Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında XX əsr Azərbaycan teatrının və kinosunun parlaq siması, Xalq Artisti Həsənağa Turabovun anadan olmasının 75 illik yubileyi münasibətilə görkəmli aktyorun xatirə gecəsi keçirilib.
525.az-ın məlumatına görə, teatrın foyesində mərhum sənətkarın həyat və yaradıcılığından bəhs edən fotosərgi açılıb.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemətov və başqaları çıxış edərək Həsənağa Turabovun Azərbaycan teatr tarixindəki yeri, özünəməxsus yaradıcılıq yolu barədə söz açıblar.
Bildirilib ki, səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilən Həsənağa Turabov qısa müddətdə Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolların ifaçısı kimi teatrın aparıcı sənətkarlarından birinə çevrilib. O, Azərbaycan aktyorluq məktəbinin ənənələrini ləyaqətlə davam etdirərək fitri istedadı, zəhmətsevərliyi və yüksək səhnə mədəniyyəti sayəsində yaratdığı rəngarəng və dolğun obrazlarla milli teatr sənətimizi zənginləşdirib.
Vurğulanıb ki, Həsənağa Turabov Azərbaycanın səhnə əsərində 50-dən artıq rol oynayıb. Mərhum sənətkar yaratdığı Gəray bəy, Qaçaq Nəbi rolları ilə əbədi olaraq tamaşaçıların yaddaşlarında yaşayır. Həsənağa Turabov 15 il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına rəhbərlik etmiş, ömrünün son günlərinə qədər Teatr Xadimləri İttifaqının sədri olub.
Görkəmli sənətkar 2003-cü il fevralın 23-də uzun sürən ürək çatışmazlığı xəstəliyindən sonra dünyasını dəyişib.
Mənalı ömrünü Azərbaycan milli teatr və kino sənətinin inkişafına həsr etmiş məşhur aktyor öz məktəbini yaradıb.
GÜNEL
çap et