Konfransın sonunda Azərbaycanın mədəniyyəti və incəsənətinin təbliği məqsədilə Azərbaycan gecəsi təşkil olunub. Tədbir çərçivəsində gənc və istedadlı pianist Gizem Kardalın ifasında Üzeyir Hacıbəyovun və

Müslüm Maqomayevin bəstələrindən ibarət konsert proqramı təşkil edilib.
Konfransın bağlanış mərasimində gənc alimlərə Beynəlxalq Konfransın elmi komitəsi tərfindən sertifikat və hədiyyələr təqdim edilib.

Sonda Varşava Təbiət Elmləri Universitetinin prorektoru, professor Mixal Jersi Zasada, konfransın təşkilatçısı gənc alim Raqif Hüseynov, professorlar Alina Danilovska, Maria Parlinska, Nina Drejerska, Azərbaycan Respublikasının Polşada fəaliyyət göstərən Fövqaladə və Səlahiyyətli Səfirliyinin 3-cü katibi Fidan Mahmudova, Türkiyə Respublikasının Polşada fəaliyyət göstərən Fövqaladə və Səlahiyyətli səfirliyinin 1-ci katibi Ömər Yazqan, təşkilati komitənin üzvü Sezen Ulaş, gənc alim Katarjina Çex Polşa mediasına konfrans haqqında geniş müsahibə veriblər.

Ceyhun ABASOV

 





05.12.2016    çap et  çap et