525.Az

Lisenziyalarla bağlı yeni qaydalar sərtləşdirilir


 

Lisenziyalarla bağlı yeni qaydalar sərtləşdirilir<b style="color:red"></b>

Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dünənki iclasında İnzibati Xətalar Məcəlləsinə yeni 602-1 (Lisenziyalar və icazələr haqqında qanunvericiliyin pozulması) maddəsinin əlavə edilməsi müzakirə olunub.

Yeni maddəyə əsasən "Lisenziyalar və icazələr haqqında" qanunda nəzərdə tutulmuş məlumatların həmin qanunla müəyyən edilmiş müddətdə və qaydada lisenziya və icazə verən orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanına, səlahiyyətli orqana və lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanına verilməməsinə görə vəzifəli şəxslər 500 manatdan 1000 manatadək cərimələnəcək.

Sahibkarın müraciəti əsasında lisenziya və icazə verən orqan tərəfindən səlahiyyətlərinə aid məsələlər üzrə sahibkara yazılı və şifahi şəkildə izahatlar verilməməsinə, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki yardım göstərilməməsinə görə vəzifəli şəxslər 500 manatdan 1000 manatadək cərimə edilir.

Dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarının (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə əldə edilməsi mümkün olan sənədlərin lisenziya və icazə verən orqan tərəfindən ərizəçidən tələb olunmasına görə vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimələnir.Lisenziya və icazənin, onun dublikatının və əlavəsinin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi üçün qanunvericiliyə uyğun olaraq, aidiyyəti dövlət orqan və müəssisələrinin tələb olunan rəyin və verməli olduqları sənədlərin alınması üçün lisenziya və icazə verə orqan tərəfindən tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər 500 manatdan 1000 manatadək cərimə olunur.

İclasda həmçinin, İnzibati Xətalar Məcəlləsinə yeni 459-1 (Kooperativ bazarlarda satış qaydalarının pozulması) maddəsinin əlavə edilməsi müzakirə olunub. Yeni maddəyə əsasən "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanuna uyğun olaraq təşkil edilmiş kooperativ bazarlarda Azərbaycanda fəaliyyət göstərən kənd təsərrüfatı kooperativlərinin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa digər məhsulların satışı, habelə kənd təsərrüfatı məhsulu istehsalçısı olmayan digər şəxslərin satış həyata keçirməsi halında fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 1000 manat cərimə olunacaqlar.

KAMİL

 





06.12.2016    çap et  çap et