525.Az

"Strateji yol xəritəsi gələcək risklərdən qorunmağa xidmət edəcək"


 

"Strateji yol xəritəsi gələcək risklərdən qorunmağa xidmət edəcək"<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" fərman imzalayıb.
 
Bu fərmanla Azərbaycanın qarşıdakı hədəfləri, yolu müəyyənləşmiş oldu. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fərmanla bağlı şərhində deyilir ki, qeyri-resurs sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin memarlığı ilə milli iqtisadiyyatın əsas inkişaf istiqamətləri elan edilib, uğurlu neft strategiyası həyata keçirilib, infrastruktur yaradılıb, iqtisadi təhlükəsizliyin əsas elementləri - enerji, maliyyə, ərzaq və nəqliyyat təhlükəsizliyi təmin edilib, əhalinin rifah halı yaxşılaşdırılıb, özəl sektorun rolu gücləndirilib və  Azərbaycanın dünya iqtisadi düzənində özünəməxsus mövqeyi müəyyənləşdirilib. Prezident İlham Əliyev tərəfindən uğurla aparılan davamlı islahatlar nəticəsində Azərbaycan dünya iqtisadiyyatında yeni çağırışlara cavab verir. İstər regionda, istərsə də qlobal iqtisadiyyatda gedən proseslər, neft gəlirlərinin kəskin azalması, mürəkkəb xarici iqtisadi mühit ölkənin makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini göstərməkdədir. Dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir.

Dövlət başçısının 6 dekabr 2016-cı il tarixli fərmanı ilə 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxış müəyyənləşib. Fərmana əsasən aşağıdakı istiqamətlər üzrə strateji yol xəritələri təsdiq edilib. Fərmanla müəyyən edilib ki, strateji yol xəritələrinin həyata keçirilməsinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirir. Eyni zamanda fərmanla təsdiq edilən strateji yol xəritələrində nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərinə görə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məsul olacaq. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası hazırlanacaq dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin bu Fərmanla təsdiq edilən strateji yol xəritələrinə uyğunluğunu təmin edəcək. Həmçinin Prezident Administrasiyası fərmanla təsdiq edilən strateji yol xəritələrinin icra mexanizmləri ilə bağlı təkliflərini on beş gün müddətində Azərbaycan prezidentinə təqdim etməlidir.

Mövzu ilə bağlı fikirlərini açıqlayan iqtisadçı-ekspert Emin Əliyev bildirib ki, strategiyasız yola çıxmaq mümkün deyil: "Strategiya qarşıya qoyduğumuz hədəf və mayakdır. Biz bu mayaka hansı tədbirlər əsasında gedəcəyimizi müəyyənləşdirməliydik. Ölkə başçısının "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" fərmanı əsasənda biz gedəcəyimiz yolu müəyyənləşdirmiş olduq. Onun sözlərinə görə, ölkə başçısı bu addımın bünövrəsini hələ 6 ay bundan öncə - martın 16-da  qoymuşdu: "Belə ki, Azərbaycan prezidenti 6 ay müddətində xüsusi yaradılan işçi qrupuna strateji yol xəritəsinin hazırlanması və tərtib olunmasını  tapşırmışdı. Göründüyü kimi, tapşırıq uğurla yerinə yetirilib və artıq milli iqtisadiyyatımızın istiqamətləri üzrə strateji yol xəritəsi təsdiq olundu. Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxış müəyyənləşib". E.Əliyev qeyd edib ki, bu strategiya həm də Azərbaycanı gələcək risklərdən qorumağa xidmət edəcək: "Risklər hər zaman dəyişir. Dəyişkən dünyada yaşadığımıza görə qeyri-standart vəziyyətlərlə üzləşməli oluruq . Belə olan halda, qeyri-standart qərarların qəbuluna ehtiyac yaranır. Ümumilikdə, bu strategiya Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasına gətirə biləcək, milli potensialımızın və iqtisadiyyatımızın formalaşdıra biləcək sənəd və yol  xəritəsidir. Bu sənədlə biz özümüzü kifayət qədər risklərdən qorumuş oluruq. Strateji Yol Xəritəsi Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyin və sosial rifahın daha da artırılmasını təmin edəcək".

PƏRVANƏ

 





08.12.2016    çap et  çap et