525.Az

İsmayıllı rayonunda regional konfrans keçirildi


 

İsmayıllı rayonunda regional konfrans keçirildi<b style="color:red"></b>

Dekabrın 8-də İsmayıllıda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığıyla “Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyaşayış məkanı” mövzusunda regional konfrans keçirilib.

Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Fondun icraçı direktoru Vüqar Səfərli, Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Xidmətinin baş məsləhətçisi Müzəffər Talıblı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, bölgə üzrə milli-dini icmaların, habelə yerli və respublika miqyaslı qəzetlərin baş redaktorları iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Fondun icraçı direktoru Vüqar Səfərli ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə ölkəmizin multikulturalizm sahəsində mühüm uğurlar əldə etdiyini bildirərək, bu siyasətin son 13 ildə inamla davam etdirildiyini vurğulayıb. V.Səfərli qeyd edib ki, Prezident İlham Əliyevin 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi respublikamızda bu sahədə qazanılmış nailiyyətlərin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasını zəruri edir.

Azərbaycanda əsrlər boyu tolerant və multikultural mühitin formalaşdığını deyən V.Səfərli bunun nəticəsi olaraq hazırda müxtəlif etnik və dini icmaların nümayəndələrinin mehriban, dinc və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını qeyd edib. İcraçı direktor ölkəmizin multikulturalizm sahəsində əldə etdiyi tarixi nailiyyətlərin beynəlxalq miqyasda mütərəqqi model kimi qəbul olunduğunu və təqdir edildiyini vurğulayıb.

İcra hakimiyyətinin başçısı M.Sadıqov isə öz çıxışında multikulturalizm ili çərçivəsində Fond tərəfindən belə bir tədbirin təşkilinin rayonun dini-milli tolerantlıq və sivil birgəyaşayış sahəsindəki nailiyyətlərinin təbliği baxımından əhəmiyyətli olduğunu qeyd edib. O, rayonun bu sahədə mühüm uğurlara imza atdığını, burada 8 azsaylı xalqın nümayəndələrinin dinc və mehriban qonşuluq şəraitində yaşadıqlarını, etnik zəmində hər hansı insidentin baş vermədiyini xüsusi vurğulayıb.

Ölkə rəhbərliyinin yürütdüyü məqsədyönlü iqtisadi siyasət nəticəsində Azərbaycanın Cənubi Qafqaz iqtisadiyyatının 70 faizinə sahiblik etdiyini,  regionun aparıcı ölkəsinə çevrildiyini, habelə qlobal böhran şəraitində inkişaf etdiyini deyən M.Sadıqov bu siyasətin İsmayıllıda yaşayan azsaylı xalqların nümayəndələri tərəfindən də dəstəkləndiyini vurğulayıb. İcra hakimiyyətinin başçısı rayonda həyata keçirilən sosial-iqtisadi, mədəni layihələr, abadlıq-quruculuq işləri barədə də ətraflı məlumat verib. 

Daha sonra M.Talıblı “Multikulturalizm Azərbaycanda dövlət siyasətinin prioritet istiqaməti kimi”,  G.İsmayılov “Multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin həyat tərzidir”, “Trend” İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev “Multikultural dəyərlərin təşviqində medianın rolu”, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “Multikultural dəyərlər və Azərbaycanın dünyadakı yeri” mövzusunda çıxış ediblər.

Sonra məruzələr ətrafında müzakirələr başlayıb. İsmayıllı rayonunun İvanovka tam orta məktəbinin tarix müəllimi Nadejda Jabina, Qalacıq İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Təbriz Eminov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi Mərəhməd Mustafayev, Lahıc qəsəbəsindəki tam orta məktəbin müəllimi Dadaş Əliyev, Məhəmmədiyə məscidinin axundu Elnur Yusifov və din xadimi Ağakərim Novruzov mövzu ətrafında fikirlərini bölüşərək respublikamızda müasir dünya ölkələrinə nümunə olacaq multikultural cəmiyyət modelinin formalaşdığını vurğulayıblar.

Fondun icraçı direktoru V.Səfərli konfransın təşkilinə verdiyi dəstəyə görə İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirərək qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə xidmət edən bu cür tədbirlərin gələcəkdə də davam etdiriləcəyinə inamını ifadə edib.

Tədbiri yekunlaşdıran rayon icra hakimiyyətinin başçısı M.Sadıqov KİV rəhbərlərinin iştirakı ilə keçirilən konfransın rayon həyatı ilə bağı yeniliklərin ölkə ictimaiyyətinə obyektiv şəkildə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb və media ilə əlaqələrin genişləndirilməsindəki roluna görə Fondun rəhbərliyinə minnətdarlığını bildirib.

Ceyhun ABASOV

 





10.12.2016    çap et  çap et