525.Az

Əmrahsız qalan dağlar


 

Əmrahsız qalan dağlar<b style="color:red"></b>

Ağsaqqal yazıçımız Əli İldırımoğlunun yeni tamamladığı romanını oxucularımıza təqdim edirik.

(Əvvəli ötən şənbə sayımızda)

Əmrah bu dəfə Həsənxana sifariş göndərdi ki, yaxşı, mal-heyvanı vermir-verməsin, hamısından əl çəkirəm. Heç olmasa bizim bu yetim Sultanı göndər gəlsin. Yad yerdə bizə lazımdır.

Əmrahın bu sözünə Həsənxandan belə bir cavab gəldi:

- Yetim Sultanı erməninin əlindən mən qurtarmışam. Yoxsa onu da ermənilər çoxdan o dünyalıq eləmişdi. Sultan naxırımı otarır, onsuz ötüşə bilmərəm. Bu barədə məndən inciməsin.

Həsənxanda o cürət hardaydı Əmrahla bu dildə danışsın?! Onun qulağı çalmışdı ki, Əmrahın yarası ağırlaşıb, artıq yerindən qalxa bilmir, daha sağalmasına ümid yoxdur. Onunku bu gün-sabahlıqdır. Ona görə mənəm-mənəm deyib, yuxarıdan gedirdi və  Əmrahı çöp yerinə qoymurdu.

Əmrahın səhhəti nisbətən yaxşılaşmışdı. Bu söz-söhbətdən sonra elə bil onun yarasının qaysağını qanatdılar. Həyat yoldaşı ilə ikilikdə olanda yönünü Fatmaya çevirib dərin ah çəkdi. Və yanıqlı-yanıqlı belə bir söz dedi:

Dağlara qar qalandı,
Qar yağdı, qar qalandı.
Qarğalar laçın oldu
Laçınlar qarğalandı.

Əmrah bu kəlmələri işlədib yorğanı başına çəkdi. Ancaq gözünə yuxu getmədi. İlan vuran yatdı, Əmrah yatmadı. Keçdiyi yollar gözünün önünə gəldi. Təmasda olduğu insanları saf-çürük elədi. Xəyallandı. Ancaq qanadının biri olmadığından pərvazlana bilmədi.

Sübh tezdən İldırımı çağırdı:

- İldırım, atı çıxart, əməlli-başlı tumarla, sonra yəhərlə,-dedi.-Beşaçılanı da gətir. Çoxdan bəri at minmirəm, darıxmışam. Araz qırağını dolanıb, havamı dəyişmək istəyirəm.

İldırım xeyli sevindi. Atın üzəngisindən yapışıb, qardaşını yəhərin üstünə aşırdı. İstədi qardaşını tək buraxmasın, onunla birlikdə getsin. Ancaq Əmrah sifətini turşudub ona icazə vermədi.

Əmrah atını düz Horovlu kəndinin ortasına sürdü və Həsənxanı çağırtdırdı. Həsənxan “Əmrah gəlib” kəlməsini eşidəndə, elə bil suya düşmüş cücəyə döndü. Özünü-sözünü itirdi. Sifətdən-sifətə düşdü. Əmrahın hüzurunda yazıq görkəm alıb, dili dolaşa-dolaşa:

- Əmrah, səni belə gümrah gördüm, ürəyim dağa döndü, - deyib irəli  yeridi və Əmrahın atının cilovundan yapışıb əl vermək istəyəndə, Əmrah tüfəngin soyuq lüləsi ilə Həsənxanı geri itələdi və:

- Həsənxan, üzünə deyirəm: əvvəla, istəmirəm səhər-səhər əlim nakişi əlinə dəysin. Ona görə səninlə görüşmədim. İkincisi də, dəvə ölsə eşşəyə yükdü, toyuq ölsə bir çəngə tük. Özün yaxşı bilirsən ki, ölsəm, meyitimə yaxın düşə bilməzsən. Çünki səndə o qeyrət yoxdur. Çox danışıb vaxt itirmək istəmirəm. Gəlmişəm ki, təpənə iki güllə çaxım. Amma patronlarıma hayıfım gəlir. Əl-ayağım dəyməmiş bizim o mal-heyvanı qat Sultanın qabağına getsin. Sənin biqeyrət hərəkətlərin barədə sonra danışarıq.

Həsənxanın nitqi qurumuşdu. O, tez əl-ayağa düşüb, mal-heyvanı öz naxırından ayıraraq, yetim Sultanın qabağına qatdı. İstədi Əmraha təklif etsin ki, qonağım ol, ürək eləmədi. 

lll

Əmrahın hirsi hələ də soyumamışdı. O, geri dönəndə qaldığı evə çatar-çatmaz tək qolla göyə iki güllə atdı. Arvad-uşaq Əmrahın gümrahlaşdığını görəndə sevinib üzünü göyə tutdu. Allaha min dəfə şükr etdilər. Əmrah atdan düşüb içəri keçəndə İldırımı yanına çağırıb:

-İldırım,-dedi,-bu heyvanların bir neçəsini Allah yolunda kəndin əlsiz-ayaqsızlarına, kasıb-kusubuna payla. Kimdən də quzu almışıq, hərəsinin qapısına bir öyəc göndərərsən, qalanı da özümüzə lazım olar; gəlib-gedən qonaq-qoşağa kəsərsən...

Bir-iki gündən sonra Əmrahın qızdırması artmağa başladı. Yarasının ağrıları onu ərşə çəkirdi. Və artıq çətin nəfəs alırdı. Türkəçarə həkim onu yoxlayandan sonra:

- Yarası simliyib, - dedi. - Yəqin özünü bərk soyuğa verib.

Əmrah yaralı vəziyyətdə Həsənxanla haqq-hesab çəkib, ona qulaqburması vermək üçün Horovluya gedəndə Arazın sazağı onu bərk vurmuşdu. Yarası qövr eləmişdi.  Daha dava-dərman verməyin, həkim yardımı göstərməyin faydası yox idi. İş-işdən keçmişdi. Əmrahın sağalmasına ümid qalmamışdı...

Əmrahın sönük baxışları kiçik qardaşı İldırımın qəmli sifətində donub qalmışdı. Nə isə vəsiyyət etmək, nə isə qəlbindən keçənləri demək istəyirdi. Lakin əcəl aman vermədi. Əmrahın gözləri əbədi yumuldu. Onu Cəbrayılın Tinli məzarlığında torpağa tapşırdılar. Həmin an Arazdan, Bərgüşaddan, Həkəri çayından qalxan qərib quşlar dəstə-dəstə gəlib məzarlığın üstündən keçirdi. Sanki göydə uçan quşlar da Əmrahın dünyadan getməsinə yas tutmağa gəlmişdi.

Həmin ilin qışında bu yerlərə qalın qar yağmadı. Baharda həzin, seyrək yağışlar olurdu. Qara buludlar göyün üzərində cövlan etmirdi, ildırımlar şaqqıldayıb geniş çölləri lərzəyə gətirmirdi ki, qərib eldə uyuyan Əmrahın yaralı ruhu inciyər.

lll

Andranikin mənhus qoşunları Azərbaycan kəndlərini viranəliyə çevirib geri çəkilmişdi. Sağ qalan qaçqınlar yavaş-yavaş ermənilərin yandırıb alt-üst elədiyi yer-yurduna qayıdırdı. Əmrahın arvad-uşağı, qardaş-bacıları hamıdan axıra qalmışdı. Onlar Əmrahı qoyub gedə bilmirdi. Neçə dəfə qan-yaş tökə-tökə Əmrahın uyuduğu məzarlığa üz tutdular. Cəbrayıl dağlarından əsən sərin meh Əmrahın məzar daşına sığal vurub, çətin başa düşülən bir dildə arvad-uşağına, qardaş-bacılarına təsəlli verir, sanki deyirdi ki, bu səfalı-vəfalı dağlar gecə-gündüz onun keşiyini çəkəcək. Siz yaralı Əmrahdan nigaran qalmayın, arxayın gedin.

lll

Xosrov bəy Əmrahın başına gələn bütün bu qəzavü-qədərdən xəbərsiz idi. Bilsəydi, bəlkə də Andranikin təpədən-dırnağa silahlanmış nizami ordusunun qabağına qoşun göndərərdi; Əmrahı darda-amanda qoymazdı. Lakin Qarabağda Dronun silahlıları Xosrov bəyin başını qatmışdı. Ermənilər Qarabağda tüğyan edirdilər. Onlar Əsgəran qalasından keçib Qalaya, Xankəndinə can atırdılar. Xosrov bəyin məharəti sayəsində general Dronun bütün ordusu darmadağın edildi. Şuşa qalasında, Xankəndində azərbaycanlılar erməni qırğınından xilas oldular.

Sonra... Xosrov bəyin təzadlı günləri başlandı. Onu Azərbaycan Cümhuriyyətinin hərbi naziri qoydular. Qarabağ İnqilab Komitəsinin sədri işlədi... Etibar edilən bütün vəzifələrdə fədakarlıqla çalışdı. Sonra müəmmalı şəkildə vəzifəsindən kənarlaşdırıldı...

Xosrov bəy gərdişi-dövranın yeni ab-havasını görüb, başqa bir həyat yolu seçmək qərarına gəldi... Əvvəlcə dünyaya göz açdığı Laçının Kürdhacılı kəndinə vida görüşünə getdi. Göylərə baş çəkən dumanlı-çiskinli dağların zirvəsindən ətrafı seyr etdi. Keçdiyi əzablı yolların yazılmamış salnaməsini vərəqlədi. Çərxi-dövran Xosrov bəyi yad ölkələrə səslədi. Xəyalı Laçının bulud karvanına qoşulub onu qərib ellərə, yad ölkələrə çəkib apardı.

Həyatın sərt rüzgarı onu mühacirət yoluna sövq etdi. İran, Türkiyə, Fransa... Almaniya Tibb Universitetinin professoru kimi fəaliyyət göstərdi. Axırda Türkiyədə məskunlaşdı, orada da dünyasını dəyişdi.

lll

Əmrah qanlı-qadalı günlərdə sadiq dostu, etibarlı mirzəsi Nəzər Heydərovdan da ayrı düşmüşdü. Nəzər təzə ab-havanı görüb Bakıya üz tutdu. Neft buruqlarında əlləşdi. Mazutlu paltarda, elmin yolunda dizin-dizin irəliləməyə başladı. Moskva Sənaye Akademiyasını, Neft İnstitutunu başa vurdu. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə yüksəldi. Respublikanın üç rəhbərindən biri oldu. Belə bir yüksək zirvədə də nə Əmrahı, nə də ki Əmrahlı günlərini əsla unutmurdu. Əlinə qələm alıb “Zəngəzur dağlarında” kitabını yazanda, Əmrahın igidliyini də vəsf edirdi. Həmin kitabda Əmrahın işlətdiyi belə bir ifadə vardır: “Kişi başqasını qabağa verib, özü dalda-bucaqda gizlənməz”.

lll

Ermənilərin Azərbaycan kəndlərinə müdaxilə etməsindən neçə onilliklər keçmişdi. Ölkənin qayda-qanunları başqalaşmışdı. Vaxtilə Əmrah yüzbaşının mirzəsi işləmiş Nəzər Heydərov da əlçatmaz vəzifəyə yüksəlmişdi. İndi onun özünün neçə-neçə “mirzəsi” vardı. Lakin zaman Nəzərin insani xalisliyini dəyişməmişdi. Qalın meşələrin əhatəsindəki on-on beş evli Gürcülü kəndini, köhnə dostları, yoldaşları unudub yaddan çıxarmamışdı. Hərdən mirzəsi olduğu Əmrahın müdrik kəlamlarından, ibrətamiz sözlərindən, sadiq-sədaqətli dostluğundan, igidliyindən məmnunluqla danışırdı. Əmrahın axırını-aqibətini ürək ağrısı ilə dilə gətirirdi.

İşi nə qədər çox və mürəkkəb olsa da, vaxt tapıb Əmrahın yurd-yuvasına baş çəkmək, arvad-uşağının, qohum-əqrəbasının əzvayışından xəbər tutmaq arzusu onu əsla tərk etmirdi...

Bir gün maşına əyləşib rəvan olmayan, uzaq, həm də daşlı-kəsəkli yollarla Əliquluuşağına yollandı. Kəndə çatanda maşından düşüb, asta addımlarla piyada getdi. Məşədi Allahverən bulağına döndü. Tarixçəsini bildiyi bulağın saf, sərin suyundan içib, bir-iki ovuc da üzünə vurdu. Sonra ona tanış olan küçələrlə Əmrahın evinə doğru yönəldi. Qarşısına çıxan yaşlı adamlarla görüşüb əl tutdu. Əmrahın evinə çatanda dayandı, nə isə düşündü, xəyalı dolandı. Mütəəssir hisslər keçirtdi. Sonra həyətə daxil oldu. Əmrahın qardaş-bacıları, arvad-uşağı əlçatmaz qonağı sevinclə qarşıladı. O boyda mənsəb sahibinin gözlənilmədən gəlişi hamını heyrətə salmışdı. Nəzər bir-bir onların hal-əhvalını soruşdu. Əmrahın böyük oğlu Şiraslanın papağını qaldırıb, əlini onun saçlarında gəzdirdi və xoş təbəssümlə:

- Ə, sən o vaxt dəcəlin biriydin, ba

şında da balaca yara vardı. İndi, maşallah, yekəlib ağıllı-başlı kişi olmusan,-dedi. -Amma atan Əmraha oxşa, onun yolu ilə get, lazımsız-lüzumsuz işlərlə məşğul olub Əmrahın adını batırma.

Nəzər əlini cibinə salıb, içərisində pul olan bir neçə paket çıxartdı. İstədi Əmrahın qohum-övladına pul paylasın.

İldırım etiraz etdi:

- Nəzər, - dedi, - o çətin illərdə də ehtiyacın nə olduğunu bilməmişik. Dədə-babadan bəri çörək təknəmizin ağzı həmişə açıq olub. Sağlığına, heç nədən korluğumuz yoxdur. Bizə pul lazım deyil. Ancaq başın ağrımasa, mümkün eləyə bilsən, bir təvəqqəm var.

- Buyur, İldırım, buyur, - Nəzər dilləndi.

İldırım bir qədər çəkinə-çəkinə:

- Böyük bacımızı yaxşı tanıyırsan.

Nəzər İldırımın sözünü kəsdi:

- Şahxanımı demirsən, yaxşı tanıyıram. Onun çörəyini çox kəsmişəm, - dedi.

İldırım:

- Elə mən də onu deyirəm,- sözünə davam etdi. - Şahxanımın iki oğul  zürriyyəti vardı. Böyüyü müharibə vaxtı əsgərliyə getdi, qayıtmadı. Qara kağızı gəldi. Xırdası da bir az cavanlıq eləyib. Bir nəfərnən sözləri çəpləşib, dalaşıblar. İş düşüb məhkəməyə, ona üç il qazamat kəsiblər. Mümkün eləyə bilsəydin, ona bir kömək əli uzadardın.

Nəzər İldırımı axıra qədər dinlədikdən sonra, əl boyda kağız çıxardıb nə isə yazdı. Həmin kağızı da qatlayıb eynək qabına qoydu. Ancaq bir söz demədi.

Nəzər Əmrah barədə xeyli söhbət etdi. Sonra bir stəkan çay içib, ayağa qalxdı. Pencəyi qolunun üstündə kəndin həndəvərinə, ətrafdakı dağlara, yamaclara nisgilli nəzər saldı. Və başını təəssüflə yırğalayaraq:

- Əmrahsız qalan dağlar! - deyib dərindən köks ötürdü.

Sonra Əmrahın qardaş-bacıları, arvad-uşağı ilə xudahafizləşib Bakıya yola düşdü.

...Aradan on-on beş gün keçməmiş, Şahxanımın oğluna verilən üç il həbs cəzası şərti işlə əvəz olundu.

lll

Bərgüşad, Çay bağlarının yanından ötüb köpüklənə-köpüklənə dağları, dərələri aşaraq, Əmrahın uyuduğu məzarlığın yaxınlığından keçir və Xan Araza qovuşur. Baharda Bərgüşad, Çay bağlarının gül-çiçəyini ətirşahın yaşıl-yaşıl yarpaqlarına büküb Tinli qəbristanlığına tərəf aparır. Aparır ki, Əmrahın yaralı sinəsinə qoyub, ona şəfa versin. Qərib eldə uyuyan dağlar qartalının ruhu şad olsun.

(Son)

 





12.12.2016    çap et  çap et