525.Az

"Nəslin ağsaqqalı, ruhun şad olsun!.."


 

"Nəslin ağsaqqalı, ruhun şad olsun!.."<b style="color:red"></b>

Bu, akademik Vaqif Abbasovun xitabıdır. Fizika-riyaziyyat elmləri doktoru, professor Nazim Cəlil oğlu Musayevin xatirəsinə etdiyi xitab.

Amma Nazim Cəlil oğlu Musayev təkcə böyük bir nəslin ağsaqqalı deyildi. Həm də elmimizin, təhsilimizin ağsaqqalı idi. Alim idi, elmə, təhsilə xidmət edirdi. Elmə xidmət isə dünyada ən şərəfli işlərdən biridir. Çünki elmə xidmət xalqa və Vətənə xidmətin, sabaha, gələcəyə xidmətin ən yüksək təcəssümüdür.

Nazim müəllim dünyaya kodlaşdırılmış missiya ilə gəlmişdi. Müəllim olmalıydı, alim olmalıydı, bir nəslə böyüklük etməliydi, yaxşı ata olmalıydı, yaxşı qardaş olmalıydı, xeyirxah insan kimi ad qoymalıydı. Bütün bunları bir ömrə sığışdırmaq isə heç də asan deyildi: zəhmətdən ikiəlli yapışmalıydı, rahatlığından keçməliydi, müəyyən əzabları özünə rəva görməliydi, nələrdənsə imtina etməyi, günündən-saatından kəsib başqalarına da pay verməyi bacarmalıydı. Və o, bacardı.

Çünki cavanlığından çalışqanlığı, özünə tələbkarlığı, məsuliyyəti, işgüzarlığı ilə öz həyatını qura bildi. Amma bu həyatı təkcə özü üçün yaşamadı, özgələri üçün də yaşamağa böyüklüyü çatdı. Vaqif müəllim demişkən, heç vaxt maddidən yapışmadı, mənəviyə üz tutdu. Bu səbəbdən də aliliyə ucala bildi, könüllərdə özünə yuva qurdu.

lll

Nazim Cəlil oğlu Musayev 1941-ci ildə Bakıda anadan olmuşdu. 1958-ci ildə Naftalan şəhər beynəlmiləl orta məktəbini bitirmişdi. 1958-1960-cı illərdə Sumqayıt Boru-Prokat zavodunda işləmişdi. Bu illər onun əməksevər, dözümlü, möhkəm xarakterli, yetkin bir gənc kimi formalaşmasında mühüm rol oynamışdı. 1966-cı ildə indiki Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirir, təyinatla Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunun Bakı filialına gəlir, fizika laboratoriyasının müdiri vəzifəsinə təyin edilir.
1968-ci ildə indiki İqtisad Universitetinin riyaziyyat kafedrasına assistent vəzifəsinə seçilir. Sonralar həmin kafedrada baş müəllim, dosent, professor, 1991-ci ildən kafedra müdiri vəzifəsində çalışır. 1974-cü ildə namizədlik dissertasiyası müdafiə edir. 1985-1988-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin nəzdindəki "Qaz dalğa dinamikası" kafedrasında doktorantura keçir. 1989-cu ildə Novosibirsk şəhərində SSRİ EA Sibir bölməsinin nəzdindəki "İstilik fizikası" İnstitutunda fəaliyyət göstərən Elmi Şurada doktorluq dissertasiyası müdafiə edir...

Ömrünün rəqəmlərə sığan qısa bioqrafiyası belədir. Ömür isə, sadəcə rəqəmlərdən ibarət deyil.

lll

Nazim Musayev sevimli müəllim idi, yaxşıların yaxşısı idi - bu, tələbələrinin qənaətidir. Çünki "elmi beşikdən qəbrə qədər öyrənin" fikri ömrü boyu dilindən düşməyib, gənclərə doğru-dürüst yol göstərib, bildiyini zərrə-zərrə öyrədib onlara. Heç vaxt səsini qaldırmayıb, hər cür intriqadan, münaqişədən uzaq olub. Yaxın ətrafı onu da etiraf edir ki, xaraktercə sülh, barış, dostluq adamı idi. Bu, onun həyat fəlsəfəsi idi, intriqanı heç sevməzdi...

Nazim müəllim alimlik statusuna da yaraşan adam idi: qibtəediləcək qədər sadə, təvazökar, təmkinli, mədəni, müasir, gözü-könlü tox, xoşniyyətli, mehriban. Bu, onun xarakteri idi. Alim, ziyalı kimi böyük nüfuzu vardı. Azərbaycanı beynəlxalq elmi konfranslarda layiqincə təmsil etmişdi, ABŞ, Türkiyə, Slovakiya, Rusiya və bir sıra digər ölkələrdə keçirilən nüfuzlu elmi toplantılarda sanballı məruzələrlə çıxış etmişdi. 60-dan çox elmi əsəri bu gün də öz aktuallığını saxlayır. Onun elmi kadrların hazırlığında da xidməti böyükdür.

Professor Nazim Musayev AMEA-nın Mexanika-Riyaziyyat İnstitutu, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, BDU-nun nəzdində fəaliyyət göstərən müdafiə şuralarının, eyni zamanda Tümen Dövlət Universitetində doktorluq dissertasiyası üzrə ixtisaslaşmış müdafiə şurasının üzvü idi.

Azərbaycan elminə, təhsilinə xidməti isə diqqətdən kənarda qalmamışdı. Bir sıra mükafatları vardı. 2011-ci ildə isə prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə professor Nazim Musayev "Əməkdar müəllim" fəxri adına layiq görüldü. Bu, dövlətin, dövlət başçısının onun müəllimlik və alimlik missiyasına verdiyi ali qiymət idi.

lll

Nazim müəllim çoxuşaqlı, on övladdan ibarət böyük bir ailədə böyümüşdü. Yaxşı oğul, yaxşı qardaş, yaxşı həyat yoldaşı, yaxşı ata idi. Həm də böyük bir nəslin "ağsaqqalı" sayılırdı - özü də cavanlığından. Bu titulu, bu ehtiramı ağlı, mərifəti, davranışı, insanlara münasibəti ilə qazanmışdı. Həyat müəllimi kimi də əvəzsiz idi. Şəxsi nümunəsi ilə nəslin davamçılarını kökə bağlılığa, inkişafa, xeyirxahlığa, ölkəsinə, dövlətinə sədaqətə, böyük anlamda, bəşəriyyətə, insanlığa sevgiyə səsləyirdi. Məhz buna görədir ki, nəsildə hər kəs onu "ilahiləşdirmişdi".

2015-ci il dekabrın 7-də Nazim müəllim dünyasını dəyişdi. Bu, ailəsi, övladları, nəsli, tələbələri, dostları, təhsil, elm aləmi üçün böyük itki idi.

Vəfatından bir il keçməsinə baxmayaraq, əzizləri onu yenə də göz yaşları içində xatırlayır. Bacısı Hacı Zemfira xanım: "Nazim hamımıza böyüklük etmişdi. O, bütöv bir nəsli birləşdirən bir halqa, bir körpü idi sanki. Hamı onun ətrafına cəm olardı, hamı onunla məsləhətləşərdi, hamı ondan öyüd-nəsihət alardı. Ən yaxşısı da bu idi ki, o, nümunəsi ilə hər kəsi təsirləndirə bilirdi. Belə bir deyim var: "Xəyallarınızı dəyərləndirməyən insanlardan uzaq olun, belələri hər zaman başqalarının öz xəyallarını gerçəkləşdirmələrinə mane olarlar. Əksinə, böyük insanlar sizi xəyallarınızı həyata keçirə biləcəyinizə inandırarlar". Nazim hər kəsə öz arzularını gerçəyə çevirmək üçün yol göstərənlərdən, kömək əli uzadanlardan, insana qol-qanad verənlərdən idi".

lll

Gözəl ailəsi var. Həyat yoldaşı Rahilə xanım da alimdir, Kibernetika İnstitutunda işləyir, riyaziyyat üzrə fəlsəfə doktorudur. Üç qıza birgə tərbiyə vermişdilər. Vəfa göz həkimidir, Nailə neanotoloqdur, 7 nömrəli doğum evində işləyir. Nigar isə iqtisadiyyat üzrə fəlsəfə doktorudur, İqtisad Universitetində müəllim işləyir.

Yenə Vaqif müəllimin fikrinə üz tuturam:

Üç qız böyütmüsən, igid, ər kimi,
Onlar yerdə səni bir Allah bildi.
Yerin cənnətlikdir, yerin behiştdir.
Nəslin ağsaqqalı, ruhun şad olsun!..

Qızı Nigar Atakişiyeva: "Atam cavan bacısını itirmişdi. Səfurə bibim, sonra onun oğlu Rabit 25 yaşında avtomobil qəzasında dünyasını dəyişdi. Rabit nişanlı idi, toyu olacaqdı. Bu fikir atamı xəstə saldı. Sonra iki qardaşını itirdi. Atam dərdini içində çəkirdi, əzizlərinin əhvalını pozmamaq üçün ağrılarını gizlədirdi. Meylini Zemfira bibimə salmışdı. Onu o qədər çox istəyirdi ki, sanki onunla nəfəs alırdı. Zemfira bibi xəstələnəndə istəmirdik ki, ata bilsin. Amma çox gizlədə bilmirdik, dərhal özünü yetirirdi bacısına. Zemfira bibim atamdan sonra hələ də özünə gələ bilmir. Atam bu dünyadan gedərkən belə, gözəl bir miras qoydu bizə - öz müdrikliyini".

lll

Çox işıqlı insan idi Nazim müəllim. İndi nəslin cavanları bu işığa, nura doğru gedir, onu daha gur yandırmağa can atırlar.

Bacısı qızı Ülviyyə Abbasova: "Dayımla bağlı hər anımız unudulmazdır. Uşaqlığım yadıma gəlir. Tətil günlərində hamımız Naftalana gedərdik - Dilbər nənəmin yanına. Nənəm hamıdan çox Nazim dayımı əzizləyərdi. Hətta səhər yeməyində yumurtanı özü soyardı dayı üçün. Biz də gülərdik ki, "Buna bax, nənə, yekə kişiyə lap uşaq kimi qulluq edir" deyərdik. Böyüdükcə anladıq ki, dayı təkcə nənəm üçün yox, bütün nəsil üçün əzizdir. Dayım hamımızı elmli, savadlı görmək istəyirdi. Mənim müdafiəmi də səbirsizliklə gözləyirdi. Heyf ki, görmədi. Keçən il dekabrın 23-də, onun vəfatından sonra dissertasiyamı müdafiə etdim. Nazim dayımın qızları həmin gün məni daha çox dəstəklədi, çünki bilirdilər ki, dayım bunu çox arzulayırdı".

Bu il 75 illik yubileyini qeyd edəcəkdi Nazim müəllim - əzizləri, doğmaları, dostları ilə birgə. Qismət olmadı.

Necə deyərlər, həyat kino kimidir, ən şirin anda bitir.

Ömür bitdi. Xatirələr isə bitmir. Onu xatırladır, unudulmağa qoymur. 

Akademik Vaqif Abbasov: "Nazim müəllim adi insan deyildi, inandığı, müqəddəs saydığı hər şey uğrunda fədakarlığa hazır olan böyük bir ziyalı idi, alim idi. O, bir nəslin qürur yeri idi. Və bu qürura layiq idi. Çünki öz müdrikliyi ilə nəslin birliyini qorudu, yaşatdı, nəslimizin davamçılarını yetişdirdi, hamımıza mənəvi irs yadigar qoydu. Onun mənə, mənim də ona sevgim sonsuz idi. Yazdığım misralar da o sevginin etirafıdır".

Mən sənin sayəndə ali dərs aldım,
Səndən öyrənərək elmlə ucaldım.
Mən səni özümə müqəddəs sandım,
Nəslin ağsaqqalı, ruhun şad olsun!..

Bu Nazim sözünü ucaldan sənsən,
Bu ada şərəfi gətirən də sən.
Çoxalıb sayəndə bu adı sevən,
Nəslin ağsaqqalı, ruhun şad olsun!

Köçdün bu dünyadan halallıq ilə,
Sənin ruhun layiq ali sevgiyə.
Olacam ruhuna daim səcdədə,
Nəslin ağsaqqalı, ruhun şad olsun!..

Onun ömrü bitmədi, davam edir. Xeyirli əməllərində, əzizlərinin xatirəsində. Nəslindən çıxan böyük alim, akademik Vaqif Abbasov kimi davamçılarının ömründə.

 





07.12.2016    çap et  çap et