525.Az

Vergi cinayəti olmayan ödəyicilər "Yaşıl dəhliz"ə qoşulacaq


 

VERGİLƏR NAZİRİNİN MÜAVİNİ İLKİN VƏLİYEVİN SÖZLƏRİNƏ GÖRƏ, NAZİRLİYİN TƏRKİBİNDƏ YENİ İDARƏLƏR YARADILACAQ

Vergi cinayəti olmayan ödəyicilər "Yaşıl dəhliz"ə qoşulacaq<b style="color:red"></b>

"Hazırda Azərbaycanda vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin sayı 63-ə çatdırılıb, vergi orqanlarına göndərilən bəyannamələrin 90 faizdən çoxu elektron formada təqdim olunur.
 
Vergi bəyannamələrinin könüllü təqdim edilməsi göstəriciləri hər il daha da yaxşılaşır və müxtəlif vergilərdən asılı olaraq 75-85 faiz arasında dəyişir". Bunu vergilər nazirinin müavini İlkin Vəliyev deyib.

İ.Vəliyevin sözlərinə görə, Nazirliyin tərkibində yeni idarələr yaradılacaq: "Şəffaf vergi partnyorluğu" idarələrinin qeydiyyatında olan ödəyicilərə növbədənkənar xidmət ediləcək. Bundan başqa, belə ödəyicilər üçün vergi əməkdaşlarından xüsusi kuratorlar təhkim ediləcək. Onların vergi sahəsində hər hansı çətinliyi yaranarsa, sualı meydana çıxarsa, hansısa ziddiyyətli bir məsələ qalxarsa, onlar öz kuratorlarına müraciət etmək imkanı olacaqlar. Belə ödəyicilərə çevik xidmət göstəriləcək, bütün məsələlərin operativ şəkildə həllinə nail olunacaq. Məsələn, əlbəəl çatdırılmalı olan sənədlər vergi orqanı tərəfindən ödəyiciyə birbaşa təqdim ediləcək, onlara ünvanlı xidmətlər göstəriləcək. Vergi ödəyicisinin uçot məlumatlarında hər hansı uyğunsuzluq aşkar edilərsə, təhkim olunmuş kurator dərhal vergi ödəyicisi ilə əlaqə saxlayaraq onu məlumatlandıracaq, onunla birlikdə ortaya çıxmış məsələni müzakirə edəcək və onun çətinliklərini aradan qaldırmağa çalışacaq. Yəni belə ödəyicilərin öhdəliklərini davamlı olaraq yerinə yetirilməsinə kömək etmək üçün vergi orqanı həmişə onların yanında olacaq".

Nazir müavini deyib ki, son 3 ildə heç bir vergi yayınması olmayan vergi ödəyiciləri "Yaşıl dəhliz"ə qoşula biləcək: "Şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş meyarlar əsasında müəyyən ediləcək. Əlbəttə, vergi ödəyicisinin çox və ya az vergi ödəməsi onun intizamlı olmasının göstəricisi deyil. Şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri ilk növbədə vergi öhdəliklərini vaxtında yerinə yetirən, vergilərini tam həcmdə ödəyən, işçi heyətinin sayını və faktiki əmək haqlarını düzgün bəyan edən, mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına uyğun olaraq aparan, riskli vergi ödəyiciləri ilə əməliyyatlar aparmayan, son 3 il ərzində iqtisadi sahədə cinayət təqibinə məruz qalmamış ödəyicilərdir".

İ.Vəliyev hazırda Bakı şəhərində belə ödəyicilərin sayının 400 olduğunu açıqlayıb: "Vergi orqanlarında yaradılmış Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) texniki imkanları bizə vergi ödəyicilərinin əməliyyatları üzrə 300-dən yuxarı çarpaz təhlil aparmağa və beləliklə, onun fəaliyyətinə tam şəkildə nəzarət etməyə imkan verir. İntizamlı vergi ödəyicisinin müəyyənləşdirilməsi zamanı onlar bu təhlillərin süzgəcindən keçir və biz belə ödəyiciləri mövcud meyarlar üzrə yoxladıqdan sonra müəyyən edirik. İlkin mərhələdə Bakı şəhərində belə tələblərə cavab verən ödəyicilərin sayı 400-ə yaxındır".

O qeyd edib ki, beynəlxalq təcrübədə bir qayda olaraq "Yaşıl dəhliz" məhfumundan şəffaflıq və sadələşdirmə simvolu kimi istifadə olunur: "Yeni idarələrdə, sözün əsl mənasında, ayrıca "yaşıl dəhliz" yaradılacaq.

 





08.12.2016    çap et  çap et