525.Az

Strateji yol xəritəsi müasir dövrün tələbidir


 

VÜQAR BAYRAMOV: "SƏNƏD HAZIRLANARKƏN MÜASİR METODOLOGİYA, BEYNƏLXALQ TƏCRÜBƏ VƏ AZƏRBAYCAN İQTİSADİYYATININ XÜSUSİYYƏTLƏRİ NƏZƏRƏ ALINIB"

Strateji yol xəritəsi müasir dövrün tələbidir<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, dekabrın 6-da prezident İlham Əliyev "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" fərman imzalayıb.

Strateji yol xəritəsinin yazılmasında 400 nəfərə qədər xarici və yerli ekspert birbaşa iştirak edib. Bununla yanaşı, sənədin yazılması üçün 4 min nəfərlə 150-yə qədər görüş keçirilib. Yerli və xarici akademik dairələr, təhsil müəssisələri, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən 1 000-dən çox yazılı təklif verilib. Strateji yol xəritəsinin hazırlanmasında Nobel mükafatçılarından başlamış, Azərbaycanın sadə vətəndaşlarına qədər ən müxtəlif insanlarla müzakirələr aparılıb.

Yeni iqtisadi-strateji hədəflər üç mərhələli plan əsasında icra olunacaq. Birinci mərhələ üzrə 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, ikinci mərhələ üzrə 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və üçüncü mərhələ üzrə 2025-ci ildən sonrakı dövrə hədəf baxış müəyyənləşib. Fərmana əsasən, milli iqtisadiyyat perspektivi, neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın inkişafı, ixtisaslaşmış turizm sənayesinin inkişafı, logistika və ticarətin inkişafı, uyğun qiymətə mənzil təminatının inkişafı, peşə təhsili və təliminin inkişafı, maliyyə xidmətlərinin inkişafı, telekommunikasiya və informasiya texnologiyalarının inkişafı və kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafı üzrə strateji yol xəritələri təsdiq edilib.

Hesab olunur ki, yeni strateji plan Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyin və sosial rifahın daha da artırılmasını təmin edəcək. Qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında mövqeyi gücləndiriləcək və o, yüksək gəlirli ölkələr qrupuna daxil olacaq. Strateji yol xəritəsində strateji baxışa uyğun olaraq prioritetlər, tədbirlər və indikatorlar müəyyənləşdirilib.

Fərmanla müəyyən edilib ki, strateji yol xəritələrinin həyata keçirilməsinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirir. Eyni zamanda, Fərmanla təsdiq edilən strateji yol xəritələrində nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərinə görə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məsul olacaq.

Prezident Administrasiyası hazırlanacaq dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin bu Fərmanla təsdiq edilən strateji yol xəritələrinə uyğunluğunu təmin edəcək. Həmçinin, Prezident Administrasiyası Fərmanla təsdiq edilən strateji yol xəritələrinin icra mexanizmləri ilə bağlı təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər iqtisadi sahədə fəaliyyət istiqamətlərinə dair strateji planların, dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin hazırlanması zamanı bu Fərmanla təsdiq edilən strateji yol xəritələrinin müddəalarını rəhbər tutacaqlar.

Mövzu ilə bağlı "525"ə fikirlərini bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov qeyd edib ki, strateji yol xəritəsinin hazırlanması ilə ABŞ-ın "Baker & McKenzie" hüquq-konsaltinq şirkəti məşğul olub. Sənədin hazırlanmasında iştirak edən V.Bayramovun sözlərinə görə, dövlət başçısının tapşırığı ilə strateji yol xəritəsinin hazırlanmasına yerli ekspert və beyin mərkəzləri də cəlb olunmuşdu: "Praktiki olaraq, xarici konsorsium firmasının hazırladığı sənəd yerli ekspertlər tərəfindən yoxlanılıb, düzəlişlər edildikdən sonra ölkə prezidenti tərəfindən təsdiq olundu. Sənəd işlənərkən müasir metodologiya, beynəlxalq təcrübə və Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri nəzərə alınıb".

Azərbaycanın post-neft dövrünə qədəm qoyduğunu xatırladan ekspert qeyd edib ki, bu dövrdə yeni iqtisadi modelin tətbiqi vacibdir: "Post-neft dövrü artıq iqtisadi islahat və diversifikasiyaya fərqli yanaşma ortaya qoyur. Bu baxımdan təbii ki, belə bir sənədin hazırlanması müasir dövrün tələbi idi".

Mərkəz sədri deyib ki, sənəd həm ümumi iqtisadi inkişaf, həm də on bir əsas istiqamət üzrə strateji yol xəritəsini nəzərdə tutub: "Əsas hədəflər ümumi biznes mühiti, rəqabət qabiliyyətinin yaxşılaşdırılması, xarici investisiyanın cəlb edilməsi, özəlləşdirmənin davam etdirilməsi, liberallaşma və elektronlaşma ilə bağlı siyasətin genişləndirilməsidir. Eyni zamanda, hər bir sektor üzrə ayrı-ayrılıqda fəaliyyətlərin nəzərdə tutulması və monitorinq edilməsi yeni strategiyanın hədəfləri sırasındadır. Turizm, ağır maşınqayırma, neft-kimya sənayesi və digər sektorlar üzrə yol xəritəsinin hazırlanması həmin sahələr üzrə ixrac potensialının artırılması baxımından vacibdir. Bundan başqa kiçik və orta sahibkarlıq, ucuz qiymətə mənzil təminatı kimi strategiyalar da hazırlanır ki, bu da artıq konkret sahənin deyil, ümumi istiqamətin dəstəklənməsi deməkdir. Kiçik və orta sahibkarlığın inkişafı sahibkarların maliyə resurslarına çıxış imkanlarını artıracaq. Bu da imkan verəcək ki, Azərbaycan iqtisadiyyatı neft dominantlığına son qoyaraq kiçik və orta sahibkarlıq üzərində formalaşan bir iqtisadiyyat olsun".

Ekspert hesab edir ki, strateji yol xəritəsi Azərbaycanın iqtisadi inkişafı üçün yeni imkanlar yaradır: "Nəzərdə tutulan hər bir dövr üzrə həyata keçirilən fəaliyyət növbəti dövr üçün baza olacaq. Bu da dövrlər arasında ardıcıllığı qoruyub saxlamağa, islahatların fasiləsizliyini təmin etməyə imkan verəcək".

V.Bayramov qeyd edib ki, yeni yol xəritəsinin əvvəlki dövlət proqramlarından fərqi fəaliyyətlərin monitorinqi ilə bağlı konkret indiqatorların olmasıdır: "Bu, imkan verəcək ki, fəaliyyətlərin nəticəsini yoxlamaq mümkün olsun və müəyyənləşdirilsin ki, aparılan iş hansı səviyyədədir".

İqtisadçı ekspert Pərviz Heydərov isə hesab edir ki, strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Fərman ölkəmizin yaranmış yeni iqtisadi situasiya ilə əlaqədar müvafiq çağırışlara əsasən qədəm qoyacağı və ya başqa sözlə desək, seçməli olduğu növbəti inkişaf modelinin bir növ bünövrə mexanizmini müəyyən etməklə, buna konkretlik gətirir: "Məlum olduğu kimi, neftin dünya bazar qiymətlərinin əlverişsiz səviyyəyə enməsi, o cümlədən, ölkəmizdə neft hasilatının ümumiyyətlə getdikcə azalmaqda olmasıyla əlaqədar olaraq, ölkəmizin yeni iqtisadi inkişaf modelinə keçməsi zərurəti son 2 ildə daha çox həyacan siqnalı çalırdı. Bu səbəbdən də artıq, başa çatmaqda olan bu ilin əvvəlindən sözügedən məsələ xüsusən, prioritet seçildi. Yəni, demək istədiyim budur ki, bəzilərinin söylədiklərinin əksinə olaraq, hökumət yeni iqtisadi inkişaf modelinə keçməyin zəruri olduğunu çoxdan dərk edirdi. Qeyri-neft sektorunun inkişafı əslində, hələ illər öncədən prioritet seçilmişdi. Lakin post neft dövrünün belə tez yetişəcəyi gözlənilmirdi. Hansı ki, bu, rəsmi surətdə də açıq etiraf edilmişdi. Belə ki, hökumət əsasən, 2020-ci ildən sonrakı dövrü hədəf götürürdü. Ancaq təəssüf ki, bir sıra qlobal siyasi səbəblər - intriqa və problemlər üzündən sözügedən vəziyyət tez yetişdi. Başqa sözlə desəm, hökumət post neft dövrü ilə gözlədiyindən 4-5 il tez üzləşdi".

Ekspert xatırladıb ki, bundan əvvəl prezident tərəfiindən ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə 2016-cı il 16 mart tarixdə 1897 nömrəli Sərəncam imzalanmışdı ki, həmin sənəddə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri təsdiq edilmiş və həmin istiqamətlərə müvafiq olaraq da inkişaf planlarının işlənilməsini təmin etmək üçün müvafiq İşçi qrupu yaradılmışdı: "Məhz, həmin Sərəncama əsasən, sözügedən İşçi qrupu tərəfindən yerli və xarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin və elmi təşkilatların iştirakı ilə, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində milli iqtisadiyyat və iqtisadiyyatın özündə 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edən sayca 11 əsas sektor üzrə strateji yol xəritələrinin layihələri hazırlanmışdı. Fərmanda da qeyd olunur ki, layihələr açıq müzakirəyə verilmiş və yekun sənəd tərtib edilərkən maraqlı tərəflərin, o cümlədən, vətəndaş cəmiyyəti təsisatlarının və vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınıb".

P.Heydərov hesab edir ki, bundan sonra bütün atılacaq zəruri addımlar və tədbirlər, o cümlədən, görüləcək işlər, imzalanacaq hər bir sənəd məhz qeyd olunan sahələr və istiqamətlər üzlə hazırlanmış strateji yol xəritələrinə uyğun olmalıdır və olacaq: "Bu da hədəfə çatmaq üçün olduqca məqsədəuyğun və əhəmiyyətli xarakter daşıyacaq. Bircə sözügedən yolları addımlamaq qalır".

Ceyhun ABASOV

 





09.12.2016    çap et  çap et