525.Az

Dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği


 

Dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği<b style="color:red"></b>

Son illər ölkəmizdə ən müxtəlif mövzularda, fərqli problemlərə həsr edilmiş beynəlxalq konfranslar, tədbirlər keçirilir.

Azərbaycanın get-gedə artan nüfuzu, dünya arenasında müstəqil, güclü dövlət kimi özünü təsdiqi bir çox irimiqyaslı forumlara ev sahibliyi etməsinə imkan verir. Bütün sahələrlə - istər iqtisadiyyat, istər mədəniyyət, istərsə də idmanla bağlı olan tədbirlər, görüşlər ölkəmizin şöhrətinin daha da artmasına, millətimizin zəngin tarixə, mədəniyyətə, musiqiyə, ədəbiyyata malik bir xalq kimi tanınmasına səbəb olur. Təcrübə göstərir ki, bu cür tədbirlərin, beynəlxalq səviyyəli konfransların təşkili, keçirilməsi dövlətçilik ənənələrimizin, milli adətlərimizin, mədəniyyətimizin təbliğatı üçün ən effektiv üsuldur. 

Prezident İlham Əliyevin 18 may 2009-cu ildə imzaladığı "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramında müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi maddəsinin ayrıca yer tutması təsadüfi deyil. Artıq 2010-cu ildən təşkil olunan Bakı Beynəlxalq Teatr Konfransı bu illər ərzində dünya teatrşünaslarının, sənət adamlarının maraq göstərdiyi, iştirak etmək istədiyi mədəni tədbirə çevrilib.  Ümumiyyətlə, XXI yüzillik dialoq əsri hesab edilir. Mövcud olan problemlər, qarşıya çıxan məsələlər əsasən dialoq vasitəylə, daha çox masaarxası söhbətlərlə həllini tapmalıdı. Doğrudan da bu gün dünyada gedən prosesslərə, çağdaş zamanın aktual mövzularına nəzər salsaq, görərik ki az qala bütün sahələrdə dialoq həlledicidir. Dünyanın gələcəyi növbənöv konfransların, forumların "əlindədir". İstər sosial, istər iqtisadi, istər siyasi, istərsə də mədəni həyatın bir çox problemləri bu cür forumların mövzusuna, müzakirə obyektinə çevrilir. Və istər-istəməz qəbul edilən qərarlar da, yeni nailiyyətlər də "kollektiv" əməyin, birgə müzakirələrin nəticəsi olur. Lakin sənətşünasların, əsl sənət bilicilərinin tez-tez şübhə altına aldığı, bir qədər skeptik yanaşdığı məqamlar da az deyil. Axı zaman-zaman dünyanın ayrı-ayrı nöqtələrində yaşayan, heç bir dəfə də görüşməyən sənətkarlar tamam bir-birindən xəbərsiz olsalar da, şedevrlər, yüksək sənət nümunələri yaradıblar. Heç böyük müzakirələrə, çağdaş forumlara ehtiyac da olmayıb. Elədisə onda sual yaranır: konfransların, dünyanın dörd bir yanında eyni maraqları, oxşaq zövqləri paylaşan insanların bir araya gəlməsinin faydası, məhz böyük sənətə xeyri varmı? Zaman göstərir ki, var! Təcrübə mübadilələri, sənət müzakirələri, yeni qurulan əlaqələr sənətin xeyrinədir, əlbəttə. Ancaq bunlardan az əhəmiyyətli olmayan bu tədbirlər, görüşlər vasitəsiylə, bunların sayəsində ölkəmizin daha da tanıdılması, dünyavi dövlət kimi özünü təsdiqləməsidir. Bu mənada ölkəmizdə keçirilən tədbirlərin, konfransların, ələxsus haqqında söz açdığım Bakı Beynəlxalq Teatr Konfransının daha bir mühüm əhəmiyyətini də vurğulamaq yerinə düşər. Həqiqətlərimizi, Qarabağ problemini, xalqımızın başına gətirilən müsibətləri dünyaya çatdırmaq baxımından da bu cür tədbirlər əhəmiyyətlidir. Axı yaddaşlara nüfuz etmək üçün bundan gözəl hansı vasitə ola bilər? Statistik məlumatlarla yanaşı, bütün bu bizi ağrıdan məsələlərin həm də sənət müzakirələrində, sənət dili ilə deyilməsi, yazılması son dərəcə vacibdir.

Bu il artıq dördüncü dəfə keçirilən Bakı Beynəlxalq Teatr Konfransı da bu baxımdan əhəmiyyətli məqamları ilə yadda qaldı. Konfransın rəsmi açılış mərasimindən bir gün öncə qonaqlara dahi Mirzə Cəlilin "Ölülər" komediyası rejissor Azər Paşa Nemətovun quruluşunda, Akademik Milli Dram teatrında təqdim olundu. Əslində bu əsərlə Azərbaycanın zəngin mədəniyyəti, teatr sənəti, musiqisi bütöv halda təbliğ olunurdu. 150-dən çox xarici qonağın, sənətşünasın bu əsərə baxması heç şübhəsiz ki, təsirsiz ötüşməyəcək. Və bu hadisə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, teatr sənətinin dünyada tanıdılması yolunda irəliyə doğru addım kimi dəyərləndirilə bilər. Tamaşanın quruluşçu rejissoru Azər Paşa Nemətov da müsahibəsində "Ölülər"in  qonaqlara təqdim etməyin faydası haqqında danışdı: "Mirzə Cəlil dahidir, onun yazdığı bu əsərə baxanda biz yüz il əvvəlki Azərbaycan kəndini görürük. Avamlığa acıyırıq, cahillikdən qanımız qaralır, ürəyimiz ağrıyır. Həm də böyük yazıçının bütün bunları necə gözəl, dəqiq yazmasına heyrətlənirik. Amma məsələ burasındadır ki, Mirzə Cəlilin yazdığı dünyəvi bir əsərdir, dünyəvi bir mövzudur. Bu yüz il əvvəlki Azərbaycan kəndinin yox, bu günki dünyanın problemini göstərir. Məgər bu gün dünyanın hər yerində Şeyx Nəsrulla yoxdur? Var! Yenə yalançı, fırıldaqçılar var. Yenə ölüləri "dirildirlər", yenə sadə insanları aldadırlar. Mirzə Cəlilin mesajı hər kəsə, dünyaya ünvanlanıb. Biz istədik ki, müxtəlif xalqlardan olan qonaqlar bu mesajı səhnədən eşitsinlər".

Səhnədən eşitdiklərimiz isə doğrudan da heyrətamizdir. Mirzə Cəlilin böyük ideyası, rejissorun həlli və bunu məharətlə ifa edən aktyorlar. Bu yerdə bir məqamı da vurğulamaq istərdim. "Ölülər"in bu quruluşu artıq neçə aydır ki, teatr səhnəmizdədir və mən də bir çox başqa tənqidçilər kimi bu tamaşa haqqında müsbət resenziya yazmışam. Amma etiraf etmək lazımdır ki, bu dəfə tamam yeni məqamlar, detallar görünürdü tamaşada. Bir sözlə, zaman tamaşanın xeyrinə işləyib. Xüsusən də Kefli İskəndəri oynayan Anar Heybətovun oyunu xeyli təkmilləşib. Rusiyalı teatrşünas  Pavel Rudnevlə söhbətimizdə o da aktyor oyununu bəyəndiyini söylədi: "Bu əsərlə tanışam və klassik bir nümunə olduğunu bilirəm. Məni tamaşada məhz aktyor oyunu təsirləndirdi. Kefli İskəndər və Şeyx Nəsrullanın ifaçıları rollarının öhdəsindən yaxşı gəldilər".

Qeyd etmək lazımdır ki, IV Bakı Beynəlxalq Teatr Konfransı Azər Paşa Nemətovun söylədiyi mesajların dünyaya ünvanlanması üçün, dövlətçilik tarixinin, milli adət-ənənələrin, elm və mədəniyyətin təbliğatı üçün son dərəcə ciddi bir hadisədir. Konfransın açılış mərasimində qonaqlara təqdim olunan video-çarx və kompozisiya bu baxımdan bitkin bir əsər təsiri bağışlayırdı.

Rejissor Cavid İmamverdiyevin hazırladığı, ilk baxışdan pərakəndə, bir-biriylə sanki əlaqəsi olmayan bu səhnəciklərin hər birinin alt qatında bir məna, bir ideya gizlənirdi; çox qısa və dinamik formada kimliyimizi, tariximizi, sənətimizi anlatmaq. Mədəniyyətimizin necə çoxqatlı olmasını göstərmək, musiqi, rəqs, rəssamlıq, memarlıq, teatr sənət incilərini lakonik, yığcam şəkildə göstərmək. Bəstəkar Fərəc Qarayevin "Qobustan kölgələri" baletiylə qədimliyimiz, tariximiz, Qara Qarayevin "Yeddi gözəl"i, Üzeyir Hacıbəylinin "Arazbarı"sı ilə musiqimizin milliliyilə yanaşı dünyəviliyi də ifadə olundu. Eyni zamanda Şekspirin Hamletinin monoloqu, Lermontovun "Maskarad"ından fraqment də dünya sənət incilərinə münasibətimizi sərgiləyirdi. Bütün bunların fonunda, böyük ekranda göstərilənlər, ötən teatr konfranslarının kadrları, eyni zamanda təbiət mənzərələrimiz, dövlətin sənətə qayğısını əks etdirən kadrlar, ümummilli liderin teatrlara, sənət adamlarına sevgisini göstərən foto, video-materiallar, Prezident İlham Əliyevin teatrlara qayğısını əks etdirən, yeni təmir olunan teatr binalarının açılış mərasimlərindən kadrlar - bütün bunlar bir sözlə desək, sadəcə Azərbaycanı ifadə edirdi. Belə qısa vaxtda özümüzü, sənətimizi, ölkəmizi bu cür dəqiq ifadə edən ayrı bir səhnə əsəri düşünmək mümkünsüzdü. Qeyd etmək lazımdı ki, Birinci Avropa oyunlarının açılış mərasimində də bu təcrübədən istifadə olunmuşdu. Möhtəşəm açılış mərasimi bütün dünyanı heyrətləndirmişdi. Burda da milli musiqimiz, ədəbiyyatımız, incəsənətimiz belə fərqli, orijinal yolla dünyaya çatdırılmışdı. Həmçinin bu cür möhtəşəm tədbirlərin, iri beynəlxalq layihələrin həyata keçirilməsi ölkəmizin müasir, güclü dövlət olmasının daha bir sübutudur.

Bakı Beynəlxalq Teatr Konfransının təşkilat komitəsinin rəhbəri, Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev də açılış mərasimindəki kompozisiyada əsas niyyətin məhz hərtərəfli təbliğat olduğunu söylədi: "Artıq dördüncü dəfə idi ki, bu konfrans keçirildi. Biz hər dəfə konfransı daha əvvəlkindən bir az da yaxşı, geniş təşkil etməyə, yeni, orijinal təbliğat üsulları düşünməyə çalışırıq. Bu dəfə də rəsmi açılış mərasiminə bir az rəng, orijinallıq qatmaq istədik. Lakin onu da düşünürdük ki, bu qeyri-rəsmi hissənin arxasında bir ideya olmalıdı. 150-dən çox qonağın, ölkəmizdə olan səfirlik işçilərinin iştirak edəcəyi konfrans, açılış mərasimi təbliğat üçün ən gözəl fürsət idi. Ona görə rejissor Cavid İmamverdiyevlə bərabər, paytaxtdakı teatrların iştirakı ilə belə bir kompozisiya düşündük. Və reaksiyalardan, gələn rəylərdən aydın olur ki, bu, çox uğurla qarşılandı. Axı burda həm tariximiz, qədimliyimiz, həm sənətimiz, həm musiqimiz, teatrımız, həm də bu günki, çağdaş Azərbaycanın gücü, qüdrəti əks olunmuşdu!"

IV Bakı Beynəlxalq Teatr Konfransının son günündə, bağlanış mərasimində qonaqların minnətdarlıq, heyranlıq dolu çıxışları həqiqətən görülən işlərin, çəkilən zəhmətlərin boşuna olmadığını, bütün bu sadaladığım məsələlərin fayda verdiyini göstərdi. Ona görə bu konfransı qətiyyətlə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin təbliğində mühüm hadisə kimi dəyərləndirmək olar. 

Pərvin Nurəliyeva
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

 





09.12.2016    çap et  çap et