525.Az

Mikayıl Müşfiq Minskdə anıldı - Foto


 

Mikayıl Müşfiq Minskdə anıldı - <b style="color:red">Foto</b>

Bugünlərdə Belarusun paytaxtı Minsk şəhərində Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetin nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetin Azərbaycan dili və Mədəniyyəti Mərkəzində Azərbaycan şairi Mikayıl Müşfiqin və Belarus şairi Maksim Boqdanoviçin yaradıcılığına həsr olunmuş poeziya axşamı keçirilib.

Tədbir çərçivəsində əslən Azərbaycandan olan belarus rəssamı Kamil Kamalın “Buludlar nəğməyə bənzəyərkən...” adlı rəsm əsəri və Azərbaycan ədəbiyyatının banisi sayılan Nizami Gəncəvinin heykəlinin təqdimatı keçirilib. Rəssamın işləri Azərbaycan dili və mədəniyyəti mərkəzinə hədiyyə olunub.

Tədbir “Sarı gəlin” azərbaycan ansablinin (bədii rəhbər - Olesya Kosoykina) ifasında təqdim olunan milli “Nəlbəki” rəqsi ilə açılıb.

Poeziya axşamında Azərbaycanın Belarusdakı Səfirliyinin  ikinci katibi Rüfət İlyasov, belarus-azərbaycan lüğətinin hazırlanmasında iştirak edən BDPU-in filologiya fakültəsinin dekanı professor Vasiliy Stariçenok, “Zvyazda” Nəşriyyat evinin müdiri və baş redaktoru Aleksandr Karlyukeviç, Azərbaycan dili və mədəniyyəti mərkəzinin müdiri Salatın Mirzəyeva, “Belarus Ensiklopediyası” redaksiyasının rəhbəri Tatyana Roslik, “Belarus” Beynəlxalq radiosunun rəhbəri, şair və tərcüməçi Naum Qalperoviç, “Nyoman” jurnalının baş redaktoru Aleksey Çerota, “Polımya” jurnalının baş katibi, şairə və tərcüməçi Yuliya Aleyçenko, belarus rəssamı Kamil Kamal, Belarus Milli Akademiyasının şöbə rəhbəri Akif Məmmədov, ədəbiyyatşünas Mikola Trus, dilşünas Viktor Kojura, ölkəşünas və publisist İvan Yaroşeviç və Qazaxstan şairəsi Lyubov Şaşkova iştirak ediblər.

Tədbirin qonaqları öz çıxışlarında şairlərin qısa həyat və yaradıcılıq yollarına baxmayaraq (Müşviq 30 yaş, Boqdanoviş 25 yaş) hər iki ölkənin ədəbiyyat tarixində qoyduğları dərin izlərdən, yazarların poeziyalarının oxşar və fərdiliyindən, yeni milli ədəbiyyatın yaradılması arzusunda olaraq  öz əsərlərində milli folklora böyük yer ayırmalarından və s. bəhs ediblər.

Mərkəzin dəyərli qonaqlarının məruzələrində həmçinin Azərbaycanın tanınmış ədəbiyyat xadimləri Hüseyn Cavid və Mikayıl Müşfiqin 1936-cı ildə Minsk şəhərində keçirilən poeziya axşamında iştirak etmələrindən danışılıb.

Poeziya axşamında belarus şairəsi Yuliya Aleyçenko tərəfindən Mikayıl Müşfiqin belarus dilinə tərcümə edilmiş əsərləri, Belarusun müxtəlif universitetlərində təhsil alan azərbaycanlı və belaruslu tələbələri (Dilşad Ağayeva, Leyla Məhərrəmova, Natalya Vlaskina, Alesya Proxoroveç) tərəfindən şairlərin əsərləri səslənib.

Tədbirdə Belarus və Azərbaycan arasında mövcud olan dostluq münasibətləri, iki ölkə arasında mədəniyyət “körpüsü” sayılan Bakı slavyan uvniversiteti və Balarus dövlət pedaqoji universiteti arasında yüksək səviyyədə aparılan əməkdaşlığı vurğulanıb.
 
Səfirliyin ikinci katibi Rüfət İlyasov azərbaycan ədəbiyyatının belarusda tanıdılması üçün aktiv fəalliyyət göstərən, həmçinin bir çox azərbaycan yazarlarının (Hüseyn Cavid, Mikayıl Müşfiq, Çingiz Əlioğlu, Leyla Əliyeva, Sevinc Nuruqızı və s.) əsərlərini belarus dilinə tərcümə olunmasında böyük rolu olan “Nyoman” və “Polımya” jurnallarına və “Zvyazda” Nəşriyyat evinə öz minnətdarlığını bildirib.

Tədbirin sonunda Belarus Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Vesnyanka" kollektivi (solistlər - Anna Veres və Marta Çeçeviç) tərəfindən belarus folklor əsərləri ifa olunub.

 





12.12.2016    çap et  çap et