525.Az

Kirayə arzular


 

Kirayə arzular<b style="color:red"></b>

Prospekt görən xatirələr 

Əvvəlcə anama zəng edib məsələni danışdım. Etiraz etmədi, əksinə təsəlli verdi. Odur ki, ürəklənib otaq axtardığımı birinci elə qrup yoldaşlarıma söylədim.

Dərsdən sonra isə əlimə keçəndən ağzıma atıb, Yeganə ilə məhəllələrin canına düşdüm. Yenə həmin səhnələr təkrarlandı: ev sahibləri bizi yuxarıdan aşağı süzüb boş otaqları göstərməyə başladı. Otaqlara baxanda gözüm Yeganəyə sataşdı. O, qaşlarını çatıb ev sahibini elə diqqətlə dinləyirdi, sanki hansısa elmi konfransda akademikin məruzəsinə qulaq asırdı. Ev sahibi isə axşam saat 10-dan sonra darvazanı bağladığından, həyətə oğlanların gəlməsinə etiraz etdiyindən danışırdı. Məni sahibin qoyduğu qadağalar yox, elə Yeganənin özü düşündürdü. Onunla eyni damın altında yaşayacağımı eynəyimin önünə gətirmək istəyəndə şap-şaplarının şappıltısı, yorğanın altında yediyi meyvənin xışıltısı qulaqlarımda səsləndi. Əhvalım səmtini dəyişdi. Ona görə də beynimin sağ yarımkürəsi “hə”, sol yarımkürsi isə “yox” dedi. İki ağıl arasında qaldım. Amma çox düşünmədim, sağ tərəfə yön aldım. Yeganə ilə daha iki-üç otağa baxdım. Orada qadağalar olmasa da, əvəzində otaqların iyindən nəfəsimiz daraldı.

Hələ ayın sonuna bir həftə qalmışdı deyə tələsmədik. Çörək alıb evə qayıtdıq. Sahibə bacımın zəng etdiyini söyləyəndə ürəyim düşdü. Axı, o, heç vaxt zəng etməzdi. Ayaqqabımı soyunmadan “Elmlər akademiyası” stansiyasının qarşısına qayıtdım. Əlinə Nokia 5110 mobil telefon alıb, ağızlarını yaya-yaya “Şəhərə, rayona, Azercell-ə, Bakcell-ə” deyib müştəriləri səsləyən oğlanlardan birinə yaxınlaşdım. Nömrəni söyləyib gözlədim. Cavab verən olmadı. Həyəcanım daha da artdı. Xalamgilə zəng etdim. Düşündüm ki, əgər onlar da cavab verməsə, elə gecə ilə evimizə yola düşərəm. Bir qədər gözləyəndən sonra telefonun o biri xəttindən “Alo” eşitdim. Xalamın yoldaşı idi. Hal-əhvaldan sonra söhbəti elə özü açdı. Sevimli Əsəd əmim rəhmətə getmişdi. Telefonçu oğlana pul ödəyib evə sarı üz tutdum.

Uşaqlıq xatirələrim elə bil birdən-birə Hüseyn Cavid prospektinə səpələndi: əmimoğlu darvazanı açır, əmim furqonlu motosikli ilə həyətə daxil olur. Balıq torunu evinin əhənglənmiş divarına söykəyir, arvadı içi balıqla dolu olan torbanı götürüb mətbəxə cumur. Mənsə bir az motoskldə oynayıb əmimin yayına gəlirəm. O, həmişəki kimi cibindən bir manat çıxardıb, onu dilinə çəkib alnıma yapışdırır. Xatirələrimi prospektdən yığa bilmədim...

Görəsən, balıq xaliqin qədrini nə vaxtsa biləcəkmi?      

Çörəkqabı 

Əmimin yasından sonra birinci dərsə çatmaq üçün səhər tezdən Bakıya döndüm. Otağın işığı yanırdı. Yeganə hamamda idi. Çantamı boşaltdım. Şkafdan iki dəftər götürüb rüqzakıma qoydum. Sonra səhər yeməyi üçün çaydanı qızdırdım. Anamın bişirdiyi çörəyi çay dəsmalından ayırıb masaya qoyanda gözüm qırmızı çörək qabına sataşdı. Sonuncu dəfə aldığım çörək kif atmışdı. Elə bildim Yeganə də bu müddət ərzində evdə qalmayıb. Amma qabda yarımçıq yumşaq çörək görəndə hər şey aydın oldu. Yeganə çəkələklərini şappıldada-şappıldada gəldi. Salamlaşmadan çarpayısına yaxınlaşıb siyirməsindən nəsə götürdü. Mən də heç bir söz demədim. Yeganə görsün deyə çörəyi qabdan çıxardıb masanın üzərinə qoydum.

Sonra yağı, pendiri çörəyə qovuşdurub şirinçayla bərabər mədəmə ötürdüm. Ayağa qalxıb radionu yandırdım. Elə istəyirdim ki, həmin an sevimli jurnalistim efirdə olsun. Neçə gün idi ki, onu dinləmirdim. Yadıma yenə onun üstümə bağırması düşdü. Bu dəfə də özümdən utandım. Amma içimdə qəribə bir rahatlıq vardı. Əmin idim ki, nəinki bir gün onunla görüşəcəm, hətta yaxın dost da olacam. Ayağa qalxıb dərsə yollandım. Darvazaya yaxınlaşanda Yeganəni ürəyimdən çıxartdım...

Görəsən, kanalizasiya haqqında xatirələr yazan varmı?

 





05.12.2016    çap et  çap et