525.Az

"Discovery Azerbaijan"ın növbəti buraxılışı çap olundu


 

"Discovery Azerbaijan"ın növbəti buraxılışı çap olundu <b style="color:red"></b>

Tanınmış modelyer-dizayner Gülnarə Xəlilova "Discovery Azerbaijan" jurnalının dekabr sayının siması seçildi.

Azərbaycanın geyim tarixi zəngindir, bir-birindən gözəl milli geyimlərimiz var. Bu geyimlərin hazırlanmasında, dünyada təbliğ olunmasında xüsusi rolu olan insanlardan biri, modelyer-dizayner Gülnarə Xəlilova ilə milli geyimlərimizin tarixinə boylanmaq, dünəndən bu günə dəyişən, müasirləşən geyimlərimiz haqqında bilgilər əldə etmək istəyirsinizsə, "Discovery Azerbaijan" jurnalının yeni sayını nəzərdən qaçırmayın. Amma bu, jurnalda yer alan maraqlı məqalələrdən yalnızca biridir...

“Discovery Azerbaijan” jurnalının  budəfəki səfərinin ünvanı isə zəhmət ətirli Şəmkir oldu. İllər öncə uzaq Altay vilayətindən gətirilmiş Şəmkir marallarından, özlərinin qalmadığı, izlərinin qaldığı almanların tikililərindən, IX əsrə aid qədim Şəmkirin qalıqlarından xəbərləri dərgidən oxuya bilərsiniz. Milli Məclisin bu bölgədən seçilən vəkili Sahibə Qafarova ilə söhbətin mövzusu da elə Şəmkir barəsindədir.

Jurnalın yaradıcı heyəti milli kinomuzun incilərindən olan "Əhməd haradadır?"ı çox arayıb-axtarıb, axır ki Əhmədi də elə "Şəmkirdə tapıb". Sən demə, filmin çəkilişlərinin bir hissəsi məhz bu rayonda aparılıbmış.

Vətəndən uzaqda Vətənin maraqları naminə xidmət göstərən, Azərbaycanı təmsil edən diplomatlardan biri – Batumidəki Baş konsulumuz Rəşad İsmayılovla söhbət də jurnalın yeni sayında öz əksini tapıb.

Ölkənin ən böyük on-layn ödəmə şirkətinin qurucusu Fərid İsmayılzadə ilə Azərbaycan gənclərinin uğur hekayəsi ilə də "Discovery Azerbaijan" jurnalının dekabr sayında tanış ola bilərsiniz.

Tarix əbədidir. Onu əbədi edən isə bizim tarix haqqında bilgilərimizdir. Tariximiz haqqında bilgilərinizi artırmaq üçün İçərişəhərin qədim hamamlarından bəhs edən məqaləni diqqətdən qaçırmayın.

Jurnalın əməkdaşının "Türklərin Kəbəsi" sayılan Ötükənə, Kutluq xaqanın, Kultegin xaqanın, Bilgə xaqanın, Tonyukukun vətəninə, əfsanəvi Orhon çayı və Orhon vadisinə səfərinin təfərrüatları da dekabr buraxılışında yer alıb.

Hər ölkənin özünəməxsus gözəlliyi, nəfəskəsən özəllikləri var, ancaq dünyada 7-dən 77-yə hər kəsin gedib görməyi arzuladığı ölkələr də var. İtaliya kimi... İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ciampaolo Kutillo ilə maraqlı müsahibə, bu ölkənin bir-birindən gözəl şəhərləri, turistik məkanları, dadlı təamları barədə məlumatlar da jurnalda işıq üzü görüb.

Ölkəmizi yenidən və birlikdə kəşf etmək üçün "Discovery Azerbaijan" dərgisini şəhərin köşklərindən soruşa bilərsiniz.

 





12.12.2016    çap et  çap et