525.Az

"Ədəbiyyatın dostları" klubu muzey ziyarətlərini davam etdirib


 

"Ədəbiyyatın dostları" klubu muzey ziyarətlərini davam etdirib<b style="color:red"></b>

Bugünlərdə Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən "Ədəbiyyatın dostları" klubunun üzvləri Milli İncəsənət və Tarix muzeylərini ziyarət ediblər.

Hər iki muzeydə təqdim olunan eksponatlara klub üzvləri böyük maraq göstəriblər.

Klubun rəhbəri yazıçı Pərvin gənclərin muzeylərdən necə zəngin təəssüratlar, məlumatlar aldığını söyləyib:

"Ötən ildən yaradılan bu klubun məqsədi gənclərda ədəbiyyata, kitaba, ümumiyyətlə incəsənətin bütün növlərinə marağı artırmaqdır.

Qısa müddətdə xeyli maraqlı görüşlər, tədbirlərimiz olub. Artıq demək olar ki, paytaxtımızda olan bir çox muzeyləri, həmçinin yazıçıların ev muzeylərini ziyarət etmişik. Ancaq bizim əsas məqsədimiz gördüklərimiz, aldığımız məlumatlarla bağlı təəssüratlarımızı yadda saxlamaq, möhkəmləndirməkdir. Ona görə tədbirlərdən əvvəl müəyyən məlumatları oxuyub, öyrənirik, sonra isə müzakirələr, fikir mübadilələri aparırıq.

Budəfəki ziyarətimizdə Hacı Zeynəlabidin Tağıyevin ev muzeyi klub üzvlərinə daha çox təsir etdi. Yəqin ki, yaxın günlərdə AYB-də də görüşlərimiz olacaq. Onu deyim ki, gənclər çox böyük maraq göstərir və belə tədbirlərə qatılmaq istəyirlər". Klubun rəhbəri arzu edən gənclərin onlara qatıla biləcəyini vurğulayıb.

Klubun üzvlərindən gənc filoloq Qətibə İncəsənət muzeyindən unudulmaz təəssüratlarla ayrıldığını bildirib:

"Bugünlərdə "Molla Nəsrəddin" dərgisi və onun ətrafında toplaşan ziyalılar, yazıçılar haqqında mühazirəmiz, seminarımız oldu. Ona görə bu muzeydə nümayiş olunan Əzim Əzimzadənin rəsmləri mənə daha çox təsir etdi. Bu yolla oxuduqlarımızı, öyrəndiklərimizi möhkəmləndiririk". 

MÜŞFİQ

 





13.12.2016    çap et  çap et