Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq danışıqlarından sonra təşəbbüskar Rusiya Dağlıq Qarabağ münaqişəsi ətrafında müəyyən intensivlik yaratsa da, sonradan məlum oldu ki, Moskvanın fəallığı heç də problemin həllini sürətləndirmək məqsədi daşımır.
Kreml Ermənistanı "İsgəndər" raket kompleksi və digər silah və hərbi texnikalarla təmin etməklə, iki ölkə arasında birgə qoşun birləşməsi yaratmaqla aprel döyüşlərindən sonra ona bəslənən ümidləri puç etdi. Habelə, həmin ərəfələrdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Ankara ilə Moskva arasında Qarabağ danışıqları barədə səsləndirdiyi fikirləri Rusiyanın inkar etməsi, tezliklə münaqişə ilə bağlı irəliləyişin mümkün olmayacağını, ilk mərhələdə 5 rayonun qaytarılacağına inanmadığını bəyan etməsi mövcud ziddiyyətlərdən xəbər verirdi. İndi isə vəziyyət bir qədər dəyişib.
Türkiyənin baş naziri Binəli Yıldırım dekabrın 6-da Moskvada rəsmi səfərdə olub. Eyni gündə Türkiyənin prezidenti Rəcəb Təyyub Ərdoğan "Türx axını" layihəsini imzalayıb. Ərdoğanın bu addımını Rusiya prezidenti Vladimir Putin yüksək qiymətləndirib və bunu Binəli Yıldırıma da söyləyib. Bununla Rusiya qazı Türkiyə üzərindən Avropaya daşınacaq. Bu Rusiyanı münasibətləri gərgin olduğu Ukrayna üzərindən tranzit asılılığından qurtaracaq.
Beləliklə, Türkiyə-Rusiya münasibətləri inkişaf edir. Bir neçə aydan sonra Türkiyə və Rusiya prezidentləri növbəti dəfə görüşəcəklər. Strateji əməkdaşlığın strateji tərəfdaşlığa çevrilməsi ehtimalı var. Bu isə Rusiya ilə Türkiyə arasında başqa məsələlərin həllini də sürətləndirə bilər.
Bu arada, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda işgüzar səfərdə olub. Səfəri çərçivəsində Mövlud Çavuşoğlu Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirib.
Çavuşoğlu Bakıda həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsindən söz açaraq işğalçı Ermənistanın tezliklə Azərbaycan torpaqlarından çıxarılmasının vacibliyini diqqətə çatdırıb.
Çavuşoğlu mətbuat konfransında bunları deyib: "Biz problemin həlli üçün əlimizdən gələni edirik. Türkiyəyə səfəri zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Türkiyə olaraq öz mövqeyimizi Lavrova bildirdik. Vurğuladım ki, tezliklə bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Hesab edirəm ki, tez bir zamanda münaqişə ilə bağlı nəticə əldə olunmalıdır".
Məsələylə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Türkiyə xarici işlər nazirinin bu açıqlaması bir daha onu göstərir ki, Mövlud Çavuşoğlunun Bakıya budəfəki səfəri Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı Moskva ilə apardığı dialoqla əlaqəlidir: "Çavuşoğlu Bakıya gəlməmişdən bir gün əvvəl Lavrovla Türkiyədə görüşmüşdü. Böyük ehtimalla, Çavuşoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Dağlıq Qarabağ problemi ətrafında apardığı danışıqların detallarını rəsmi Bakıya çatdırmaq üçün Azərbaycan paytaxtına gəlmişdi.
Beləliklə, Ankara Dağlıq Qarabağ problemi ilə əlaqədar Rusiya ilə danışıqları intensivləşdirib. Ankaranın məqsədi Moskvanın münaqişənin həlliylə bağlı Ermənistan hakimiyyətinə təsir etməsidir. İlk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır ki, sülh prosesinə start verilsin".
Sergey Lavrovun Mövlud Çavuşoğlunun Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı təkliflərinə cavabının bəlli olmadığını deyən politoloqun sözlərinə görə, məlum olan odur ki, Ankara ilə münasibətlərini normallaşdıran Moskva Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəallığına etiraz etmir: "Digər tərəfdən Moskva Türkiyə-Rusiya-Azərbaycan formatının yaradılmasına da etiraz etmir. Hadisələrin bu istiqamətdə inkişafı isə Ermənistan hakimiyyətini narahat edir. Ermənistan tamamən Rusiyadan asılı vəziyyətə düşüb. Ermənistan ordusu və iqtisadiyyatı Rusiyanın nəzarəti altındadır. Hələ ki, Rusiya Ermənistan hakimiyyətini müdafiə edir və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə maraq göstərmir. Ancaq bir gün Moskvanın mövqeyi dəyişərsə və Kreml Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Ermənistan hakimiyyətinə təzyiq edərsə, bu halda prezident Serj Sarkisyan nə edəcək? Rəsmi İrəvan Moskvaya etiraz edəcəkmi? Bu suallar Ermənistanın siyasi dairələrində ciddi müzakirə olunur. Qərbdəki erməni lobbisi də Serj Sarkisyanın xarici siyasətindən narazıdır. Erməni lobbisinin qənaətinə görə, Ermənistan hakimiyyətinin Rusiyadan artan asılılığı Ermənistanı fəlakətə aparır. Erməni lobbisi düşünür ki, yaxın zamanda Moskva Ankara ilə razılaşaraq Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll edəcək".
E.Şahinoğlu qeyd edib ki, Ermənistanın getdikcə kasıblaşması və əhalinin azalması faktoru bu ölkənin əhəmiyyətini azaldır: "Erməni lobbisi keçmiş illərdə olduğu kimi Ermənistana pul göndərmir. Bunun qarşılığında iqtisadi çətinliklərə rəğmən, Azərbaycanın hərbi potensialı artır, əhalinin sayı isə sürətlə 10 milyon nəfərə yaxınlaşır. Yəni, məntiqlə böyük dövlətlərə Cənubi Qafqazda Azərbaycanla əməkdaşlıq daha məqbuldur. Rəsmi Bakı çox ümidlidir ki, Moskva Ermənistan hakimiyyətinə təsir edərək Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirəcək. Hələ ki, bu baş vermir. Rəsmi Bakı həm də ona ümidlidir ki, Ankara da Moskvanı bu məsələyə inandırmağa nail olacaq. Həm Bakı, həm də Ankara Rusiyaya təklif ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli halında bölgədə regional əməkdaşlığı genişləndirmək mümkün olacaq. Bu regional əməkdaşlıq isə Rusiyanın maraqlarına cavab verəcək şəkildə inkişaf edəcək. Ancaq hələ ki, nə Bakı, nə də Ankara Moskvadan tutarlı cavab ala bilməyiblər. Moskva Ermənistan hakimiyyətinə təsir etmək istəmir. Tam əksinə, Rusiya Ermənistanı daha çox silahlandırır. Buna baxmayaraq, Rusiyanın Cənubi Qafqaz siyasətini korrektə edəcəyi istisna deyil".
Mərkəz sədrinin sözlərinə görə, Rusiya-Türkiyə yaxınlaşmasının, iki ölkə arasında böyük layihələrin reallaşmasının avtomatik olaraq Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcəyi qənaətində deyil: "Buna baxmayaraq, Ankara ilə Moskva arasında Qarabağ ətrafında fikir mübadiləsinin genişlənməsinin müsbət nəticələri olacağına inanmaq istərdim. Hələ ki, real nəticə yoxdur. Ancaq Ankara ilə Moskva arasında Qarabağ dialoqu genişlənir və hələ ki, nəticəsi olmasa belə, bu dialoq erməni separatçılarını və erməni lobbisini narahat etməyə başlayıb. Hələlik, bu da pis nəticə deyil. Qoy səksəkə içində olsunlar və daima beyinlərində "birdən Rusiya bizi Türkiyənin və Azərbaycanın maraqlarına qurban versə, nə edəcəyik" sualı dolaşsın".
Mərkəz sədri vurğulayıb ki, Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın siyasətinin dəyişəcəyini gözləmədən Qarabağ strategiyasını davam etdirir: "Bu strategiya Azərbaycan ordusunu gücləndirmək, yeni modern silahlar almaq və bununla Ermənistanı zəiflətməkdən ibarətdir. Rəsmi Bakı Ermənistanı orduya və silah alışına daha çox pul xərcləməyə məcbur edir. Başqa sözlə, İlham Əliyevin Qarabağla bağlı hazırkı strategiyası Ermənistanı yormaqdan ibarətdir. Yəni, əgər indiki şərtlər daxilində - Rusiya amili də nəzərə alınaraq - müharibə yolu ilə Ermənistanı məğlub etmək mümkün deyilsə, heç olmazsa işğalçının insanı və maliyyə itkilərinin artmasını sürətləndirmək lazımdır".
Rəsmi Bakının yeni strategiyasının isə "xalq diplomatiyası"nı genişləndirmək olduğunu deyən politoloq bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə ordunu gücləndirmək, yeni silahlar almaq və Rusiya-Türkiyə yaxınlaşmasından faydalanmaqla yanaşı "xalq diplomatiyası"na da üstünük verməyə başlayıb: "Ermənistan hakimiyyətinin qatı tənqidçilərinin noyabrın əvvəllərində Bakıda konfransa dəvət edilmələri də bu siyasətlə bağlıdır".
"Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma"nın yaradılmasına toxunan E.Şahinoğlu qeyd edib ki, Ermənistan tərəfdən platformanın yaradılması ilə bağlı birgə bəyanatı imzalamış şəxslər elə Bakıdakı konfransda iştirak edənlərdir: "Bəyanatda əsas fikir bundan ibarətdir ki, Azərbaycan və Ermənistan bir-birlərinin ərazi bütövlüklərini tanımaqla Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini sürətləndirməlidir. Ayrıca, sənəddə işğal altındakı torpaqların boşaldılması, qaçqınların geri qayıtması və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusunun müəyyənləşməsi hüququ vurğulanır. "Sülh platforması" hər iki ölkədən ictimai fəalların qoşulması üçün açıqdır.
Beləliklə, bu platormanın yaradılması Azərbaycanın uğuru sayıla bilər. Çünki platforma və orada qeyd olunan bəndlər Ermənistan cəmiyyətində Azərbaycanın ərazi bütövlüyünü qəbul edən insanların varlığını göstərir. Önəmli olan Ermənistanda Dağlıq Qarabağın Azərbaycana aid olduğunu qəbul edən insanların sayının artmasına nail olmaqdır ki, onlar bu ətrafda fikir mübadiləsini genişləndirməklə öz cəmiyyətlərinə təsir edə bilsinlər. Bu bir beyin oyunudur və bu oyunda da işğalçıdan irəli olmağı bacarmalıyıq".
Ceyhun ABASOV
çap et