525.Az

Mənim ailəm - mənim qalam


 

Mənim ailəm - <b style="color:red">mənim qalam</b>

Ailə - Azərbaycan cəmiyyətinin əsas sütunlarından biridir. Bu toplumun idarə olunması məhz ailə institutu ilə sıx bağlıdır.

Necə deyərlər, sağlam ailə sağlam cəmiyyət deməkdir. Lakin bu bizim üçün belədir. Bir çox Avropa cəmiyyətləri üçün insan, fərd, vətəndaş önəmlidirsə, bizim üçün ailə, nəsil, əsil-nəcabət önəmlidir. Amma bu gün, istər statistika, istərsə müşahidələr onu göstərir ki,  Azərbaycan ailəsi bu mərhələdə çox ciddi problemlərlə üzləşib. Aparılan sorğuların çoxu belə bir təəssürat yaradır ki,  bu problemlərin əsasını maddi cətinliklər və sosial problemlər təşkil edir. Əslində isə bu məsələnin yalnız görünən tərəfidir. Məsələnin tarixi, sosial-psixoloji təhlilləri bu problemlərin bir çox vacib faktorlara bağlı olduğunu göstərir.

...Zənnimcə Azərbaycan ailəsinin problemləri  məhz Sovet dönəmində müşahidə olunan aldadıcı Renesansdan başladı. Bütün inqilablar kimi kommunistlərin inqilabı da mövcud olanı ən qısa zamanda dağıdıb yenisi ilə əvəz etməyə bağlı idi. Elə Azərbaycan ailəsi də bu cür kobud rekonstruksiyaya məruz qaldı.

...İnqilabdan öncə Azərbaycan ailəsi dini, mental, milli təfəkkür, qürur, qeyrət, türk əxlaqından qaynaqlanan bir çox prinsiplərə əsasən qurulurdu. Ailənin əsas vəzifəsi isə bütün mövcud dini və etnik ənənələrin qorunmasını təmin etmək idi. Var olan ailənin ən böyük xeyri topluma ötürə biləcəyi əminlik, hüzur hissi idi. Bu gözəl milli ailə modelinin gücü imana, inama, qorxuya, fədakarlıq romantikasına bağlı idi. Bu cür ailələrdə bizim saysız-hesabsız ictimai, elm, sənət xadimlərimiz yetişdi və Vətənə, millətə sədaqətlə xidmət etdi. Bu konteksdə ailə və sevgi anlayışları fərqli qütblərdə yer alırdı. Sevgi bir abstrakt anlam olduğu üçün real ailə ocağına faktiki olaraq uduzurdu. Sevgi daha çox ədəbiyyatda özünü büruzə verirdi.

...Sovet idarəçilik sistemi qurulduqdan sonra dinin məqsədyönlü şəkildə gözdən salınması, ənənələrin isə inkişafı gecikdirən amil kimi qələmə verilməsi nəticəsində ailənin əsas sütunları laxladı... və süni şəkildə kommunist ideologiyasına,  kollektivləşmə siyasətinə dirənən yeni süni sütunlar seçildi. Beləliklə, süni prinsiplərə söykənən süni ailə modeli yaradıldı və tez bir zamanda Sovet təbliğat maşını işə salınaraq bu ailənin ən gözəl şəkildə təbliğatı başlandı. Bu təbliğat nümunələr əsasında  sənətdə, kinoda, ədəbiyyatda aparılırdı. Nəticədə Sovet Azərbaycan ailəsi ailə nümunəsinə çevrildi, qadin və kişi eynihüquqlu şəkildə bu ailənin inkişafina, uğurlarına imza atdılar. Satirik ifadədə səslənən kimi "əl-ələ verib getdilər mikrorayon tikməyə". Bu ailə güclü sosial instituta çevrilməklə yanaşı mənəvi planda da milli-mənəvi dəyərlərlə zənginləşdi.

Çətinliklərlə, itkilərlə dolu repressiya illəri,  müharibə illəri bizim ailələr üçün əsl imtahana çevrildi. O imtahana ki, ailəmiz burda yüksək mənəviyyat nümunəsi sərgilədi, yaddaşlara həkk olundu, vəsf edildi.   Dul qalmış nənələrimizin  bütün çətinliklərə rəğmən qeyrət-namusla, halallıqla öz övladlarını böyütmələri haqda hər birimiz fəxarət hissi ilə danışırıq. O zaman artıq sərbəst şəkildə kollektivdə işləyib öz halal çörəyini qazanmaq imkanı olan nənələrimizin dolanışıq üçün Şəriət qanunuyla mütləq ikinci dəfə ailə qurmasına ehtiyac qalmamışdı. Kollektivdəki, cəmiyyətdəki mehriban münasibət isə bu insanlar üçün mənəvi təskinlik və dəstək idi.

...Sovetlər İttifaqı inqilabla yaradıldığı kimi elə inqilab yolu ilə də dağıldı. Həyatın bütün sahələrində mövcud sxem və modellər sosial-iqtisadi, siyasi əsasını itirdi, iflasa uğradı. Beləliklə, cəmiyyətdə, ictimai fikirdə xaos müşahidə olunurdu ...Azərbaycan ailəsi üçün yeni sınaq mərhələsi başladı. Və bəlkə də bu başlanğıcla bir çox sonlar da  başladı. Belə ki, süni ailə modeli bu xaos və ümidsizlik, dəyərsizləşən dəyərlər fonunda tab gətirə bilmirdi... Ətrafda baş verənlər, milli azadlıq hərəkatı,  müharibə,  insanların yurd-yuvasından, çoxlarının isə illərlə çalışdığı iş yerindən uzaqlaşdırılması mənəvi böhranı daha da kəskinləşdirirdi. Bundan başqa Avropa və Amerika həyat tərzi ilə tanışlıq, o həyat tərzinin verə biləcəyi sərbəstlik və azadlıq cazibəsi bu durumu daha da mürəkkəbləşdirirdi.

Müharibənin davamında itkilərimiz artdıqca  əvvəlki qəhrəmanlıq eyforiyası da azalmağa başladı. Azərbaycan ailəsinin sütunu olan tapınmağa layiq kişi obrazı gözdən düşürdü... İşsizlik nəticəsində Kişi ailənin təminatçısı mövqeyini də itirirdi. Bir çox hallarda qadın təkbaşına ailəni dolandırmaq məcburiyyətində qalırdı. Bəzi hallarda isə Kişi ailəsini dolandırmaq üçün illərlə ailəsindən kənarda yaşamaq məcburiyyətində qalırdı (üz tuturdu ya Rusiyaya, ya Qazaxıstana, ya Türkiyəyə). Bütün bunlar bir çox saysız-hesabsız ailədaxili münaqişələrə səbəb oldu. Bir çox hallarda qadın qınaq obyektinə çevrilirdi. Arqument olaraq müharibə illərində nənələrimizin tək başına qalsalar da ərinə, hətta onun ruhuna belə sədaqətli qala bilmələri, övladlarının hər zaman ataları ilə fəxr etməyi öyrətməyi və bunu öz nümunəsi ilə təsdiq etməsi göstərilirdi. Lakin bu qadın artıq o qadın deyil. Müasir Azərbaycan qadını sərbəstliyi dadmış, özünə güvənən bir qadındır. Bu cür qadının yoldaşına büt kimi tapınması isə təbii ki mümkünsüzdür. Artıq bu qadın ata ocağında gəlinlikdə ayrılanda "get və ər evindən bir daha kəfənə bürünmüş meyitin çıxmalıdır" kimi nəsihətlər də eşitmir, çünki insanın hər zaman seçim hüququnun olması artıq hər kəsə aydındır. Və cəmiyyətin müasir qadından bu tapınmanı gözləməsi, bunun xilasedici faktor olaraq dəyərləndirilməsi absurd və mənasızdır. Bu məsələdə nostalji hisslərə qapılmamız bizə çox ciddi problemlər yaradır və yaradacaq...

...Bizim müasirliyimiz vizual çərçivə ilə məhdudlaşmaqda davam etsə bu da bizim milli fəlakətimizə çevrilə bilər. Müasirlik təfəkkürdən başlamalı və həyat tərzində özünü büruzə verməlidir. Dünyaya baxış çərçivəmiz dəyişməsə təbii ki, çox mənzərələr eybəcər görünəcək... Və bu eybəcərlik fonunda Azərbaycan ailəsi ilə bağlı ümidsizlik daha da artacaq. Bundan başqa, bir çox müqəddəs anlayışların ali zirvədən salındığı dövrdə ailənin müqəddəslik prizmasından təqdimatı da çox süni görünür və bunun heç bir real nəticə verməyəcəyi tam aydındır.

Çox təəssüf ki, bu gün cəmiyyətimizdə müşahidə olunan şoupərəstlik ailə məsələsinə də siraət edir. Xüsusən, KİV-lər öz maddi mənafələri xətrinə ailə münaqişələrindən şou, görüntü yaradaraq  ailəni bir az da gözdən salırlar.

Və təbii ki, internetin həyatımızda artan rolu, virtual ünsiyyətin üstünlük təşkil etməsi bu məsələdə çox ciddi dağıdıcı rol oynayır. Artıq həyat yoldaşı yeganə sirdaş deyil...

Açılan istirahət mərkəzləri, kafelər, restoranlar ailənin hər bir üzvü üçün təkbaşına vaxt keçirmək imkanı  yaradır. Belə ki, əgər əvvəllər bir çox bayram və bayram əhvallı günlər məhz evdə, ailədə qeyd olunurdusa indi daha çox restoran və şadlıq saraylarında qeyd olunur. Və hətta qadın və kişi bu cür günləri ayrılıqda öz dostlarının əhatəsində keçirməyə üstünlük verir. Təbii ki, bu cür faktorlar həddindən artıq çoxdur. Lakin biz uduzmamalıyıq... Biz bu faktorların üzərinə getməyi bacarmalıyıq... Boğulsaq da... Təngnəfəs qalsaq da ümidsiz olmamalıyıq... Müasir dünyanın yeniliklər okeanına baş vurmasaq okeanın sahilinə vara bilməyəcəyik... Bizi bizdən yaxşı kimsə bilməz... Nəyi dünəndə qoyub nəyi sabaha aparacağımıza da biz qərar verməliyik... Lakin nə qədər dərin üzsək də ailəyə bir əmanət kimi baxaraq onu mütləq yeni, gözəl, müasir gələcəyimizə çatdırmalıyıq!  

Dürdanə HÜMBƏTLİ
Filologiya üzrə fəlsəfə doktoru

 





06.12.2016    çap et  çap et