525.Az

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı


 

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı<b style="color:red"></b>

"Yeni vəzifədə ilk görüşüm kollektivimizlə, ikincisi isə Təhsil Nazirliyinin nəzdində olan Uşaq-Gənclər İdman Məktəblərinin direktorları ilə oldu. Ən yaralı yerimiz bu sahədir. Fundamenti düzəltdikdən sonra başqa problemləri də rahat həll etmək mümkün olacaq".
 
Bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, yunan-Roma güləşi üzrə olimpiya çempionu Fərid Mansurov deyir. Onun cəmi 34 yaşı var və 3 aydır ki, bu vəzifəyə təyin olunub. 1984-cü ildə ailəsi ilə Gürcüstanın Dmanisi rayonundan Bakıya köçəndə Fərid cəmi 2 yaşında idi. Artıq 10 yaşında ikən "Neftçi" İdman Cəmiyyətində məşqlərə başlayarkən, bundan cəmi 5 il sonra yeniyetmələr, daha 5 il sonra isə böyüklər arasında dünya çempionatının gümüş mükafatçısı olacağını çox az adam düşünərdi. Amma Mansurovu qarşıda daha böyük uğurlar - 2004-cü il Afina Yay Olimpiya Oyunlarının, 2007 və 2009-cu illərin dünya çempionatlarının qızıl medalları gözləyirdi. Lakin gənc ikən böyük zirvələrə çatdığı kimi, vaxtından tez - cəmi 28 yaşında Bakıdakı Avropa çempionatında sifətindən ciddi zədə aldığı üçün karyerasını başa vurmalı oldu.

Sözsüz ki, qarşısına yüksək hədəflər qoyan hər bir idmançı uğurlarını yeniyetmə və gənclik illərində əldə edir. Bu baxımdan, olimpiya və ikiqat dünya çempionunun keçdiyi yol onun minlərlə davamçısı üçün bir məktəb rolunu oynaya bilər.  

Uşaq və gənclər harada və necə inkişaf etməlidirlər? 

Hər bir uşaq və gənc hansı mühitdə böyüyürsə, gələcəkdə məhz o mühitdə nə görüb-götürürsə, onu da nümayiş etdirir. Bu isə o deməkdir ki, onların inkişafı yaşadıqları ölkənin, cəmiyyətin, xalqın inkişaf göstəricisidir. Uşaq və gənclərin fiziki və mənəvi cəhətdən inkişafı üçün ölkə rəhbərliyi səviyyəsində lazımi işlər görülür. Sərəncamlar, dövlət proqramları imzalanıb, onların həyata keçirilməsinə stimul verən mühüm addımlar atılır. Buna misal olaraq, 2007-ci ilin "Gənclər ili" elan olunması, 2007 - 2015-ci illərdə gənclərin xarici ölkələrdə təhsil alması barədə Dövlət Proqramı, 2011 - 2015-ci illərdə Azərbaycan gəncliyi Dövlət Proqramı, 2011-ci ildə Gənclər Fondunun yaradılması, 2015 - 2025-ci illərdə gənclərin inkişaf Strategiyasını göstərmək olar. Azərbaycan gənclərinin hərtərəfli inkişafı, müasir dövrün tələblərinə uyğun, gündəlik qayğılardan tutmuş ictimai-siyasi proseslərdə fəal iştiraka, asudə vaxtların səmərəli təşkilinə, intelektual səviyyənin inkişafınadək məsələlər əsas vəzifələr sırasına daxildir. Ölkədə uşaq bağçaları tikilir, yeni orta məktəblər istifadəyə verilir. Bu kimi layihələr, sərəncamların hamısı Azərbaycanın  uşaq və gənclərinin fiziki inkişafına, mənəvi dəstəyə görə həyata keçirilib, keçirilməkdə davam edir. Gənclərimiz ölkəmizi bir çox sahədə yüksək səviyyədə təbliğ edirlər. Bu işlərdə Təhsil, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirlikləri də böyük rol oynayır. İstedadlı, intellektual, savadlı gənclərə özlərini ölkəmizdən kənarda da göstərə bilmələri üçün lazımi şərait yaradılır. Gənclərimiz, demək olar ki, bütün sahələrin - təhsil, idman, mədəniyyət, incəsənət və s. inkişafında dünya gənclərindən fərqlənməyi bacararaq, Azərbaycanı təmsil edir və bununla bərabər milli-mənəvi dəyərlərimizi də təbliğ edirlər. Bu da təbii ki, bütün sahələrin yüksəlişində, əldə olunmuş nəticələrdə özünü bariz şəkildə göstərir.  

Real vəziyyət 

"Təhsil" Respublika İdman Mərkəzinin (RİM) İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər (İOEUG) Futbol Məktəbinin direktoru Piralı Rəhimovun sözlərinə görə, rəhbərlik etdiyi məktəb sadalanan müvafiq tədbirlərlə yanaşı, Prezident İlham Əliyevin imzaladığı 2005 - 2015-ci illər ərzində futbolun inkişafına dair Dövlət Proqramına əsaslanaraq fəaliyyət göstərir: "Bu proqramın yerinə yetirilməsi üçün məktəbdənkənar müəssisə olaraq, uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqamətində işlər görülüb. Məktəbdə fəaliyyət göstərən idmançılara aid Perspektivli plan hazırlanıb. Çünki hər bir idmançının ustalığının artırılması uzun yoldur. Mürəkkəb futbol ustalığını mənimsəməkdən ötrü 6 - 8 il müddətində ixtisaslı məşqçilərin rəhbərliyi ilə sistematik tədris tələb olunur. Bu planın əsasında qısa xarakteristika ilə yanaşı, çoxillik məşqin məqsədi və əsas vəzifələri, hazırlığın mərhələləri və onların davamlılığı, hər mərhələnin əsas istiqaməti, müxtəlif mərhələlərdə onların xüsusi çəkisi və əsas vəzifələri, texniki-idman göstəriciləri, komandanın komplektləşdirilməsi, pedaqoji və həkim nəzarəti, yer, avadanlıq və ləvazimatlar, ilboyu keçirilən məşqin dövrlərə bölünməsi, illik tsikldə məşq yükünün bölüşdürülməsi, cari və operativ planlar üzrə məşqin səmərəli planlaşdırılmasının şərtləri nəzərə alınıb".

Bundan əlavə, P.Rəhimov deyir ki, gənc futbolçularla aparılan tərbiyə işlərinin bəzi cəhətləri də mənəvi dəstək olaraq bura daxil edilib. Gənclərin asudə vaxtı, məşqçilərlə və bir-biriləri ilə qarşılıqlı münasibəti, idman kollektivi və onun formalaşdırılmasının yolları, kollektivin bütün xüsusiyyətləri, heyətin dinamikliyi, şəxsiyyətə göstərilən yüksək tələblər şəraitində olmaq, xasiyyətin müsbət və mənfi cəhətlərinin formalaşması imkanı , idman kollektivinin formalaşmasının yolları , kollektivin inkişaf mərhələləri, kollektivdə özünüidarəetmənin təşkili, müsbət ənənələrinin yaradılması , məşqçinin məktəb və ailə ilə birgə işi, yarış və toplanışlarda tərbiyəvi işlərin xüsusiyyətləri nəzərdə tutulub: "Fəaliyyətləri dövründə minlərlə uşaq və gəncin asudə vaxtlarını futbol məktəbinə yönəldərək, onları pis vərdişlərdən azad etmək məqsədilə də mühüm işlər görülüb. Məktəbdə çalışan güclü mütəxəssislər, əməkdar, I kateqoriyalı və uzun illər təcrübə qazanmış məşqçilər uşaq və gənclərin hələ kiçik yaşlarından koordinasiyalarının düzgün qurulması, fiziki inkişafları, nəzarət altında sağlam böyümələri üçün əllərindən gələni əsirgəməyiblər. Bütün bunlarla yanaşı, məşqçi-müəllimlərin köməyi sayəsində uşaq və gənclərimizin bütün tədbirlərində yaxından iştirak edir, köməklik göstərirlər. Məktəbin tutduğu yerləri, çempionluqları, mükafatçıları, həm beynəlxalq, həm respublikadaxili, həm də Bakı şəhəri üzrə yarışlarda və turnirlərdə, çempionat və birinciliklərdə uğurlarını nəzərə alsaq, deyə bilərik ki, uşaq və gənclərin fiziki və mənəvi inkişafında, dövlət başçısı tərəfindən verilən sərəncamlar, qərarlar, dəstək, imzalanan proqramları əsas tutaraq "Təhsil" RİM İOEUG Futbol Məktəbi də işlərini düzgün istiqamətə yönəltməyə çalışıb, onların həyata keçirilməsində mühüm işlər görüb və görməkdə davam edir". 

Problemlər və həlli yolları 

Hazırda "Təhsil" RİM İOEUG Futbol Məktəbi nəzdində 7 komanda fəaliyyət göstərir. 10, 11, 12, 13, 14 və 15 yaşadək oğlanlardan, eləcə də 13 və 16 yaşadək qızlardan ibarət komandalar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) keçirdiyi Respublika birinciliyində mübarizə aparırlar. Amma böyük yaşlılar üçün baza olmadığından, onların çempionatda iştirakı mümkün deyil.

Məktəbdə 40X80 ölçüdə futbol meydançası olsa da, üzərinə süni örtük hələ də döşənməyib. Bu məqsədlə AFFA-ya edilmiş müraciətlərə cavab gəlməyib. Halbuki P.Rəhimovun sözlərinə görə, problem həllini tapsa, bütün çətinlikləri aradan qaldırmaq olar.

Bu, nümunə üçün götürdüyümüz məktəbin elementar sayıla biləcək çətinliklərindən biridir. Amma əsas problem Uşaq-Gənclər İdman Məktəblərinin (UGİM) sayının çoxluğu ilə bağlıdır. Hər bir rayonda 2-3 belə məktəb, üstəlik, Şahmat Məktəbi var. Onların da hamısı, demək olar ki, eyni işləri görür. Buna görə də belə məktəblərin birləşmələrinə böyük ehtiyac var. Birləşsələr, həm büdcəyə, həm də dövlətə xeyir vermiş olarlar.

O mənada UGİM-lərin Gənclər və İdman Nazirliyinin tabeliyinə verilmələri daha məqsədəuyğun olardı. Hərçənd, bu, elə də asan məsələ deyil. Təhsil Nazirliyi nəzdindəki məktəblər orta məktəblərin idman zallarından istifadə edib həm məşqləri, həm də seleksiya işlərini apara bilirlər. Gənclər və İdman Nazirliyinin balansında isə belə idman zalları çox azdır. Bu halda ümid Olimpiya komplekslərindən istifadəyə qalır. Hazırda əsas məsələ öz bazası olan məktəblərin yaradılmasıdır. Olimpiya komplekslərini idman məktəblərinə versələr, o zaman nəticədən danışmaq olar. Artıq Rusiyada bütün idman məktəbləri İdman Nazirliyinin balansına keçib və hər biri öz bazasına malikdir.

Ən əsas məsələ isə məktəblərə ciddi nəzarət mexanizminin yaradılmasıdır. Bu halda hansı UGİM-in yaxşı, hansının isə aşağı səviyyədə fəaliyyət göstərdiyini müəyyənləşdirmək olar.

Elə Fərid Mansurov da UGİM-lərin fəaliyyətlərinin gücləndirilməsini, oradakı çatışmazlıqların aradan qaldırılmasını istəyir: "Bu işə yeni gələrkən, UGİM-lərin rəhbərlərini çağırdım və hamısına tapşırıqlarımı verdim. Yerlərdə yoxlamalar təşkil edəcəyik. Bir insan kağız üzərində idman müəllimidirsə, lakin başqa işlə məşğul olursa, bu, yolverilməzdir. Belə şəxslər idmanımızı şikəst edənlərdir. Bunun qarşısını almaq üçün təkcə Gənclər və İdman Nazirliyi yox, hamı mübarizə aparmalıdır. Təəssüf ki, belə hallar var. Bunların qarşısını qısa vaxtda almağa çalışacağıq".

Elşən MƏMMƏDOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

 





07.12.2016    çap et  çap et