525.Az

Azərbaycanın yeni iqtisadi-strateji hədəfləri müəyyənləşdi


 

MUSA QULİYEV: "STRATEJİ YOL XƏRİTƏLƏRİNİN TƏSDİQ EDİLMƏSI HAQQINDA PREZİDENTİN FƏRMANI ÇOX MÜHÜM ƏHƏMİYYƏTƏ MALİKDİR"

Azərbaycanın yeni iqtisadi-strateji hədəfləri müəyyənləşdi<b style="color:red"></b>

Dekabrın 6-da prezident İlham Əliyev "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Fərman imzalayıb.

Xatırladaq ki, iqtisadi islahatlara sistemli yanaşmanı təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" təsdiq edilib, habelə həmin istiqamətlərə müvafiq olaraq inkişaf planlarının işlənilməsini təmin etmək üçün müvafiq İşçi qrupu yaradılıb. Həmin Sərəncama əsasən, İşçi qrupu yerli və xarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin və elmi təşkilatların iştirakı ilə, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində milli iqtisadiyyat və iqtisadiyyatın 11 əsas sektoru üzrə strateji yol xəritələrinin layihələrini hazırlayıb.

Strateji yol xəritəsinin yazılmasında 400 nəfərə qədər xarici və yerli ekspert birbaşa iştirak edib. Bununla yanaşı, sənədin yazılması üçün 4 min nəfərlə 150-yə qədər görüş keçirilib. Yerli və xarici akademik dairələr, təhsil müəssisələri, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən 1000-dən çox yazılı təklif verilib. Strateji yol xəritəsinin hazırlanmasında Nobel mükafatçılarından başlamış, Azərbaycanın sadə vətəndaşlarına qədər ən müxtəlif insanlarla müzakirələr aparılıb. Hətta onlayn qaydada təkliflər verilməsi üçün də imkanlar yaradılıb.

Sənədə əsasən 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxış müəyyənləşib, milli iqtisadiyyat perspektivi, neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın inkişafı, ixtisaslaşmış turizm sənayesinin inkişafı, logistika və ticarətin inkişafı, uyğun qiymətə mənzil təminatının inkişafı, peşə təhsili və təliminin inkişafı, maliyyə xidmətlərinin inkişafı, telekommunikasiya və informasiya texnologiyalarının inkişafı və kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafı üzrə strateji yol xəritələri təsdiq edilib.

Strateji Yol Xəritəsi Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyin və sosial rifahın daha da artırılmasını təmin edəcək. Qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında mövqeyi gücləndiriləcək və o, yüksək gəlirli ölkələr qrupuna daxil olacaqdır. Strateji yol xəritəsində strateji baxışa uyğun olaraq prioritetlər, tədbirlər və indikatorlar müəyyənləşdirilib.

Fərmanla müəyyən edilib ki, strateji yol xəritələrinin həyata keçirilməsinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirir. Eyni zamanda Fərmanla təsdiq edilən strateji yol xəritələrində nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərinə görə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məsul olacaq.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası hazırlanacaq dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin bu Fərmanla təsdiq edilən strateji yol xəritələrinə uyğunluğunu təmin edəcək. Həmçinin Prezident Administrasiyası Fərmanla təsdiq edilən strateji yol xəritələrinin icra mexanizmləri ilə bağlı təkliflərini 15 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər iqtisadi sahədə fəaliyyət istiqamətlərinə dair strateji planların, dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin hazırlanması zamanı bu Fərmanla təsdiq edilən strateji yol xəritələrinin müddəalarını rəhbər tutacaqlar.

Məsələ ilə bağlı Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" prezidentin Fərmanı çox mühüm əhəmiyyətə malikdir. O SİA-ya bildirib ki, strateji yol xəritəsi Azərbaycan iqtisadiyyatının, ölkə əhalisinin sosial rifahının yüksəlməsinə xidmət edəcək böyük bir layihədir, proqramdır: "Sözün həqiqi mənasında bu sənədin yol xəritəsi adlandırılması konkret hədəflərin, məqsədlərin və o məqsədlərə çatmaq yolunun, zamanının müəyyənləşdirilmiş bir layihəsidir. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri, o cümlədən strateji sahələr burada nəzərə alınıb. Bu layihənin icrası ilə Azərbaycan öz iqtisadiyyatının yeni bir dövrünə post-neft dövrünə qədəm qoyduğunu bir daha bəyan edəcək. Bu, post-neft iqtisadiyyatının qaldırılmasına xidmət edəcək bir layihə olacaq. Ümumdünya maliyyə iqtisadi böhranı, neft gəlirlərinin azalması Azərbaycanın da büdcəsinə mənfi təsir göstərib. Heç şübhəsiz ki, Azərbaycan dövlətinin bu böhran dövründən iqtisadiyyatımızın az itkilərlə çıxması üçün kifayət qədər potensialı var".

M.Quliyev əlavə edib ki, sözügedən yol xəritəsi əsas sahələrin dövlət, Prezident tərəfindən nəzarət olunaraq inkişafına konseptual baxımından yardım edən layihədir: "Burada həm sahibkarlığın, kənd təsərrüfatının, nəqliyyat sisteminin, kommunikasiya, energetika sisteminin, həm də maliyyə-bank sektorunun inkişafı və s. nəzərdə tutulub. Eləcə də davamlı rəqabətqabiliyyətli qeyri-neft sektorunun məhsul istehsalı və məhsulun ixracı, yeni bazarların tapılması, Azərbaycana valyuta gətirəcək ölkə brendindən ibarət olan məhsulların inkişafı və s. burada öz əksini tapıb. Bununla belə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı insanların sosial müdafiəsinin artırılması, təhsil, səhiyyə problemləri burada yeni modellər təklif olunmaqla öz əksini tapıb. Bütövlükdə bu Fərman çox uğurludur".

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, deputat Kamran Nəbizadə isə "publika.az"a bildirib ki, sözügedən sənəd Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətlərinin müəyyən edilməsində vacib rol oynayır: "Hələ ilin əvvəlində prezident Azərbaycan iqtisadiyyatının gələcək illərdə inkişafı proqramını açıqlamışdı. Orada xüsusilə vurğulanır ki, qeyri-neft sektoru prioritet xarakter daşıyır. Bu gün Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsi müzakirə olunur. Bu müzakirələr zamanı da vurğulanıb ki, gələn il Azərbaycanın sırf qeyri-neft sektorunun inkişafında gəlirlərin həcmində artım nəzərdə tutulub. Prezidentin sözügedən fərmanı büdcə müzakirələri ilə eyni vaxtda düşüb. Bu isə çox vacib əhəmiyyət kəsb edir".

Deputat deyib ki, Azərbaycan iqtisadiyyatının strateji yol xəritələri qeyri-neft sektorunun sürətli inkişafına təkan verəcək: "Əslində, bu sahədə 2016-cı ildə də ciddi işlər görülüb. Azərbaycanda kənd təsərrüfatı, turizm, tikinti, informasiya komunukasiya texnologiyaları və digər qeyri-neft sahələrində xeyli inkişaf əldə olunub. Biz bütün bunların nəticəsini 2017-ci ildə daha yaxşı görə biləcəyik. Ona görə də mən büdcə müzakirələri zamanı bildirdim ki, Azərbaycanın iqtisadi inkişafına optimist olaraq baxıram. İnşallah bütün bu addımların hər biri 2017-ci ildə öz nəticələrini verəcək. Digər istehsalla bağlı sahələrdə görülən işlər isə öz nəticələrini bir-iki ilə deyil, 2018-2019-cu illərdən sonra göstərəcək".

Deputat Rüfət Quliyev isə "Trend"ə bildirib ki, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi ölkə iqtisadiyyatının bərabər və dinamik inkişafına xidmət edəcək: "Azərbaycanın sosial-iqtisadi modeli unikaldır, çünki biz həmişə qarşımıza məqsəd qoyuruq və onlara çatırıq. Bu sənədlərdə həm uzunmüddətli, həm də qısamüddətli məsələlər əksini tapıb. Yol xəritələri iqtisadiyyatın bərabər və dinamik inkişafına xidmət edəcək".

Deputat əlavə edib ki, əsas məsələ bu sənədlərdə kiçik və orta sahibkarlığın inkişafının əks olunmasıdır: "Dövlət başçısı dəfələrlə qeyd edib ki, biz kiçik və orta sahibkarlığı inkişaf etdirməliyik. Demək olar ki, bu məsələ yol xəritələrinin leytmotivini təşkil edir. Bütün inkişaf etmiş ölkələrdə - ABŞ, Almaniya, hətta Yaponiyada kiçik və orta biznesin xüsusi çəkisi ÜDM-in 50-70 faizini təşkil edir. İspaniya və Portuqaliya kimi ölkələrdə isə bu göstərici daha da yüksəkdir. Bizdə hələ ki, belə göstəricilər yoxdur. Bəli, bizdə iri şirkətlər var - Gilan Holdinq, PAŞA Holdinq, Akkord Holdinq. Bu şirkətlər uzun müddətdir ki, Asiya və Avropada investisiyalar yerləşdirir. Gilan Holdinq öz məhsulunu dünyanın 60 ölkəsinə ixrac edir".

R.Quliyev bildirib ki, ölkənin iqtisadiyyatını təkcə iri holdinqlər deyil, həm də kiçik və orta müəssisələr müəyyən edir. Deputat sahibkarlığın inkişafı üçün təbliğatın da vacib olduğunu deyib. O, kütləvi informasiya vasitələrində, televiziyalarda sahibkarlığa aid mövzuların işıqlandırılmasını təklif edib.

Ceyhun ABASOV

 





08.12.2016    çap et  çap et