525.Az

BMT nümayəndəliyinin rəhbəri BAMF-da


 

BMT nümayəndəliyinin rəhbəri BAMF-da<b style="color:red"></b>

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis Beynəlxalq Avrasiya Mətbuat Fondunun Bakıdakı ofisini ziyarət edib.

BAMF-dan 525.az-a verilən məlumata görə, təşkilatin sədri Umud Mirzəyev qonağı BAMF-in qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü məqsədyönlü işlərindən danışıb. O qeyd edib ki, hazırda Azərbaycanda məcburi köçkünlərin üzləşdiyi problemlər xaricdəki həmin kateqoriyadan olan insanların üzləşdiyi problemlərdən azdır. Bu da onun nəticəsidir ki, Azərbaycanda bu istiqamətdə kifayət qədər ciddi işlər görülüb, əsaslı layihələr icra olunub.

U.Mirzəyev vurğulayıb ki, BAMF UNHCR tərəfindən yaradılan Qaçqın və Məcburi Köçkünlərin İşləri ilə məşğul olan İşçi Qrupuna daxildir. Həmin qrupda BAMF öz dəstəyini məcburi köçkünlərin yaşayışına dair həyata keçirdiyi peşə təlimi və mikrokredit proqramları səviyyəsində nümayiş etdirir. Proqram çərçivəsində məcburi köçkünlərin ehtiyaclarının ilkin qiymətləndirilməsi sayəsində bacarıqlarını inkişaf etdirməyə ehtiyacı olan məcburi köçkünlər və onların bu bacarıqlarla təmin olunacağı təqdirdə həyat şəraitlərini yaxşıya doğru dəyişə biləcək şəxslər BAMF tərəfindən müəyyən olunur. Bu funksiyanı effektiv yerinə yetirmək üçün BAMF daim qaçqınların və sığınacaq axtaranların, eləcə də qaçqın icmalarının problemləri ilə məşğul olan IOM, UNHCR, o cümlədən Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi müxtəlif dövlət strukturları ilə birgə əməkdaşlıq edir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri üçün BAMF-in prioritet beynəlxalq layihələrinin vizual təqdimatı olub.

Təqdimatları və ümumilikdə BAMF-in fəaliyyətini müsbət qiymətləndirən nümayəndəliyinin rəhbəri Furio de Angelis bildirib ki, Azərbaycan hökuməti məcburi köçkün və qaçqınların vəziyyətini yaxşılaşdırmaq üçün hər il çoxlu işlər görür və bu da təqdirəlayiqdir.

Furio de Angelis təmsil etdiyi təşkilatla BAMF-in əməkdaşlığını və bu illər ərzində əldə olunan uğurları da müsbət qiymətləndirib.

BAMF sədri Umud Mirzəyev isə bir daha qeyd edib ki, rəhbərlik etdiyi təşkilat qaçqınlara və sığınacaq axtaranlara dair problemlərin qabardılması, yaxud təbliğində medianın rolunu, mühümlüyünü qiymətləndirməkdə davam edir. Mediadan bütün səviyyələrdə səmərəli istifadə etməklə qaçqın və məcburi köçkünlərə təsir edəcək qərarların qəbuluna cəlb olunan maraqlı tərəflərin, həmin kateqoriyadan olan insanların vəziyyəti barədə müvafiq məlumatlılığı təmin etmək BAMF-in strategiyası olaraq qalacaq.

 





07.12.2016    çap et  çap et