525.Az

"2017-ci il büdcəsində əmək pensiyalarının indeksləşdirilməsi nəzərə alınıb"


 

"2017-ci il büdcəsində əmək pensiyalarının indeksləşdirilməsi nəzərə alınıb"<b style="color:red"></b>

"Gələn il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlir və xərclərinin 3 mlrd. 400 mln. manat proqnozlaşdırılıb. DSMF-nin xərclərinin 37,4%-i və ya 1 mlrd. 270 mln. manatı dövlət büdcəsindən ayrılan transfert, 62,6%-i və ya 2 mlrd. 130 mln. manatı məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına maliyyələşdiriləcək".

"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında "Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il üzrə büdcə" layihəsini müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, bu, cari ilin gözlənilən icra göstəricisindən 248 mln. manat və ya 8%-ə yaxın çoxdur: "Fondun 2016-cı ilin gözlənilən icra göstəricisinə nisbətən 2017-ci ilin büdcə xərclərində proqnozlaşdırılan 248 mln. manat artımın 229 mln. manatı əmək pensiyası üzrə xərclərə, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərə 5,6 mln. manat, digər xərclərə isə 13,4 mln. manat artım nəzərdə tutulur.
Növbəti ildə əhaliyə ödənişlər Fondun xərclərinin 97,6%-i səviyyəsində və ya 3 mlrd. 318 mln. manat proqnozlaşdırılır. Əhaliyə ödənişlərin 2017-ci il üçün nəzərdə tutulmuş proqnozu cari ilin gözlənilən icra göstəricisindən 234 mln. manat və ya 7,6% çoxdur. Əhaliyə ödənişlərin proqnoz məbləği əmək pensiyaları və sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə xərclərdən ibarətdir. Əmək pensiyalarının ödənişi xərcləri əhaliyə ödənişlərin 97%-ni təşkil edəcək".

S. Müslümov əlavə edib ki, "Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi"ndə proqnozların tərtibi zamanı gələn il əmək pensiyalarının sığorta hissəsinin 2016-cı ilin yekunlarına görə indeksləşdirilməsi nəzərə alınıb. Nazir əlavə edib ki, gələn il əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə 127 mln. manatın sərf olunacağı nəzərdə tutulur: "2017-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 104,4 mln. manat təşkil edir ki, bu da 2016-cı ilin gözlənilən icra göstəricisinə nisbətən 5,6 mln. manat və ya 5,7% çoxdur. 2017-ci ildə digər xərclər 81,8 mln. manat məbləğində nəzərdə tutulur ki, bu da cari ilə nisbətən 13,4 mln. manat və ya 19, 6% yuxarıdır. Bu sahədə xərc artımı əsasən Fondun aparatının saxlanması istiqamətində proqnozlaşdırılıb. Belə ki, Fondun aparatının və onun yerli orqanlarının saxlanması xərclərinin proqnozu 2017-ci il üçün 40 mln. manat və yaxud hazırkı ilə nisbətən 13 mln. manat çox nəzərdə tutulub. Bu artım prezident İlham Əliyevin bu ilin martın 18-də verdiyi fərmanla Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilməsi və ölkə başçısının 2016-cı il 24 iyun tarixli fərmanı ilə Dövlət Sosial Təminat Xidmətinin Dövlət Sosial Müdafiə Fonduna birləşdirilməsi nəticəsində aparılmış struktur dəyişikliyi ilə əlaqədar Fondun fəaliyyət sferasının genişlənməsi və işçi heyətinin sayının əhəmiyyətli dərəcədə artması ilə əlaqədardır. Əgər birləşməyə qədər Fondun işçilərinin sayı təqribən 2700 nəfər idisə, hazırda bu göstərici 4790 nəfər təşkil edir. Gördüyünüz kimi, bu artım işçilərin əmək haqlarının maliyyələşdirilməsinə yönəldiləcək".
 
S. Müslümov qeyd edib ki, Fondun 2017-ci il üçün gəlirləri 3,4 mlrd. manat proqnozlaşdırılır ki, bu da 2016-cı ilin icra göstəricisinə nisbətən 270 mln. manat və ya 8,6% yuxarıdır. Fondun gəlirləri məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, sair gəlirləri və dövlət büdcəsindən ayırmalardan ibarətdir. Gəlirlərin 62,5%-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına təmin ediləcəyi proqnozlaşdırılır ki, bunun da məbləği 2 mlrd. 125 mln. manat olmaqla 2016-cı ilin gözlənilən icra rəqəmi ilə müqayisədə 13% və ya 245 mln. manat yüksəkdir. 2017-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların proqnozunun 61,2%-i və ya 1,3 mlrd. manatı qeyri-büdcə təşkilatlarının payına düşür ki, bu da 2016-cı ilin gözlənilən icra göstəricisinə nisbətən 120 mln. manat və ya 10,2% çoxdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 54,5 mln. manat həcmində nəzərdə tutulur. 2017-ci ildə dövlət büdcəsindən DSMF-yə 1 mlrd. 270 mln. manat transfert ediləcəyi nəzərdə tutulur ki, bu da cari ilin göstəricisindən 24 mln. manat və ya 1,9% yuxarıdır".

 





08.12.2016    çap et  çap et